Seçkinin demokratikliyini şübhə altına alanlara beynəlxalq müşahidəçilərdən tərs sillə

Azərbaycandakı seçkilər hətta bir sıra ölkələrə nümunə kimi də göstərildi

Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş 40 mindən çox müşahidəçi, o cümlədən 1400-ə yaxın beynəlxalq müşahidəçi və ATƏT Parlament Assambleyasını, QDİƏT, İƏT, ATƏT/DTİHB, GUAM, TürkPA və bu kimi müşahidə missiyaları apardıqları müşahidələrin nəticələrini açıqlamaqdadırlar. Səsvermənin gedişindən başlayaraq onun ilkin nəticələri elan edilən zamana qədər, həmçinin dünən gün ərzində müşahidə missiyalarının verdikləri açıqlamaları bir daha sübut edir ki, oktyabrın 9-da Azərbaycan daha bir azad və demokratik seçki keçirməklə bu prinsiplərə nə qdər sadiq olduğunu göstərib.  Ayrı-ayrı müşahidə missiyalarının, eləcə də müstəqil müşahidəçilərin açıqladıqları nəticələr və ortaya qoyulan mövqe bir tərəfdən seçkilərin azad və demokratik keçirildiyinin göstəricisidirsə, digər tərəfdən bu prosesin antidemokratik, ciddi qanun pozuntuları şəraitində baş tutduğunu iddia edənlərə vurulan tərs sillədir. Əgər əvvəlki seçkilərdə beynəlxalq müşahidəçilərin müəyyən bir qismi, daha dəqiq desək az bir hissəsi səsvermə prosesinin demokratik şəraitdə keçirildiyini şübhə altına alır, hətta nəticələri tanımaqdan belə imtina edirdilərsə, bu dəfə həmin mənfi tendensiyalar müşahidə edilmədi. Bunun başlıca səbəbi isə yuxarıda qeyd etdiyimiz kimi seçkilərin azad və demokratik şəraitdə baş tutması idi. Oktyabrın 9-da keçirilən səsvermə prosesini izləyən əksəriyyət beynəlxalq müşahidə missiyaları Azərbaycanda seçkilərin yüksək səviyyədə keçirildiyini vurğulayıb və bunu təqdir edib. Hətta bəzi beynəlxalq müşahidə missiyaları Azərbayvandakı səsvermə prosesini digər ölkələrə nümunə belə göstərib. Oktyabrın 10-da müşahidə missiyalarının gün ərzində açıqladıqları hesabatlarda bunu aydın görmək mümkündür.

Avropa İttifaqı və AŞPA-nın seçkilərlə bağlı yaymış olduğu birgə bəyanatda qeyd edilir ki, Azərbaycanda prezident seçkisi günü azad, ədalətli və şəffaf seçki prosesi müşahidə edilib. Bəyanatda Azərbaycan hökumətinin çoxlu sayda beynəlxalq və yerli müşahidəçilərin seçkiləri izləməsinə imkan yaratması təqdirəlayiq hal kimi qiymətləndirilir.
Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri Pino Alaççi bildirib ki, 9 oktyabrda keçirilən prezident seçkilərini izləmək üçün AŞ PA və Aİ nümayəndə heyətləri Azərbaycan höküməti tərəfindən dəvət olunub: "Nümayəndə heyətlərinin başçıları kimi biz seçki kampaniyasının və səsvermənin dinc şəkildə keçməsi münasibətilə Azərbaycan xalqını təbrik edirik." Onun sözlərinə görə, seçki günündən öncə və secki günü seçki prosesləri dinc həyata keçirilib: "Azərbaycan hökumətinin texniki hazırlığını görməkdən məmnunuq. Səsvermə günü secki məntəqələrində seçicilərə təzyiq müşahidə etmədik. Seçki qanunvericiliyə uyğun olaraq polis nümayəndələri seçki məntəqələrində olmayıb. Buna baxmayaraq, seçki çərçivəsində müəyyən təkmilləşmələr aparmaq yaxşı olar. Əvvəlki seçkilərlə müqayisədə daha azad debatlar keçirilib. Müxalifətə seçkilər zamanı müəyyən fürsət və imkan pəncərəsi açılıb. Bu, gələcəkdə inkişaf etdirilməlidir. Bu seçki prosesi bir baslanğıcdir".

