"Qələbədən" başlayan məğlubiyyət...

MDB məkanında hakimiyyətdən salınmış ilk milli-demokratlar bir daha geri qayıda bilmədi və bilməyəcəklər

Aydın Quliyev

Başlığa çıxarılan birinci fikir çapa hazırladığım kitabın adı kimi də qəbul oluna bilər. Niyə bu adın seçildiyinə kitabın özündə izah veriləcək. İndilikdə isə ondan başlayaq ki, sovet hökumətinin yıxıldığı illərdə milli respublikalarda kütləvi siyasi təlatümlərin üstündə hakimiyyətə gələn ilk demokratlar iqtidardan salınandan sonra bir daha iqtidara qayıda bilmədilər və bilməyəcəklər. Bunun çoxlu sadə səbəbləri var. Əsas səbəblərdən biri odur ki, zahirən dəmir kimi möhkəm görünən totalitar sovet quruluşunu demokratik rejimə çevirmək istəyən siyasi qüvvələr 89-92-ci illərdə daha səmimi idilər, onların mütləq çoxu dünənki tələbələr, müəllimlər, elm adamları idi, talelərinin gərdişindən bütün ömürləri boyu hələ böyük məbləğdə pullarla və kütlələrlə ünsiyyətdə olmadıqları üçün cəmiyyətdə onlara inam vardı. Hətta bu inam o qədər idi ki, onların təcrübəsizlikləri də nəzərə alınmadı və hakimiyyətə gəlişləri hay-küylə dəstəkləndi. Cəmi 1 illik hakimiyyətlərindən sonra isə xalq artıq onların təkrar qayıdışını əvvəlki kimi dəstəkləmədi, çünki onlar bu dəfə siyasi səhnədə "totalitar sovet sarayına" demokratiya "incisi" daşımaq istəyən səmimi demokratlar yox, itirdikləri hakimiyyəti geri qaytarmaq və hakimiyyəti onlardan alanlardan əvəz çıxmaq istəyən "revanşist"lər kimi görünürdülər. Beləcə, 1992-93-cü illərdə keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda hakimiyyətdən salınanlar bir daha "siyasi olimpə" qayıda bilmədilər. İllər ötdü, milli cəmiyyətlər hakimiyyətlərə alternativ olaraq tam yeni müxalif siyasi qüvvələrin gərəkliyi düşüncəsinə kökləndi. Lakin gözləntilərin əksinə olaraq, konkret Azərbaycanda yeni qüvvələrin ortaya çıxmaması, əvəzində 20 ildən artıq müddət ərzində ardıcıl məğlubiyyətlər yaşayaraq tükənmiş qüvvələrin hələ də siyasi səhnəni tərk etməməsi növbəti məğlubiyyətləri qaçılmaz etdi. Elə Milli Şuranın keçirdiyi son mitinqlərin izdihamlı alınmamasının səbəblərini də burada - xalqın bu qüvvələrlə məsafə saxlamasında axtarmaq lazımdır. "...sadəcə bir tarixçi alimin uğursuzluğu kimi yox..." Milli Şuranın seçki məğlubiyyətini isə sadəcə bir tarixçi alimin uğursuzluğu kimi yox, bütün MDB ölkələri üçün son iyirmi ildən çox müddət ərzində özünü tam təsdiqləmiş bir siyasi məntiqin növbəti təntənəsi kimi qəbul etmək lazımdır: "hakimiyyətdən getmiş ilk milli demokratlar bir daha qayıtmırlar". Dediklərimizə sübut kimi MDB ölkələrindən bir neçəsinin yaxın tarixi xronologiyasına qısa səyahət edək. Gürcüstan - 26 may 1991-ci ildə Qamsaxurdiya seçicilərin 86 faiz səsi ilə prezident seçildi, "Tiflis müharibəsi" adlandırılan hadisələr nəticəsində 1992-ci il yanvarın 6-da hərbi şura tərəfindən hakimiyyətdən devrildi, ölkədən qovuldu, hakimiyyətə Şevardnadze gəldi. Bir çox illər sonra Qamsaxurdiya dünyasını dəyişdi, onun komandasından kimsə sonradan nə hakimiyyətə, nə də böyük siyasətdə hansısa nüfuzlu mövqeyə qayıda bildi. Ermənistan - 16 oktyabr 1991-ci ildə Ter-Petrosyan kütləvi siyasi təlatümlər dalğasında ilk prezident seçildi, 1998-ci ildə istefaya məcbur edildi, 2003-cü ildə yenidən qayıtmağa son böyük cəhdini göstərsə də, uğur qazana