Həcc ziyarətinin keçirildiyi Məkkədə səsvermə olacaq
Məkkədə baş tutacaq səsvermədə iştirak edəcək Hacı Allahşükür Paşazadə tarixdə tasadüf olan bu hadisənin xalqımız üçün böyük xeyir gətirəcəyi qənaətindədir
9 Oktyabr 2013 11:02 SiyasətPrezident seçkisi ilk dəfə olaraq bu günlərdə Həcc ziyarətinin keçirildiyi Məkkədə də baş tutacaq. Bu məqsədlə müqəddəs torpaqda seçkilərə hazırlıq işləri başa çatıb. İlk dəfə olaraq Məkkədə dövlət tədbiri keçirildiyindən bunu tarixi hadisə də adlandırmaq olar. Amma heç bir siyasi aksiyaları olmayan Səudiyyə Ərəbistanı üçün bu hadisə qeyri-normal hesab edilə bilər. Elə buna görə də rəsmi Bakı üçün bu razılığı almaq heç də asan olmayıb. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bu məqsədlə Məkkədədir.Seçkinin təşkili ilə bağlı ən son məlumatları Məkkədən ANS-in xüsusi müxbiri Qənirə Ataşova verəcək.Həcc ziyarəti üçün Məkkədə olan 3500 zəvvarımız öz səslərini Məkkə şəhərindəki "Alnuzha" otelində yaradılan 17 saylı Yasamal 3 seçki dairəsinin 46 saylı məntəqəsində verəcəklər. Səudiyyə Ərəbistanın qaydalarına görə, Məkkə şəhərində dövlət tədbirlərinin keçirilməsi qadağan olsa da Azərbaycan üçün bu məsələdə istisna təşkil edilib. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev deyir ki, səfirlik çətində olsa bu məsələni həll edə bilib.Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə də öz səsini bu məntəqədə verəcək. O, tarixdə tasadüf olan bu hadisənin xalqımız üçün böyük xeyir gətirəcəyi qənaətindədir.Mərkəzi seçki komisiyyası bu məntəqədə səsvermənin baş tutması üçün gərəkli olan bütün avadanlıqları - seçki qutuları, bülletenlər və kabinalar göndərib. Bu seçkidə maraqlı məqamlardan biri də komissiya üzvülərinin təşkil olunmasıdır. 6 komisiyya üzvü ziyarətə gələn zəvvarlardan ibarətdir. Səudiyyə Ərəbistanında secki məntəqələrindən biri də paytaxt Ər Riyadda qurulub."Paytaxt Ər Riyaddakı seçki məntəqəsində təxminən 900 vətəndaşımız səs verəcək. Ümumilikdə dünyanın 36 nöqtəsində azərbaycanlıların səs verməsi gözlənilir ki, onlar arasında həmişə Türkiyə və Rusiyada vətəndaşlar çoxluq təşkil edib. Bu ölkələrdə maksimum 100 nəfər səs verirdi. Bu dəfə isə Məkkə həqiqətən də istisnadır. İlk dəfə olaraq 3500 vətəndaşımız vətəndən kənarda prezident seçkisi üçün hüququndan istifadə edəcək".