Seçki prosesini izləyən Türkiyə Böyük Millət Məclisinin Ərdahan vilayətindən millət vəkili Ənsar Öyüt və Amasiya millət vəkili Ramiz Topal səsvermənin gedişi və seçki hazırlıqlarını yüksək qiymətləndiriblər. Seçki məntəqələrində veb-kameraların quraşdırılmasından danışan Türkiyə Böyük Millət Məclisinin üzvləri öz ölkələrində belə bu cür təcrübənin olmadığını deyiblər.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı apardığı müşahidənin nəticələrinə dair yaydığı hesabatda da seçkinin maksimum şəffaf və beynəlxalq standartlara uyğun olduğu əksini tapır. Mərkəzin rəhbəri Klod Monikenin sözlərinə görə, Azərbaycanın keçid dövründə olmasına baxmayaraq, ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilib: "ESISC missiyasının müşahidəçiləri Bakı, Sumqayıt və digər rayonlarda 200 seçki məntəqəsində, həmçinin səsvermənin hesablandığı 11 məntəqədə olublar. Müşahidəçilərin baş çəkdiyi məntəqələr arasında məhdud imkanlı insanlar üçün səyyar seçki məntəqəsi, Ədliyyə Naziliyinin Penitensiar Xidmətinin 11 saylı islah müəssisəsində səs vermək üçün xüsusi məntəqə, Bakıda hərbi hissələrin birində xüsusi seçki məntəqəsi və Bakıda məhdud imkanlı insanlar üçün 1 saylı xüsusi seçki məntəqəsi vardı". O, seçki prosesində gənclərin və qadınların fəallığını xüsusi vurğulayıb və seçkinin nəticələrinə dair hazırlanan sənəddə bunun qeyd edildiyini söyləyib: "Missiya üzvləri müşahidələrin nəticələrinə əsasən qeyd ediblər ki, yerli seçki komissiyalarına və milli müşahidə missiyalarına xeyli sayda qadın daxildir. Missiya nümayəndələri, həmçinin seçkilərdə seçicilər arasında gənclərin çoxluğunu və xeyli sayda yerli müşahidəçilərin olduğunu vurğulayıblar". Onun sözlərinə görə, müşahidəçilər səslərin hesablanması üçün məntəqələrdə qanunvericiliyin bütün normalarına ciddi riayət edildiyini xüsusi qeyd ediblər. ESISC müşahidəçiləri prosesin çətin olmasına baxmayaraq, islah müəssisələrində səsvermə prosesinin savadlı təşkilindən və məhdud imkanlı isnanların səs verməsi üçün səyyar məntəqələrin təşkilindən məmnunluqlarını ifadə ediblər.
Latın Amerikası və Karib dənizi Siyasi Partiyaları Təşkilatından (COPPPAL) olan müşahidə missiyası seçkinin demokratik keçirildiyi qənaətindədir. Missiyanın rəhbəri Qustavo Karvahal deyib ki, müşahidəçilər prezident seçkilərində Azərbaycan vətəndaşlarının iradəsinin azad şəkildə ifadəsinin şahidi oldular. Onun sözlərinə görə, missiya üzvləri səhər saatlarından etibarən seçicilərin yüksək fəallığını vurğulayıblar: "Seçkilər beynəlxalq normalara uyğun şəkildə keçirilib və seçicilərin seçdikləri prezident bundan sonra da ölkənin inkişafı üçün hər şey edəcək".

TürkPA müşahidə missiyası da seçkilərin azad və ədalətli şəkildə keçirildiyini açıqlayıb. Missiyanın rəhbəri Haluk İpək deyib ki, prezident seçkiləri dinc və sakit şəkildə, müvafiq beynəlxalq standartlara uyğun şəkildə keçirilib. Onun sözlərinə görə, seçkilərdə 72 faiz seçici iştirak edib ki, bu da yüksək göstəricidir: "Gənclər arasında yüksək seçici fəallığını yüksək qiymətləndirmək lazımdır. Azərbaycanda prezident seçkiləri ilə əlaqədar ölkədə hazırlıq və təşkilatı işlər də yüksək səviyyədə həyata keçirilib. Seçicilərin öz Konstitusiya hüquqlarını reallaşdırmaları üçün bütün şərait yaradılıb. Seçki məntəqələrinin texniki təchizatı da yüksək səviyyədə olub. Xüsusilə məntəqələrdə veb-kameraların quraşdırılmasını qeyd etmək istərdim. Bir sözlə həm seçki kampaniyası, həm də seçki prosesi qəbul olunan beynəlxalq standartlara uyğun şəkildə təşkil olunub". Missiya rəhbəri onu da qeyd edib ki, bütün müşahidəçilərə öz missiyalarını həyata keçirmələri üçün bərabər şərait yaradılıb.