bilmədi. Bu gün artıq böyük siyasətdən birdəfəlik getmiş kimi görünür. Estoniya - 1990-cı ildə Lenart Meri ilk prezident seçildi, 2001-ci ildə getdi, bir daha hakimiyyətə qayıtmadı, qayıtmaq da istəmədi. Litva - 25 oktyabr 1992-ci ildə Mikolas Brazauskas Seymin sədri və ilk prezident seçildi. Çox qısa müddətdən sonra getdi və bir daha qayıtmadı. Azərbaycan - Xalq həyəcanları üstündə Əbülfəz Elçibəy 1992-ci il 7 iyunda prezident seçildi, cəmi bir il sonra hakimiyyətdən getdi, qayıtmaq üçün göstərdiyi səylər nəticə vermədi, qətiyyətlə demək olar ki, 2002-ci ildə haqqın rəhmətinə qovuşmayıb yaşasaydı, yenə də təkrar hakimiyyətə qayıda bilməyəcəkdi. Çünki dövrün sübut etdiyi təkzibolunmaz bir reallığı o da dəyişə bilməzdi. Beləliklə, əslində Milli Şuranın indiki məğlubiyyətinə 90-cı illərin əvvəllərində hakimiyyətdən gedənlərin heç vaxt qayıda bilməməsi formasında qərarlaşmış siyasi reallığı dəyişmək istəyənlərin bəlkə də son cəhdi kimi baxmaq daha düzgün olardı. Bu uğursuz son cəhdin hazırlıqları 2008-ci ilin seçkilərindən dərhal sonra başlanmışdı. Əsas fəaliyyət və təbliğat tezisi də bu idi: "Dünya İlham Əliyevin üçüncü prezidentliyinə imkan verməyəcək" Necə olur ki, Avropanın ortasında Angela Merkel 3-cü dəfə dalbadal ölkənin 1-ci şəxsi seçilə bilir, Mitteran, �ak Şirak 14 il fasiləsiz ölkənin başçısı ola bilir, İlham Əliyev üçüncü dəfə dövlət başçısı seçilə bilmir? Kimsə düşünə bilər ki, A.Merkelin üçüncü dəfə baş nazir seçilməsi Almaniyada nəticəsi birmənalı qarşılanan seçki keçirildiyi üçün qəbul edilir. Üstəlik, nə Alman cəmiyyətində, nə də xristian demokratların və xristian sosialistlərin bloku daxilində Merkelə güclü müxalifət olmadığı üçün o seçilə bildi. Ancaq xanım Merkel özü üçüncü seçkidən imtina edə bilərdi axı?! Ancaq etmədi, Avropa da onu qəbul etdi. Azərbaycanda da İlham Əliyevə güclü müxalif alternativ olmadığı üçün o da üçüncü dəfə namizədliyinin verilməsi ilə razılaşır və qalib gəlir. Burada təəccüblü nə var? O üçüncü, hətta dördüncü dəfə də namizədliyini irəli sürüb prezident postunda qala bilər. Dünyada kimlərinsə İlham Əliyevin üçüncü, ya dördüncü prezidentliyini tanıyıb-tanımaması o qədər önəmli deyil, önəmli olan Azerbaycan xalqının bu siyasi təzahürlərə münasibətidir. Azərbaycan xalqı məsələyə hər şeyi alt-üst edə biləcək səviyyədə reaksiya göstərmirsə, demək buna ehtiyac görmür. Belədə Qərbin, Avropanın Azərbaycanın seçki ilə bağlı daxili işlərinə müdaxiləsinə ehtiyac qalmır. Əslində müdaxilə etsələr də nəticə verməz. Doğrudur, belə müdaxiləyə əsas tapmaq üçün onlar beynəlxalq hüquqdan bizlərə də çox yaxşı bəlli olan müəyyən müddəalar gətirə bilərlər. Ancaq demokratiya adı altında xaricdən müdaxilələrin əsl mahiyyəti artıq hər kəsə bəllidir, ortada Misir, İraq, Suriya təcrübəsi var. Bu halda sual yaranır: əgər demokratiya istəyirlərsə, Mübarəkdən sonrakı seçkinin nəticələrini niyə qan içində boğdular? Əgər xalq seçkisindən söhbət gedirdisə, niyə İraqda Tələbani prezident oldu? Nədən Səudiyyə şeyxlərinin, Dubay, Qətər əmirlərinin silki monarxiya hakimiyyətləri yox, Suriyada Əsədlərin monarxiyası hədəf seçilir? Çünki bunların hamısından fərqli olaraq, təkcə Əsədlər İran rejimi ilə dostluq edir. 2011-ci ilin fevralından Suriyaya yağdırılan güllələr əslində İranı nüvə proqramından çəkindirmək üçün aşağıdakı mənanı daşıyan mesajdır: "nüvə proqramından əl çəkməsən, Əsəddən sonra sən vurulacaqsan". Bu

