Eldar Namazov uğursuzluq zolağında

El hərəkatı ənənəvi müxalifətlə rəqabətə davam gətirmədi

El hərəkatı partiyaya çevrilə bilər. Bu fikri Zəngilan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş müsavatçı İlham Hüseynin hərəkatdan istefa verib Ədalət Partiyasına transferindən sonra Eldar Namazov səsləndirib. Xatırladaq ki, bundan  öncə Əflan İbrahimov qurumdan istefa vermişdi. Eldar Namazov deyir ki, hərəkata böyük təzyiqlər var və kimlərsə qurumu dağıtmaq istəyir. Sədrin bu iki fikrinin şərhə ehtiyacı var. Eldar Namazov hər iki fikirlə təşkilatını qoruyub saxlamağa çalışır. Partiya anonsunu verməklə Namazov çalışır ki, olan-qalan adamlar da dağılmasın. Onlara mesaj verilir: "Müsavat, AXCP kimi müəyyən büdcəsi olan, qrant alan, hər seçkidən dividentlərlə çıxan partiya qurulacaq". Namazovun birinci fikrinə gəlincə, bu qeyri-ciddi səslənir. Və daha çox El hərəkatı ətrafında mif yaratmağa bənzəyir. El hərəkatının gücü sentyabr mitinqlərində göründü. "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu, qardaşı Azər Ayxan sosial şəbəkələrdə El hərərkatını rəzil etdilər. Baş yazar adamlarına mitinqdə El hərəkatı üzvlərini saymağı tapşırmışdı. Bəlli olmuşdu ki, hərəkat aksiyaya Eldar Namazov da daxil olmaqla 32 nəfərlə gəlib. Bu faktın açıqlanması, üstəlik Əflan İbrahimovun dağıdıcı fəaliyyəti El hərəkatını yıpratdı. İstefalar da bundan sonra başlandı. Kəsəsi, El hərəkatı Müsavat və AXCP ilə rəqabətə dözmədi və dağıldı.

El hərəkatının zəif düşməsində Eldar Namazovun da suçu var. Siyasi analitiklər tərəfindən daha çox kabinet siyasətçisi kimi xarakterizə edilən Namazov nə aksiyalarda, nə debatlarda, nə zal tədbirlərində fərqlənə bilmədi. Onun hansısa "böyük, sayı çox elektorata" güvənməsi, özünü "ən böyük sosial bazanın lideri" kimi təqdim etməsi əsaslı deyildi və hazırkı siyasətə təsir gücü yoxdu.  Eldar Namazovun gücü, populyarlığı, uğuru əslində El Hərəkatı ilə də bağlı deyildi. Namazovu önə çıxaran Ziyalılar Forumunun siyasi proseslərin önünə çıxması, Milli Şuranın yaranması, Rüstəm İbrahimbəyovun MŞ-a sədr seçilməsi idi. İbrahimbəyov Milli Şuraya sədr seçilən kimi Namazovun da ulduzu parladı. İbrahimbəyov Milli Şuranın icra aparatının rəhbəri vəzifəsinə rayon şöbələri, elektoratı olan iri partiyaların təmsilçilərini deyil, hansısa əsaslasa Namazovu təyin etdi. Eldar Namazov birdən-birə hamıdan qabağa düşdü. Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli Milli Şurada Eldar Namazovdan sonra gəlirdilər. Bu amil, İbrahimbəyovun bu xətası Namazova baha başa gəldi. Ənənəvi müxalifət liderləri Namazova qəzəbləndilər və yuxarıda haqqında danışılan olay yaşandı. Aksiyada El hərəkatının əsl gücünü (əslində gücsüzlüyünü) əyani nümayiş etdirib, Namazova zərbə vurdular. Bunun ardınca, Namazovu irəli çəkən İbrahimbəyovun özü də kənara atıldı. Vahid namizəd Cəmil Həsənli seçildi. Bununla da əslində Namazov kənara atıldı. Doğrudur, o hələ də Milli Şuranın icra aparatının rəhbəridir. Amma seçki dönəmində əsas işlək qurum seçki qərargahı idi ki, onun da rəhbəri Arif Hacılı ilə Həsən Kərimov seçilmişdilər. Deməli, Milli Şuranın adını saxlayan Müsavat-AXCP cütlüyü əslində qurumu İctimai Palata səviyyəsinə endirib, seçki prosesində yenə irəli düşdülər. Bu seçkidən əsas dividenti də Cəmil Həsənlinin əsas dəstəkçiləri olan AXCP ilə Müsavat qazanacaqlar. El hərəkatı heç bir uğuru ilə yadda qalmayacaq. Seçkidən sonra Milli Şuranın buraxılacağı söhbətləri var. Əgər bu, reallaşarsa, El hərəkatı cazibəsini tamamilə itirəcək. Qurumun yeganə xilas yolu elə partiyaya çevrilməkdir. O halda Eldar Namazovun partiyası Milli Dirçəliş Hərəkatı və ya Azadlıq partiyaları gücdə olacaq. Çünki proseslər göstərdi ki, Namazov kütləvi partiya qurmaq potensialına sahib deyil.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00