Mixail Saakaşvili Gürcüstanın baş naziri ola bilər - AÇIQLAMA

Elxan Şahinoğlu: “Bu müddətə əgər Bidzina İvanişvili ciddi iqtisadi uğur qazanmasa, Saakaşvili və partiyasının reytinqi yüksələcək”

"Gürcüstanda keçiriləcək prezident seçkisində İvanişvilinin namizədinin qələbə qazanması ehtimalı yüksəkdir" - "OLAYLAR"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu belə deyib. E.Şahinoğlu hesab edir ki, Saakaşvili və komandası seçkidəki məğlubiyyətdən sonra sakit şəkildə geri çəkiləcək. Nəzərə almaq lazımdır ki, İvanişvili hərəkata, Saakaşvili isə partiyaya rəhbərlik edir: "Tarixi təcrübə də göstərir ki, partiyalar siyasi mübarizə üçün daha yaxşı formalaşdırılır, nəinki hərəkatlar. Hərəkatların hər zaman dağılma ehtimalı var. Baxmayaraq ki, İvanişvilinin komandası parlamentdən sonra prezident administirasiyasını da ələ keçirə bilər, amma gələcəkdə də mövcud situasiyanın dəyişməsi mümkündür. Çünki İvanişvilidən fərqli olaraq Mixail Saakaşvili siyasətdən gedəcəyini açıqlamayıb. O, fəal siyasətdəki mövqeyini qoruyub saxlayacaq. Bu o deməkdir ki, prezident seçkisində məğlubiyyətə uğrasa da Saakaşvili və onun partiyası parlament seçkisinə ciddi şəkildə hazırlaşacaq. Bu müddətə əgər Bidzina İvanişvili ciddi iqtisadi uğur qazanmasa, Saakaşvili və partiyasının reytinqi yüksələcək. Belə olan təqdirdə Saakaşvili parlamentdə qələbə qazanacaq. Böyük ehtimalla bundan sonra Saakaşvili Gürcüstanın baş naziri ola bilər. Ölkə Konstitusiyasına edilən dəyişiliklərdən sonra - gələcəkdə Saakaşvili səlahiyyətləri artırılmış baş nazir kimi ölkəni idarə edəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00