kontekstdə indi ABŞ-la İranın birbaşa nüvə təmaslarına şərait açılan kimi Suriyanın başına yağdırılan odların səngiməsi dediklərimizə sübut sayıla bilər. Təbii, nə vaxtsa Suriya hakimiyyəti də vurulacaq, İran hakimiyyəti də. Ancaq bu vurulmaların Qərb ssenarisi olması bir məsələdir, İran və Suriya xalqlarının öz ssenarisi ola bilməsi (əgər olsa) başqa bir məsələdir. Əsas odur ki, yad ssenarilərin ölkələrin daxilində işləməsinə imkan verilməsin. Bu mənada Azərbaycanda da seçkilərin nəticəsinə xalqın özünün münasibəti əsas götürülməlidir, xalqı yad ssenarilərin icraçısına çevirmək cəhdləri olmamalıdır. Heç bir kənar ssenarinin təsiri altına düşmədən Azərbaycan xalqı nə qədər qəbul edəcəksə, İlham Əliyev bir o qədər prezident seçilə biləcək. Azərbaycan xalqı qəbul edəcəksə, üç, hətta dördüncü dəfə seçilsə də, Qərb İlham Əliyevi tanıyacaq və onunla işləyəcək, tanımalıdır, işləməlidir. "Milli Şura... aldadıcı birlikdir" Cəmiyyətdə İlham Əliyevə güclü müxalifətin yoxluğu barədə fikrimin əsasları var, təbii, söz elə-belə deyilmir. Məsələn, deyirlər ki, müxalifət dövlət və özəl televiziyalara, qəzetlərə buraxılmadığı üçün zəifdir. Bəlkə zəif olduğu üçün buraxılmır? Güclü olsa idi, qarşısında belə bir maneənin yaranmasına imkan verməzdi və ya onu aradan qaldırardı. Əslində müxalifətin dövlət KİV-lərindən kənarda saxlanması hüquqi cəhətdən qeyri-normal olsa da, siyasi cəhətdən elə müxalifətin öz xeyrinə işləyir. Çünki 20 illik təcrübəyə baxmayaraq, müxalifətin siyasi-ideoloji görüşləri, şüarları, çıxışlarının məzmunu dəyişməyib. Bunun üçün 2003-cü, 2008-ci və 2013-cü il prezident seçkiləri ərəfəsində müxalifətin çıxışlarının müqayisəsini aparmaq kifayətdir ki, deyilənlərin nə dərəcədə haqlı olduğu görünsün. Mən hələ ortadakı parlament seçkilərini demirəm. Məsələ burasındadır ki, o şüar və çıxışlarda heç nə dəyişməyib, hər şey beş ildən bir qırıq qrammafonda olduğu kimi təkrarlanır. Bunu tək siyasətlə az-çox məşğul olanlar fərq etmir, bütün cəmiyyət nəzərə alır və yadında saxlayır, eyni zamanda anormal sayır. İndi təsəvvür edin ki, 2003-cü ildən indiyədək bütün televiziya-radio efirləri özünü müxalifət sayanların üzünə açıq olsaydı, hər gün səslənən eyni məzmunlu çıxış və ittihamlar bir neçə həftədən sonra xalqı nə dərəcədə bezdirəcəkdi. Bu mənada qəti şəkildə əminəm ki, müxalifətin ancaq seçki təşviqat dövrü üçün radio-televiziyalara buraxılması məhz onun öz xeyrinədir. Hətta indiki 20 günlük təşviqat dövründə müxalifətdən olanların çıxışları üçüncü debatdan sonra yorucu oldu, kütləvi maraq itdi, çünki təkrarçılıq var, təzə heç nə deyilmir. Üstəlik, çıxışlar cəlbedici məzmun və analitikadan məhrumdur. Biriləri heç alimlərin, akademiklərin anlaya bilmədiyi bərli-bəzəkli termin və cümlələrlə danışır, digərləri söyüş söyür, üçüncülər hansısa şikayətçinin məktubunu oxuyur, bir başqası özünün layiq olmadığı səviyyədə "ağsaqqal-ağbirçək müdrikliyilə" qarşısındakılara öyüd-nəsihət verir və s. Belə çıxışlara heç 20 gün də dözmək mümkün deyil, o ki ola 5 il, 10 il efiri belə söhbətlərə meydan edəsən. Xalq buna heç bir halda dözümlü yanaşmaz. Bəzən deyirlər ki, bizə Bakının ortasında mitinq üçün yer