Sumqayıtlılar növbəti 5 ilin prezidentini seçir

Bu gün səhər saat 08:00-da Sumqayıtda fəaliyyət göstərən 132 seçki məntəqəsinin hamısında səsvermə başlanıb. AZADİNFORM xəbər verir ki, sumqayıtlılar növbəti beş il üçün Azərbaycan Prezidentini seçməklə respublikamızın çiçəklənməsinə və tərəqqisinə səs verirlər.Hələ səsvermənin başlanmasına bir neçə saat qalmış şəhərin telekommunikasiya şəbəkələrinin əməkdaşları dairə seçki komissiyalarının sədrləri ilə birlikdə məntəqələrə baş çəkib, seçkilərin gedişini müşahidə etmək üçün quraşdırılmış veb-kameraları bir daha yoxlayıb, müvafiq aparatları tənzimlənib, onların sabit işləməsinin təmin edilməsi üçün zəruri tədbirlər görüblər.
Bu seçkilərdə ilk olaraq əlillərin seçki prosesində iştirak etmələri üçün müvafiq məntəqələrdə panduslar quraşdırılıb, habelə gözdən əlil şəxslər üçün isə Brayl əlifbası ilə bülletenlər hazırlanıb.
Coratda yerləşən 13 nömrəli seçki məntəqəsində səsvermə MDB-dən olan iki müşahidəçinin iştirakı ilə başlanıb. Bu seçki məntəqəsi 44 saylı Sumqayıt üçüncü seçki dairəsinin əhatə etdiyi ərazidə yerləşir. Dairə üzrə 350 nəfərdən artıq yerli və xarici müşahidəçi səsverməni izləmək üçün qeydiyyata alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00