COPPPAL müşahidə missiyasının rəhbəri: Müşahidəçilər Azərbaycan vətəndaşlarının iradəsinin azad şəkildə ifadəsinin şahidi oldular
10 Oktyabr 2013 13:17 SiyasətMüşahidəçilər prezident seçkilərində Azərbaycan vətəndaşlarının iradəsinin azad şəkildə ifadəsinin şahidi oldular. Bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Latın Amerikası və Karib dənizi Siyasi Partiyaları Təşkilatından (COPPPAL) olan missiyanın rəhbəri Qustavo Karvahal bildirib.
Karvahalın sözlərinə görə, missiya üzvləri səhər saatlarından etibarən seçicilərin yüksək fəallığını vurğulayıblar.
O bildirib ki, seçkilər beynəlxalq normalara uyğun şəkildə keçirilib və seçicilərin seçdikləri prezident bundan sonra da ölkənin inkişafı üçün hər şey edəcək.
Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.
Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.