verilmədiyinə görə gücümüzü göstərə bilmirik. O zaman sual olunur: Bakının ortasında yer verilən vaxtlarda güc göstərildimi və ya göstərilən güc yetərli oldumu? Sonuncu aksiyalar Bakının düz ortasında keçirildi, üstəlik, radio və televiziyadan mitinqə çağırış fürsəti də verilmişdi. Lakin bu aksiyalar Bakıdan kənarda - 20-ci Sahədə keçirilmiş özündən əvvəlki aksiyalardan o qədər fərqlənmədi. Demək, aksiyaların keçirilməsinə Bakıdan bir qədər kənarda icazə verilməsinin müxalifətin zəifləməsinə təsiri barədə deyilənlər boş sözlərdir. İndiyə qədər o da deyilirdi ki, müxalifət birləşə bilmədiyinə görə zəifdir. Çox absurddur ki, hətta bəziləri müxalifətdəki pərakəndəliyin də kökünü hakimiyyətdə görür, sanki hakimiyyət bunların birləşməsi üçün əldən-ayaqdan getməli idi. Əlbəttə, hakimiyyət hər vəchlə, müxalifətdə birləşmələr onun ziyanınadırsa, ona mane olmağa çalışacaq, bu bütün ölkələrdə belədir, bütün iqtidarların işi budur. Digər tərəfdən, müxalifət bu dəfə birləşdi, bəs nəticə haradadır? Bu birlik özünü aksiyaların daha da kütləviləşməsi formasında göstərmədi, xaricdən deklarativ və ya maliyyə dəstəyinin artması formasında göstərmədi, başqa hansı formada göstərə biləcəyi bəlli deyil, göstərə də bilməz. Çünki, əvvəla, birləşə bilməmək müxalifətin zəifliyinin səbəbi deyil və olmayıb, bu səbəbdən məntiqi olaraq birləşmə də onun güclənməsinə gətirib çıxara bilməzdi. Digər tərəfdən, Milli Şuranı müxalifətin ən genişmiqyaslı birliyi kimi qəbul etsək, burada bir neçə maraqlı nüans ortaya çıxır. Onun səmimi və məqsədə möhkəm yönəldilmiş birlik olmasına nə ölkə ictimaiyyəti, nə də beynəlxalq aləm inandı. Çünki yarandığı ilk gündən Milli Şuranın daxilində möhkəm birlik anlayışı ilə bir araya sığmayan çoxlu münasibətlər təzahür etdi. Hətta elə formalarda ki, az qala hamı soruşurdu ki, bu nə cür birlikdir? Doğrudan da nə cür birlikdir ki, onun daxilindəki bir neçə peşəkar siyasətçi liderin heç biri digərinə güzəştə getmədi, nə cür birlikdir ki, bu peşəkar siyasətçilərin hər biri özlüyündə "ya mən, ya da bu siyasətçilərdən heç kim" prinsipini əsas götürdü və nəticədə bir-birinə güzəştə getməmək xatirinə vahid namizəd kimi siyasətlə heç bir professional bağlılığı olmayan siyasi təcrübəsiz bir ziyalının üstündə durdular? Bu necə birlikdir ki, gələcək hakimiyyət komandasının heç olmasa əlli-altmış faizini bu başdan adbaad elan etməyə imkan vermədi? Sizcə, Rüstəm İbrahimbəyov qalib gələcəyi təqdirdə Əli Kərimlini, tutaq ki, baş nazir, İsa Qəmbəri parlament sədri, Lalə Şövkəti Konstitusiya Məhkəməsinə sədr qoymaq istədiyini seçkidən qabaq elan edə bilərdimi? (Sıralanma şərtidir) Təsəvvür edirsinizmi "pay"a qane olmayanlar, ya "pay" almayanlar Rüstəm müəllimin başına nə oyun açardılar? Əlavə edək ki, Milli Şura yaranandan indiyə qədər bəzi müxalifət və AXCP funksionerləri qəzetlərdə bir-birinə qarşı olmazın səviyyələrdə söz atır, söz toxuyurlar. Bütün bunların müqabilində xalqın və beynəlxalq təşkilatların Milli Şuranı həqiqi birlik kimi qəbul etməməsi tamamilə təbii deyilmi? Milli Şura əslində oradakıların özlərini guya birləşən qüvvələr kimi təqdim etmək layihəsidir, yəni aldadıcı birlikdir. Onun nə qədər keçici birlik olduğunu görmək üçün isə iki arqumentə nəzər salmaq kifayətdir. Birincisi, Rüstəm İbrahimbəyovun tək