TÜRKKON müşahidə missiyası da oktyabrın 9-da keçirilən seçkilərin demokratik qaydada baş tutduğunu açıqlayan təşkilatlardandır. Qurumun baş katibi Xəlil Akıncı bildirib ki, onların müşahidçilər missiyasında Qazaxıstan, Qırğızıstan və Türkiyədən 11 nəfər təmsil olunub: "Qarabağ bölgəsində olan yeganə beynəlxalq müşahidə missiyası TÜRKKON missiyası olub. Müşahidəçilərin müşahidə apardıqları məntəqələrdə problemlər qeydə alınmayıb. Bəzi məntəqələrdə "exit-poll" keçirilməsini də müşahidə etdik. Ümumilikdə bu seçki öz texniki imkanlarına görə ən mükəmməl seçki idi. Biz seçkilərdə qalib gələn Azərbaycan Prezidentini təbrik edirik".

Pakistan Parlamentinin müşahidə missiyası da Azərbyaycanda keçirilən prezident seçkilərini azad və demokratik adlandırıb. Pakistan parlementinin senatoru Müshaid Hussain Sayed bildirib ki, müşahidə misiyasının tərkibində 6 siyasi partiyanın nümayəndələri, həmçinin kiçik mətbuat qrupu daxil olub: "Biz 15 seçki məntəqəsində müşahidə aparmışıq. Səsvermə prosesindən çox razı qalmışıq. Seçki çox dinc və şəffaf keçirilib. Seçicilərə heç bir təzyiq olmayıb, səsverməyə müdaxilə edilməyib. Seçicilər çox sərbəst seçki məntəqələrinə gələrək öz layiq bildikləri namizədinə səs veriblər. Biz seçkinin nəticələrini yüksək qiymtələndiririk və bunu Azərbaycanda demokratiyanın qələbəsi hesab edirik".

"Ədalətli Seçkilər Uğrunda" müşahidə missiyası da Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinin legitimliyini tanıyan hesabat qəbul edib. Hesabatda qeyd olunub ki, seçkilər baş tutmuş hesab edilir. Seçki prosesi optimal təşkil olunub. Prezidentliyə namizədlərin, müşahidəçilərin, seçkinin digər iştirakçılarının hüquqları təmin edilib. Seçki kampaniyasının gedişi, səsvermə günü açıq və şəffaf, vicdanlı keçirilib. Bu, seçkinin nəticələrinin leqal və legitim tanınmasına şərait yaradıb"..Missiyanın Almaniyadan olan müşahidəçisi Mixael Hohendahl də seçkilərin baş tutduğunu deyib: "Seçkilər yüksək nəticələrlə keçib. Nəticəyə təsir edən ciddi qüsurlar qeydə alınmayıb. Nəticələri qanuni və legitim sayırıq". Çexiyadan olan müşahidəçi, ATƏT-in sabiq vitse-prezidenti Anna Çurdova isə deyib ki, seçicilərin fəallığına hörmətlə yanaşır: "Mərkəzi Avropa ölkələrində bu qədər fəallıq olmur. Məntəqələrdə xırda qüsurlar olub. Lakin bu, nəticələrə təsir edən qüsurlar deyil". Çexiyadan olan senator Vladimir Driml da qeyd edib ki, müşahidə etdiyi məntəqələrdə seçkilər azad, demokratik, şəffaf, ədalətli və açıq şəkildə keçirilib.

