“Suriya hadisələrinin Qafqaz bölgəsinə təsir etmək imkanları yoxdur” - Asim Mollazadə

“Rusiya amili bu regionda çox güclüdür”

Alim \"OLAYLAR"İA\ "Həm Cənubi Qafqaz bölgəsində, həm də ümumiyyətlə keçmiş SSRİ ərazisində mövcud olan bütün münaqişələri birləşdirən, bir-birinə oxşadan bir amil var. Əgər biz bu münaqişələrin coğrafiyasına baxsaq, bu coğrafiya Rusiya hərbi bazalarının mövcudluğu ilə üst-üstə düşür". "Olaylar" vəbər verir ki, bunu millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə  İtaliyanın  "East Journal" ına verdiyi müsahibəsində deyib. Millət vəkili bildirib ki, Rusiya hərbi bazaları Sovetlərin dağıldığı dövrdən etibarən ənənəvi "böl, münaqişələri yarat və bu prosesləri idarə et" prinsipinə istinad edir: "Həm Gürcüstanda mövcud olan Osetiya, Abxaziya münaqişəsində, həm Moldovada mövcud olan Dnestryanı münaqişəsində, həm də Azərbaycanla Ermənistan arasında olan münaqişədə bu prinsip özünü göstərir. Qeyd etmək lazımdır ki, keçmiş SSRİ respublikaları arasında Ermənistan öz müstəqilliyini ən çox itirmiş ölkədir. Ermənistanda yerləşən nəhəng Rusiya hərbi bazası bu məsələdə böyük rol oynayır. Bu bazanın mövcudluğu təbii ki, Rusiyanın Cənubi Qafqazda fəal siyasət aparması üçün imkanlar yaradır. Əslində münaqişələrin mövcuduğu Rusiyanın proseslərə təsir imkanları ilə bağlıdır. Bu münaqişələrin həll edilməməsi və beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin münaqəşələrin həllinə təsir göstərməməsi də onu göstərir ki, Rusiya amili bu regionda çox güclüdür. Rusiya münaqişələri həll etmək istəmir, beynəlxalq qüvvələr də ona təsir etmək imkanlarına malik deyil". Suriya hadisələrinə toxunan  A. Mollazadə qeyd edib ki, bu hadisələrin bilavasitə Xəzər və Qafqaz bölgəsinə təsir etmək imkanları yoxdur: "Baxmayaraq ki, coğrafi nöqteyi-nəzərdən bu bölgələr bir-birinə yaxındır, amma siyasi nöqteyi-nəzərdən böyük fərqlər var. Ona görə də Suriya hadisələrinin Cənubi Qafqaz bölgəsinə təsiri ancaq bu proseslərdə İran və Rusiya hansısa formada fəal rol oynayarsa, dolayısı yolla mümkün ola bilər. Rusiya və İran Cənubi Qafqazda qisasçı mövqedə dayansalar, bu təsir mümkün ola bilər. Amma hazırda Suriyadakı prosesləri Qafqazda təkrarlanması perspektivi görünmür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00