namizədliyini qeydə aldırmaq üstündə Müsavatın hamıdan önə çıxmaq ambisiyaları üzündən sonadək dura bilmədilər, ikincisi, iki illik keçid dövründə ölkəni idarə edəcəkləri komandada əsas vəzifələri kimlərin tutacağını (heç olmasa 5-6 nəfər) əvvəlcədən deyə bilmədilər. Beləliklə, ictimaiyyət anlaya bilmədi ki, MŞ-nın əsas qüvvəsi olduqlarını bildirən və özlərini demokratik Azərbaycan dövlətçiliyinin əsas dayağı sayan İsa Qəmbər, Əli Kərimli və digərləri niyə bu qədər sevdikləri dövlətin taleyinin, hətta iki illiyə olsa belə, Rüstəm İbrahimbəyov kimi siyasi təcrübəsizin əlinə düşməsini rəva gördülər? Birdən Rüstəm müəllim qalib gəlsəydi? Doğrudanmı anlaya bilmədilər ki, istənilən ölkəni uçurumun tam dərinliyinə salmaq üçün 2 il heç də az vaxt deyil? Hədsiz sərt görünməsin, amma dövlətin taleyini 2 illiyə də olsa "yaxşı rejissora və təcrübəsiz siyasətçiyə" etibar etmək, ən azı, dövlətçilik baxımından məsuliyyətsizlik və təəssübsüzlük əlamətidir. "Putinə qədər Azərbaycan müxalifəti inamlı fəallıq göstərirdi, Putinin gəlişindən sonra ümidsiz çırpıntılar var" Bütün bunların fonunda maraqlıdır, narazı elektorat kimə səs verəcək? Onlar hakimiyyətdən narazıdır, ancaq MŞ-yə də inanmırlar, müxalifətə qoşulduqları halda gələcəyə əmin deyillər. Ona görə son anda, yəqin ki, "hər halda İlham Əliyevin necə idarəçi olduğunu dəqiq bilirik" deyərək ona səs verməyi üstün tutacaqlar. Etibar Məmmədov bu seçkidə, hərəkat dövründən qalmış başqalarından fərqli olaraq, öz reytinqini mövcud səviyyədə qoruya bildi, hətta artırdı da demək olar. Digərləri ilk mərhələdə hansısa xarici qüvvənin felinə uyub böyük coşqu və qələbə əzmi göstərdi. Ancaq dəstəkçi kimi görünən həmin xarici qüvvələr arxalarından çəkilən kimi kükrəyən müxalifətin rəngi nəzərəçarpacaq dərəcədə

solmağa başladı. Əslində əvvəlki seçkilərlə müqayisədə bu dəfə müxalifətin görüntüsü çox fərqli, həm də ikipilləli oldu: Putinin gəlişinə qədərki müxalifət, ondan sonrakı müxalifət. Bu günə qədər ölkədə baş tutan prezident seçkilərinə sıra ilə baxaq. 1993-cü il - Heydər Əliyevin seçkilərdə şəriksiz dominantlıq dövrüdür. Müxalifət deyilən qüvvə o zaman göydən yerə çırpılmış alma kimi idi, xalqın Heydər Əliyevə dəstəyi o qədər böyük idi ki, bu qüvvələr özləri də hələ gələcəkdə mütəşəkkil bir müxalifət kimi formalaşa biləcəklərinə əmin olmadıqları üçün qeyri-müəyyənlik içində idilər. O zaman üçün Etibar Məmmədova gəldikdə isə, Heydər Əliyevlə əməkdaşlığın gələcəyinə onun şəxsi ümidləri var idi və ya ümidləri hələ üzülməmişdi. Seçkidən sonra Heydər Əliyevin komandasında yüksək bir postda təmsil olunmaq Etibar bəyin ümidi idi. 1998-ci il seçkilərində, azacıq xəstəhal göründüyü üçün, Heydər Əliyevin şəriksiz dominantlıq mövqeyi bir qədər daralmışdı. O zaman Heydər Əliyevin siyasi varisinin kimliyi hələ dəqiq məlum olmadığı üçün cəmiyyətin prezidentliyə daha gənc və enerjili birisini nəzərdən keçirməyə meyllənməsi tam təbii idi. Heydər Əliyevin şəriksiz dominantlıq statusunda azacıq daralma da məhz bununla bağlı idi. Ancaq bu da ötəri təzahür oldu, Heydər Əliyev bir neçə rayona enerjili təbliğat yürüşü ilə öz elektoratındakı "sağa-sola boylanmaları" aradan qaldırdı və əslində bu dəfə özünə həlledici siyasi dominant statusu qazana bildi. 