“Səsvermə prosesini izləyən KİV nümayəndələrinə heç bir maneçilik yaradılmayıb”
9 Oktyabr 2013 12:16 Siyasət"Səsvermə prosesinin ilkin müşahidələri onu deməyə əsas verir ki, səsvermə zamanı seçkinin nəticələrinə təsir edə biləcək hər hansı qanun pozuntusu qeydə alınmayıb". Belə bir açıqlama ilə çıxış edən Jurnalist-QHT Koalisiyasının rəhbəri Seymur Verdizadə "OLAYLAR"-a deyib ki, seçki məntəqələrində səsvermə prosesini izləyən kütləvi informasiya vasitələri nümayəndələrinə də heç bir maneçilik törədilməyib. Seymur Verdizadə bildirib ki, Jurnalist-QHT Koalisiyası saat 13:00-da özünün ilkin hesabatını da açıqlayacaq: "Hazırda bizim koalisiyanın müşahidəçiləri 15 dairə, 150 məntəqədə seçki prosesini izləyir. Onlar arasında Azərbaycanın tanınmış media nümayəndələri də var. Bunların sırasında "Zərdabi" Mətbuat Mərkəzinin rəhbəri Rəhim Hüseynzadə, "RUH" Azərbaycan Jurnalistlərinin Müdafiə Komiəsinin sədri Əvəz Rüstəmov, Xanoğlan Əhmədov, MİA-nın redaktoru Zaur Əhməd, Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədr müavini Maarif Bayramov və "Türküstan" qəzetinin baş redaktoru Aqil Camalın adını qeyd etmək olar. Həmin şəxslər paytaxtın müxtəlif rayonlarında koalisiyanın müşahidəçisi kimi seçki prosesini izləməklə məşğuldurlar"
Qeyd edək ki, Jurnalist-QHT Koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı "2013-cü ilin preziddent seçkilərinin monitorinqi" adlı layihə həyata keçirir.