Prezidentliyə namizədlərdən siyasi mədəniyyət nümunəsi

Əksər rəqibləri İlham Əliyevin qələbəsini tanıdı

Azərbaycan ölkənin siyasi həyatı üçün əlamətdar olan daha bir tarix yazdı. Oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz konstitusion hüquqlarından istifadə edərək növbəti beş il müddətə prezidentini seçdi. Seçkidən əvvəl keçirilən rəy sorğularının nəticələri və ölkə vətəndaşlarının yüksək etimadının göstəricisi kimi Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı dövlət başçısı İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçildi. Mərkəzi Seçki Komisiyasının açıqladığı seçki nəticələrinə əsasən İlham Əliyev ölkənin aktiv seçici elektoratının 84,55 fazi səsini qazandı.
Oktyabrın 9-da keçirilən prezident seçkiləri və ona verilən qiymət bir neçə əlamətlərinə görə də fərqləndi. Birincisi, bu dəfə seçki prosesini izləyən beynəlxalq müşahidəçilər birmənalı olaraq seçkinin təşkili, səsverm\ prosesinin gedişi və seçici fəallığından razılıq ifadə etdilər. Hətta əvvəlki seçkilərdə müəyyən nöqsanlar tapmağa çalışan, müxalifət dairələrinə istinad edərək seçki prosesində hansısa saxtakarlıqlar olduğu iddiasında bulunan Avropa Şurası və ATƏT-in müşahidəçi qrupu da Azərbaycanda oktyabrın 9-da keçirilən seçkiləri təqdir etdi, onu ədalətli qiymətləndirdi. Eləcə də digər büynəlxalq təşkilat və qrumların müşahidə missiyaları da anoloji mövqe ortaya qoydular. Bəzi müşahidəçilər isə Azərbaycandakı seçkiləri demokratik cəhətdən nümunə kimi də göstərdi ki, bu da hakimiyyət orqanlarının doğurdan da seçkilərə ciddi hazırlaşdığı və qanunvericiliyin tələblərinə tam riayət edildiyini göstərirdi.
Seçkilərdə müşahidə edilən ikinci müsbət amil ildən-ilə, zaman keçdikcə siyasi mədəniyyətin fomalaşması, məğlub tərəfin qalib tərəfi təbrik etməsidir. Düzdür, bundan əvvəl keçirilən prezident seçkilərində də seçki mübarizəsinə qoşulan namizədlərin bəzisi seçkidə uduzduğunu etiraf edərək qalib şəxsi təbrik etmişdi. Lakin əvvəlki seçkilərdə bu dəfəki kimi mütəşəkkillik müşahidə olunmamışdı. Mərkəzi Seçki Komissiyası səsəvermənin nəticələrini elan etdikdən dərhal sonra seçkidə İlham Əliyevə alternativ olan əksəriyyət namizədlər mübarizədən məğlub ayrıldıqlarını etiraf edərək Yeni Azərbaycan Partiyasının namizədinin qələbəsini tanımış, onu təbrik etmişdilər.
Belə ki, prezidentliyə namizədlərdən Zahid Oruc Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrini hüquqi əsas kimi götürərək, ölkə Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib və ona can sağlığı arzulayıb. O, bildirib ki, 9 oktyabr tarixində Azərbaycan seçiciləri qarşıdakı 5 il üçün öz seçimlərini edərək, böyük səs çoxluğu ilə İ.Əliyevi növbəti müddətə ölkə prezidenti seçiblər. Prezidentliyə namizəd bunu bütövlükdə Azərbaycan xalqının nailiyyəti kimi xarakterizə edib.
Təqdir edilməli olan məqamlardan biri ondan ibarətdir ki, İlham Əliyevin seçkilərdə qələbə qazandığı müxalifət namizədləri tərəfindən də etiraf olunub. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, İlham Əliyevin seçkilərdə qalib gəldiyini etiraf edir və seçkidə uduzduğumu da qəbul edir: "Düzünü deyim ki, heç Milli Şuranın namizədi Cəmil Həsənli də İlham Əliyevi udmaq şansına malik deyildi. Çünki Milli Şura əvvəlcədən uğursuz bir seçki taktikası seçmişdi. İlk öncə Rüstəm İbrahimbəyovu irəli sürdülər, sonra Cəmil Həsənlinin namizədliyi ortaya çıxdı. Daha sonra Rəsul Quliyevin məlum açıqlamaları oldu. Yəni, demək istəyirəm ki, müxalifətin bütövlükdə bu seçkiləri udmaq şansı yox idi".
Ümid Partiyasının sədri İqbal Ağazadə də seçkinin nəticələrini tanıyan namizədlərdəndir. Partiya sədri bildirib ki, hər bir siyasi qüvvə doğru olan addımı atmalıdır: "Mən İlham Əliyevə uğurlar arzulayıram. İstərdim ki, bizim seçki təbliğatı zamanı səsləndirdiyimiz problemlər qısa zamanda həll olunsun və Azərbaycanda barış və dialoq yaransın".
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev də seçkilərin nəticələrini tanıyan və İlham Əliyevin qələbəsini təsdiqləyən namizədlərdəndir: "Ölkə prezidentini də təbrik edirəm. Düşünürəm ki, opponentlərimiz nəticələri təmkinlə qarşılamalı və İlham Əliyevi təbrik etməlidir".
Bundan başqa Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə də seçkilərdə İlham Əliyevin qələbə qazandığını bildirib, onu qələbə münasibətilə təbrik ediblər.
Maraqlıdır ki, bir müddət əvvəl Rusiyadakı Azərbaycan diasporu daxilində parçalanma yaradan, hakimiyyətə qarşı barışmaz mövqe sərgiləyən baş nazirin keçmiş müavini Abbas Abbasov da İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. "Azərros"-un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov ölkə başçısına növbəti prezidentlik fəaliyyətində uğurlar arzulayıb.  Dövlət başçısına ünvanlanan məktubda Abbas Abbasov qeyd edir ki, seçkinin nəticələri İlham Əliyevin xalq arasında yüksək nüfuzunun olduğunu təsdiqlədi:
Hazırda Birləşmiş Ştatlarda yaşayan, Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev də oktyabrın 9-da keçirilən president seçkilərinin legitimliyini tanıyıb.
Göründüyü kimi, son vaxtlara qədər mövcud hakimiyyətə, hətta dövlətçiliyə qarşı barışmaz mövqedə dayanan ayrı-ayrı siyasi qüvvələr və fərdi şəxslər də cəmiyyətin nümayiş etdirdiyi mövqe ilə razılaşmaq məcburiyyətində qalıblar. Xalq tərəfindən dəstəklənmədiklərini görən həmin qüvvələr və fərdlər İlham Əliyevin qələbəsini tanımaqla bir növ ortaya siyasi mədəniyyət qoymuş olurlar. Heç şübhəsi ki, bud a öz-özlüyündə xarici faktorlar tərəfindən müsbət məqam kimi dəyərləndirilir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00