1998-ci il seçkilərində müxalifətin də aurasında dəyişiklik baş vermişdi. Bir neçə il əvvəl Hakimiyyətdən salınmışlar müxalifətdə özlərinə yer eləməyə başlamışdılar, üstəlik, Heydər Əliyevin komandasından qopanların bu düşərgəyə transfer etməsi müxalifəti bir güc kimi ortaya qoymağa başlamışdı. O üzdən müxalifət əvvəldən axıra qədər stabil fəal görsəndi - seçkini boykot edənlər də, seçkiyə gedən Etibar Məmmədov da. 2003-cü il seçkilərində müxalifətin fəallığı özünü iki müstəvidə göstərdi. 2003-cü il avqustun əvvəllərində İlham Əliyev prezidentliyə tək rəsmi namizəd kimi göstərilənə qədər müxalifət Heydər Əliyevlə mübarizədə fəal idi, ən azı, fiziki durumu ilə bağlı onun seçkidə sonadək enerji ilə iştirak edə bilməyəcəyi barədə ehtimallar müxalifəti ruhlandırırdı. Avqustun əvvəllərində Heydər Əliyev İlham Əliyevin xeyrinə namizədlikdən rəsmən geri çəkildi. Bundan sonra müxalifətin fəallıq motivi dəyişdi, İlham Əliyevin təcrübəsizliyini əsas götürən yanlış bir mövqe bu dəfə müxalifətin yeni fəallıq motivinə çevrildi. Ancaq sonluq yenə uğursuz oldu. 2008-ci il seçkiləri - müxalifətin bu dövrdəki gücünü müəyyən qədər 1993-cü ildəki səviyyə ilə müqayisə etmək olar. Müxalifət 1993-cü ildə də "yox" kimi idi, 2008-ci ildə də. Düzdür, bu vəziyyətlərə düşməyin motivləri fərqli idi. 1993-cü ildə Heydər Əliyevin misilsiz gücü qarşısında alternativ yox idi, 2008-ci ildə isə bir yanlış "kabinet tezisi" müxalifətin olan-qalan potensialını da görünməyən mövqelərə itələdi. Yanlış "kabinet tezisi" o idi ki, 2013-cü ildə dünya İlham Əliyevin üçüncü dönəm prezidentliyinə imkan verməyəcək və meydan bizim əlimizə keçəcək. Bu tezisin də sonu uğursuz oldu, 2009-cu ilin martında keçirilən referendumla prezidentlik müddətlərinə məhdudiyyətin götürülməsi müxalifətin həmin "kabinet tezisi"nə ilk gözlənilməz və sarsıdıcı zərbə oldu. Sübut edildi ki, hakimiyyətin manevr imkanlarını məhdud və ya qapanmış sayanlar yanılır. Nəhayət, 2013-cü il seçkilərində kənardan müxalifət yenə bir-birindən fərqlənən iki mərhələdə görünür. Putinin Bakıya gəlişi isə bu iki mərhələnin arasında aydın seçilən ayırıcı xətt oldu. Nə qədər acı olsa da, Putin müxalifətin fəallıq mərhələlərini bir-birindən ayıran ölçü vahidinə çevrildi. Onun gəlişi Azərbaycanın hətta ən qərbyönümlü radikal müxalifət partiyalarının tarixinə özünün möhürünü silinməz şəkildə vurdu. Yəqin ki, bundan sonra indiki seçki prosesləri təhlil olunanda belə bölgüyə tez-tez rast gəlinəcək - müxalifətin Putinin səfərinə qədərki fəaliyyəti və Putindən sonrakı fəaliyyəti. Obrazlı desək, Azərbaycan müxalifəti İlham Əliyevə bu il qalib gəlmək eyforiyasının zirvəsinə çatanda Putindən sarsıdıcı zərbə aldı. Əslində bu, Putinin ayağına yazılacaq qəbahət və ya namərdlik yox, Azərbaycan müxalifətinin taktiki-siyasi planlaşdırmadakı səhvlərinin nəticəsidir. Putin Bakıya gələnə qədər müxalifət Rüstəm İbrahimbəyovun Moskvada Milli Şuranı zərbə mövqeyinə çıxarması, Rusiyanın İlham Əliyevi devirməyə çalışması barədə şayiələr uydurur, ya hansısa qəzetin yaratdığı eyforiyanın burulğanına düşürdü, gözləri ayaqlarının altını görmürdü. Hətta bir ara Putinin Bakıya gəlməkdən guya imtina etməsi xəbəri müxalifətə əsl "triumf xoşbəxtliyi" yaşatdı. Putin gəlib-gedəndən dərhal sonra isə hər şey tam tərsinə dəyişdi, məyusluq müxalifəti bürüdü. Rüstəm