Fransanın beş partiyasını təmsil edən fransız  müşahidəçilər Quba rayonunda monitorinq keçirib və missiyanın heç bir pozuntu müşahidə etmədiyini təsdiqləyiblər. Fransa Senatından olan missiyanın rəhbəri Natali Qule bildirib ki, on il bundan əvvəl o, İlham Əliyevin qalib gəldiyi ilk seçkilərdə missiyanın üzvü kimi iştirak edib və ona görə də ölkə ilə yaxşı tanışdır: "Mən nə dediyimə görə məsuliyyət daşıyıram. On il ərzində mən Azərbaycanda seçki sisteminin inkişafında böyük inkişaf gördüm".

Azərbaycanda prezident seçkilərini müşahidə edən Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu da seçki ilə bağlı rəyini açıqlayıb. Qrupun üzvü, estoniyalı siyasətçi Nikolay Meinert seçkilərin demokratik şəkildə həyata keçirildiyini deyib: "Biz burada qısamüddətli missiya üçün gəlmişdik və ancaq seçki gününü müşahidə etdik. Müşahidələrimizdən deyə bilərik ki, nəticələr seçicilərin iradəsini əks etdirir. Əlbəttə, hansısa texniki səhvlərə fikir verdik, amma hər hansı texniki problemlər nəticəyə heç bir təsir göstərməyib". Səsvermə günü bir çox seçki məntəqələrində olduğunu deyən qrupun digər üzvü, Avstriya Parlamentinin deputatı Qerhard Huber seçkilərin texniki baxımdan lazimi səviyyədə təşkil edildiyini vurğulayıb: "Mən hər hansı bir zorakılıq halına və ya qanun pozuntusuna yol verildiyini müşahidə etmədim. Yəni seçkilərin azad və şəffaf şəkildə keçirildiyini deyə bilərik". Nikolas Qriff də  müşahidələrinin müsbət nəticə doğurduğunu qeyd edib. O, müxalifətin bəzi nümayəndələrinin ona şikayət etdiyini deyib: "Onların şikayəti ziddiyət təşkil edirdi, ancaq mən gün ərzində çalışdım ki, müxalifət üzvlərinin dedikləri şikayətlə bağlı hər hansı bir sübut tapım, ancaq tapa bilmədim". N.Qriffin əlavə edib ki, seçkilər zamanı hansısa pozuntulara və ya təzyiqlərə rast gəlməyib: "Seçkilər azad və demokratik şəkildə keçirildi".

Litva Parlamentinin deputatı Linas Balsys Bakıdan kənarda da seçki məntəqələrində olduğunu deyərək qeyd edib ki, vəziyyət heç də Bakıdakından fərqli deyildi: "Seçki ardıcıllığı və qanunlara riayət olunması yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda yerli müşahidəçilərin də çox olması məni çox sevindirdi. Onlar çox fəal idilər, bizimlə əməkdaşlıq edirdilər. Biz yüksək seçki fəallığını da müşahidə etdik ki, bu da ən mühüm göstəricidir".

Avropa Akademiyasının Seçkiləri Müşahidə Missiyası da Azərbaycanda keçirilən prezident seçkilərilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, missiyaya Avropa İttifaqının 24 ölkəsi və Kanadanı təmsil edən 135 deputat və siyasi ekspertlər daxil olub. Missiya 125 seçki dairəsindən 45-də olub. Bəyanatda bildirilir ki, 2013-cü il 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara müvafiq və 2009-cu ilin referendumunda təsdiqlənmiş yeni Seçki Məcəlləsi əsasında keçirilib. Sənəddə bildirilir ki, ölkədə çoxsaylı məcburi köçkünün olmasına baxmayaraq, müşahidəçilər seçicilərin qeydiyyatı ilə bağlı mühüm problemlər müşahidə etməyiblər. Qeyd olunub ki, müşahidəçilər namizədlərə pulsuz və ödənişli efir vaxtının verilməsini və mətbuatda nəşr üçün yer ayrılmasını müsbət qiymətləndiriblər. Bəyanatda həmçinin deyilir ki, seçicilərin yüksək fəallığı müşahidə edilib və seçkilər dinc şəkildə keçirilib: "Seçki komissiyası və digər aşağı səviyyəli komissiyalar seçkilərə texniki baxımından hazır idi və seçkilər yaxşı təşkil olunub. İştirak sərbəst və könüllü idi, seçki məntəqələrə getməklə bağlı məhdudiyyətlər yox idi. Səslərin hesablanması və nəticələrin açıqlanması sərbəst aparılıb". Sözügedən təşkilat bildirib ki, bu il keçirilən seçkilər demokratiyanın nisbətən gənc olduğu Azərbaycanda demokratik seçkilərin möhkəmlənməsi, beynəlxalq standartlara müvafiqliyi baxımından növbəti irəliləyişin göstəricisidir.

Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Binev Slavi də hesab edir ki, Azərbaycanda keçirilən prezident seçkiləri çox şəffaf və beynəlxalq standartlara uyğun şəkildə olub. Apardığı müşahidələrin nəticəsi olaraq belə qənaətə gəldiyini deyən bolqar müşahidəçi seçkilərə hazırlığın da yüksək səviyyədə olduğunu söyləyib.

Litva Parlamentinin deputatı Linas Balsis seçki gnü apardığı müşahidələrin nəticəsi olaraq bildirib ki, Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirilib. Seçkilərdən əvvəlki və sonrakı müşahidələriə əsasən, seçkilər zamanı bəzi kiçik problemlərə rast gəlindiyini deyən litvalı deputat bununla belə onların yekun nəticələrə heç bir ciddi təsiri olmadığını qeyd edib. Onun sözlərinə görə, litvalı müşahidəçilər qrupunda Azərbaycandakı president seçkiləri haqqında yaxşı təəssürat formalaşıb: "Bizim qrup bu nəticəyə gəldi ki, bəzi problemlərə baxmayaraq, ümumi mənzərə müsbətdir. Düşünürük ki, seçkilər ədalətli oldu və insanlar da öz seçimlərini azad şəkildə etdilər. Digər ölkələrlə müqayisədə seçki prosesləri arasında çox böyük fərq görmürəm. Azəbayvanda Avropa standartlarına cavab verən seçkilər keçirildi. Bu bir faktdır ki, dünyanın müxtəlif ölkələrindən təxminən 1200 nəfər seçkilərə müşahidə etmək üçün Azərbaycana gəlib. Bu da o deməkdir ki, bu seçkilər, Azərbaycandakı demokratiya dünyanın bütün ölkələri üçün çox əhəmiyyətlidir. Biz, həmçinin Azərbaycanın yeni Seçki Məcəlləsinə də nəzər saldıq. Belə nəticəyə gəldik ki, bu çox ciddi qanundur. Bütün prosedurlar aydın şəkildə burada öz əksini tapıb. Ümumi təəssürat çox yaxşıdır."

Bolqarıstan Parlamentindən olan müşahidə missiyasının üzvü Həmid Həmid isə deyib ki, oktaybrən 9-da Azərbaycandan demokratiya öyrəndik, əsl demokratiyanın necə olduğunu gördük: "Dünən bir qalib - Azərbaycan xalqı var idi. Qısa müddət ərzində Azərbaycan xalqı demokratiyanın yüksək səviyyəsinə nail olub".

Beynəlxalq "İDEES" qeyri-hökumət təşkilatlarının müşahidə missiyası Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.
Məlumat üçün qeyd edək ki, missiyaya Afrika, Asiya, Latın Amerikası və Avropanın 37 ölkəsini təmsil edən 52 parlamentari və eksperti daxil olub. Seçki günü müşahidəçilər Bakıda və 5 rayonda 26 seçki dairəsində fəaliyyət göstəriblər. Onlar 450 seçki məntəqəsini ziyarət ediblər. Qrupun hazırladığı bəyanatda qeyd edilir ki, seçki günü ölkədə vəziyyət sakit və dinc olub, yerli hakimiyyət orqanları və polis tərəfindən seçkinin gedişinə müdaxilə olunmayıb: "Seçki məntəqələrinin çoxunda müxtəlif siyasi partiyalara mənsub yerli müşahidəçilər də var idi. Səslərin hesablanması açıq və şəffaf keçirilib.

