Konstitusiya Məhkəməsi seçkinin nəticəsini 14 günə təsdiqləyəcək

Ölkə qanunvericiliyinə görə, Azərbaycanda keçirilən prezident seçkiləri Konstitusiya Məhkəməsinin qərarı ilə yekunlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan etməlidir.

Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir. And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir. Məlumat üçün qeyd edək ki, prezident seçkilərinin nəticələri bəllidir. Ən son məlumata görə, hakim Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd İlham Əliyev indiyədək hesablanan bülletenlərə əsasən, 84,59 faizlə (3118287 səs) ölkə prezidenti seçilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00