İbrahimbəyovun Moskvadan əlini üzməsi isə müxalifəti tam iflic etdi. Putin gələnə qədər müxalifətə haradansa kənardan gələcək milyonlarla dollar seçki pullarından söhbət gedirdi. Putindən sonra milyonlara qıcanmış dişlər birdən korşaldı, "hərədən bir manat" kimi qəpik-quruş söhbətləri başladı. Putinə qədər Milli Şuranın "qanadlarında" mətbuatda kimlər fəallıq edirdi, Putindən sonrakı fəallara baxın. Arada, ən azı, çox böyük say fərqi var. Bunlar real siyasətlə məşqul olan hər kəs üçün açıq-aydın fiasko görüntüləridir. Putinə qədər müxalifət inamlı fəallıq göstərirdi, Putindən sonra sadəcə ümidsiz çırpıntılar var... Qayıdaq yenidən Etibar Məmmədova. O bu seçkidə ona görə reytinqinin mövcud səviyyəsini qoruya bildi ki, serial məğlubiyyətlərin siyasətçiyə şərəf gətirmədiyinin fərqinə vardı. O cəmi 2 dəfə - 1998 və 2003-cü illərdə məğlub oldu. Etibar Məmmədov ya üçüncü məğlubiyyətə də gedərək sonda siyasətdən getməli idi, ya da kənarda durmalı idi. İkinci yolu seçdi. Digərləri isə növbəti uğursuz çabalara baş vurmaqla silsilə məğlubiyyətlərin ambisiyalı siyasətçilərə şərəf gətirmədiyi reallığına məhəl qoymadılar. Onlar "güləşdə yıxılanın künəsi yerdən doymaz" kimi atalar sözündən, görünür, xəbərsizdilər. Halbuki, bu xüsusda ibrət götürmək üçün gözəl tarixi nümunələr var. Uzağa getməyək, mərhum prezident Heydər Əliyevə bütün siyasi karyerası boyu böyüklük gətirən cəhətlərdən biri o olmuşdu ki, ona məğlubiyyət gətirə biləcək siyasi marafonların heç birinə qoşulmurdu, əvvəlcədən düzgün analiz edir, azacıq məğlubiyyət təhlükəsi olan yerdə risq etmirdi, məğlubiyyətin bütün hallarda siyasətçiyə şərəf gətirmədiyini yaxşı bilirdi. Bəzi tarixi məqamlarda onu yarı yolda qoymaq cəhdləri olmuşdusa da, Heydər Əliyev elə həmin yolda finişə onu yarıyolda qoymaq istəyənlərdən əvvəl yetişmək kimi siyasi fantastika göstərmişdi. Əslində bunlar başqa yazıların mövzusudur, sadəcə müxalifətin ibrət götürməli olduğu məqamlar kontekstində yeri gəlmişkən yada düşdü... "Silsilə məğlubiyyət liderlərinə" son çağırış Bir azdan 2015-ci və 2018-ci ilin söz-söhbətləri başlayacaq, eyni simaların "əvvəlkilərə baxmayıb, bu dəfə çox gərgin keçəcək" kimi növbəti seçkilərə hesablanmış çıxışları ortaya çıxacaq. Bununla insanlara nə qədər xoş olmayan bir ovqat aşılamaq istədiklərini başa düşmək istəsələr uzağa getməsinlər, elə bu ilin əvvəllərindən başlayaraq bir neçə qəzetdə qaldırdıqları xəbərlərə və hay-küyçü yazılara baxmaqları kifayətdir. Hakimiyyətə iddialı partiya rəhbərləri bir yana qalsın, politoloq kimi tanınan bəzi şəxslərin bir neçə ay əvvəlki çıxışlarını indi istehzasız oxumaq mümkün deyil. Deyirdilər xalq qalxıb kükrəyəcək, hər şey dağılacaq və sair. Bəs nə oldu? Eyni şey neçə dəfə təkrar oluna bilər? Özü də yanlış nəticə ilə? İndiyə qədər siyasətdən imtina çağırışlarına məhəl qoymayan "silsilə məğlubiyyət liderlərinə" sonuncu çəkindirici tezisi təqdim etməkdən başqa çarə qalmır: "Sizinlə bir vaxtda 20 il əvvəl siyasi olimpə qalxıb-düşənlərin heç biri geri qayıda bilmədi". Bu seçkidə parlament müxalifəti də özünü göstərməyi bacarmadı və bitdi. Onlar nə 20 il əvvəl siyasi olimpdən salınmış radikal müxalifətin kartlarını əlindən ala bildi, nə də hakimiyyətin alternativinə çevrilə bilən qüvvə ümidi yarada bildi. Bəs nə etməli, güclü müxalifətsizlik dövrünün başlandığı fikri ilə barışmalıyıqmı? Cəmiyyətin praktik inkişafı güclü müxalifətsiz mümkündürmü? Hakimiyyətin özünə, ən azı, geniş beynəlxalq manevr imkanlarını saxlamaq baxımından güclü müxalifətsizlik dövrü sərf edirmi? Bundan sonrakı mərhələdə güclü müxalifətin necə və kimlərdən (söhbət adbaad şəxslərdən getmir, gənc kadrlardan, iş

