İsraildə “Xocalıya ədalət” sərgisi

"Xocalıya ədalət" kampaniyası çərçivəsində bu ilin fevralında Tel-Aviv Universitetinin Diaspora Muzeyində açılan fotosərgi İsrailin digər bir böyük şəhəri Netanyada davam edir. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan "Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildəki fotosərgilərin təşkilini Heydər Əliyevin Fondunun və "STMEGİ" Dağ Yəhudilərinin Beynəlxalq Təşkilatının dəstəyi ilə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası həyata keçirir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı əks etdirən sənədli fotolar Netanya şəhərinin mərkəzi kitabxanasında sərgilənir. Sərginin açılış mərasimində Netanya şəhərinin bələdiyyə üzvləri, ictimai təşkilatların rəhbərləri, müxtəlif cəmiyyətlərin təmsilçiləri, şəhər sakinləri və İsrail kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Azİz-in idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut deyib ki, dünya bu cinayətin təkcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldiyini bilməlidir: "Faktlar təsdiq edir ki, Xocalı şəhərinin dinc əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara təkcə azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşıyıb. Bu gün Ermənistanda yüksək vəzifə tutan insanlar - Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları törədilmiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı soyqırımına beynəlxalq hüquqi, siyasi qiymət verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00