Birləşmiş Ştatların Müstəqil Siyasi Monitorinq Mərkəzinin müşahidə qrupu Azərbaycanda keçirilən prezident seçkilərilə bağlı rəyini açıqlayıb. ABŞ-dan olan hüquqşünas Tia Mkittrik qrupa daxil olan insanların başqa bir çox ölkələrdə də seçkiləri müşahidə təcrübəsinə malik olduqlarını diqqətə çatdırıb. O qeyd edib ki, qrupun üzvləri Bakıda və Bakıdan kənarda bir çox seçki məntəqələrində müşahidə aparıblar. Qrupun rəyini açıqlayan Müstəqil Siyasi Monitorinq Mərkəzinin rəhbəri Lida Lavsin isə qeyd edib ki, seçki məntəqələrində texniki işlər və səsvermənin təşkili beynəlxalq standartlara cavab verib: "Mütəxəssislərimiz heç bir seçki məntəqəsində Seçki Məcəlləsinə zidd hallarla rastlaşmayıblar. Seçki zamanı həm yerli, həm də beynəlxalq müşahidəçilər seçkiləri sərbəst şəkildə izləyə bilirdilər. Seçki prosesinin bütün iştirakçıları prosesin tam yüksək səviyyədə təşkil olunduğunu bildirib. Məntəqə seçki komissiyalarının üzvləri seçki qanunvericiliyi ilə tam tanış idilər və istənilən sualı izah edə bilirdilər. Mütəxəssislərimiz hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar". Qrupun digər üzvü, Polşa Seyminin deputatı Andrej Romanek isə bildirib ki, səsvermə tamamilə qanunauyğun şəkildə keçirilib və insanların seçim hüquqları tam təmin olunub: "Biz hansısa qanun pozuntusuna rast gəlmədik. Seçki prosesi yüksək şəkildə təşkil olunmuşdu və səsvermə prosesi şəffaf keçirilirdi. Müşahidə missiyamızın yekun rəyi ondan ibarətdir ki, seçkilər şəffaf, demokratrik və beynəlxalq standartlara uyğun keçirildi. Seçkilər Azərbaycan vətəndaşlarının iradəsini ifadə etdi və seçicilər öz seçimlərini etdilər".

Qara Dəniz Ölkələri Vətəndaş Dialoqunun müşahidə qrupu da Azərbaycanda keçirilən prezident seçkilərilə bağlı bəyanat qəbul edib. Bu barədə məlumat verən Rusiya İctimai Palastasının sədri Sergey Markov bildirib ki, müşahidəçilər öz missiyasını həyata keçirməyə oktyabrın 7-də başlayıblar və missiyanın fəaliyyəti Azərbaycan və beynəlxalq qanunlara uyğun keçirilib: "Seçki məntəqələrdə lazımı şərait yaradılıb, minə yaxın məntəqədə veb-kameralar quraşdırılıb, ərazi seçki komissiyaları tərəfindən səhhəti ilə bağlı seçkilərə gələ bilməyən insanlar üçün şərait yaradılıb. Müşahidələr zamanı bəzi nöqsanlar da aşkar edilib, məsələn, bəzi seçki məntəqələrdə seçici sıxlığı olub, bu da bəzi problemlər yaradıb. Bir seçki məntəqəsində "exit-poll" elə məntəqənin içində keçirilib".

Azərbaycanda prezident seçkilərinin yekunları hindistanlı müşahidəçilər tərəfindən də müsbət qiymətləndirilib. Bu ölkədən olan müşahidəçilər missiyasının bəyanatında bildirilir ki, seçkilər Azərbaycan qanunvericiliyinə uyğun şəkildə keçirilib. Müşahidəçilər qrupu, o cümlədən seçkilərin keçirilməsini ölkənin demokratiya yolunda inkişafına addım kimi qiymətləndirib: "Səsvermə prosesini beynəlxalq müşahidəçilər də daxil olmaqla xeyli sayda müşahidəçi izləyib. Hindistandan olan müşahidəçilər qrupu seçki məntəqələrində qanun pozuntusu qeydə almayıb. Missiya üzvləri, o cümlədən siyasi partiyaların nümayəndələri ilə görüşüblər. Müşahidəçilərin sözlərinə görə, onlarda hər hansı bir qayda pozuntusu qeydə almayıblar".

Qeyd edək ki, oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu olub. Seçkinin ilkin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatda bildirilir ki,  ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 99,53 faizindən daxil olan protokollara əsasən, 84,59 faiz səslə seçkilərin qalibi olub.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00