adamlarından, məmurlardan və sair gedir) yarana biləcəyi barədə suala dəqiq cavab vermək üçün bütün MDB ölkələrinin siyasi təcrübəsini bundan sonra da diqqətlə izləmək, güclü praqmatik müxalifətin təzahürlərini və siyasi genezisini tam yeni problem kimi öyrənmək lazımdır. Bunun alternativi yoxdur. MDB məkanı üçün xarakterik siyasi təcrübələrdən kənarda Azərbaycanda nəyinsə baş verə biləcəyi mümkünsüzlük dərəcəsindədir. Bunsuz hakimiyyət güclü müxalifətsiz, cəmiyyət bezdirici köhnə müxalifətin əlində, dövlət isə inkişafdan qalacaq. AXCP və Müsavat hər nə qədər desələr ki, bizsiz heç nə mümkün deyil, bu belə deyil, hakimiyyətdən 20 il öncə salınmışların dominantlığı ilə güclü müxalifətin yaranma perspektivi artıq qapanıb. Bəlli olan həm də odur ki, müstəqillik dövrünün yetirməsi olan müxalif qüvvələr (məsələn, mərhum Heydər Əliyev komandasından qopanlar və s.) indiyə qədər onlara qoşulmaqla səhvə yol verib, özlərinin təklikdə güclü müxalifətə çevrilmək üçün daha çox şansa malik olduqlarının fərqinə varmayıblar. 1993-cü ildə hakimiyyətdən salınmışlarla müstəqillik dövrünün yetirməsi olan müxaliflərin birgə perspektivi yoxdur, onlar birlikdə heç vaxt güclü ola bilməzlər, birincilərinki bitib, ikincilər isə onlara qoşulmaqla özlərinə heç bir dəxli olmayan ittihamlara nahaq yerdən hədəf olurlar. Birincilər tam yeni "təkər icad etmək" kimi mümkünsüz şeyi düşünür, ikincilər üçün mövcud təkərin üzərində hərəkəti davam etdirməklə müəyyən bərpa və təkmilləşmələr etmək kimi mümkün perspektiv var. Fərqi gördünüzmü? Doğrudan da "hakimiyyətdə olduğunuz bir il ərzində ölkəni dağıtdınız" kimi AXCP-Müsavat hakimiyyətinə yönəlik ittihamın, deyək ki, Lalə Şövkətə, Eldar Namazova nə dəxli var? Ancaq onlar meydan hərəkatı dövründən gəlmiş müxalifətin yanında nə gəzir ki, belə ittihamlara da tuş gəlsinlər? Az sonra partiyalardan kütləvi istefalar başlayacaq, qərargahlar boşalacaq. "Silsilə məğlubiyyət liderlərinin" yolunda, yanında illərini, gəncliyini, qocalığını, hər şeyini qurban vermiş insanlardan 40 il səhralarda Musa peyğəmbərin ardınca gəzmiş yəhudilər qədər fədailik gözləmək artıq insafsızlıqdır. Onları belə acı və çətin seçimdə buraxmamaq üçün İsa Qəmbər, Əli Kərimli, ümumiyyətlə hakimiyyətdən bir dəfə salınmışlar sinfinə aid olan hər kəs siyasətdən getməyin indi daha çox onların özlərinə xeyirli olmasının fərqinə varmalıdırlar. Hər halda bu, bir gün bezərək qərargahlarda açıqca üzə duran sıravi partiyaçıların neçə illik məğlubiyyətlərin səbəbləri barədə çətin sorğularına çavab verməkdən nisbətən asan olardı. Bu dövrün özünün güclü hakimiyyət alternativi yetişəcək, indiki hakimiyyət onu qəbul edəcək, onunla hesablaşacaq, əməkdaşlıq edəcək, sivil seçki texnologiyaları əsasında siyasi varislik və əvəzetmə məsələlərini nəzərdən keçirəcəklər... Ancaq bu da o qədər asan və rəvan proses deyil və olmayacaq...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00