Rusiya və ABŞ müharibəyə hazırlaşır - POLİTOLOQ

Vəfa Quluzadə: “Beynəlxalq güclər Suriyada kimyəvi silahların məhv edilməsi prosesindən vaxt udmağa çalışırlar”

Suriyada kimyəvi silahların məhv edilməsi əməliyyatına başlanılıb. Əməliyyatı 33 nəfərdən (kimyəvi silahları qadağan edən təşkilatdan 19, BMT-dən 14 nəfər) ibarət müfəttiş qrupu həyata keçirir. Lakin Bəşər Əsədin kimyəvi silah arsenalının tamamilə məhv edilməsi də Suriya probleminin həll edilməsinə şərait yaratmayacaq. Çünki ABŞ, Qərb, İran və Rusiya kimi siyasi qütblərin geosiyasi planlarının başında Suriya dayanır. Hələ Livanın keçmiş baş naziri Rəfiq Həririnin öldürülməsindən sonra beynəlxalq oyunçuların diqqətinin Suriyaya çevrilməsi məsələyə açıq şəkildə aydınlıq gətirir. Həririnin öldürülməsindən sonra Suriya hərbi bazalarının Livandan çıxarılması, terror qruplaşmalarının Suriya daxilinə axışması və nəhayət həmin müstəvidə vətəndaş müharibəsinin başlanılması eyni qəbildəndir. ABŞ-ın ənənəvi Yaxın Şərq siyasətində İsrailin təhlükəsizliyinin təmin olunması, İran, Suriya kimi anti-İsrail və anti-Qərb dövlətlərinə nəzarətin ələ keçirilməsi, təsir dairəsinə salınmış Şərq ölkələrində Qərbyönlü rejimlərin hakimiyyətə gətirilməsi əsas paya sahibdir. İraqda Səddam Hüseyn rejiminin devrilməsi və bu ölkənin işğal olunması Suriyaya hesablanmış addım idi. Çünki Suriya Hafiz Əsədin hakimiyyəti illərindən 2003-cü ilədək İraq neftinin əsas bazarı sayılırdı. 2003-cü ildə ABŞ-ın İraqa hücum etməsi Suriyanı əsəbləşdirdi və konkret olaraq Əsəd rejimini Vaşinqtona qarşı çevirdi. Bundan sonra Suriyanın əsas hədəf olacağı məlum idi. Ağ Evin Suriya məsələsində diqqətçəkən məqamlardan ən əsası Rusiyanın Aralıq dənizində - Tarsus limanında hərbi bazaya sahib olmasıdır. 2000-ci ildə İsrailin Cənubi Livandan geri çəkilməsi və Əsədlə yaxınlığı ilə seçilən Həririyə qarşı sui-qəsd planının reallaşdırılmasından sonra Suriya hərbi bazalarının Livandan çıxarılması və bu ölkənin ABŞ və Qərbin təsir dairəsinə itələnməsi Suriya planının açarı sayılır. Həririnin öldürülməsilə küçələrə tökülüşən insanların demokratiya tələb etməsi ABŞ-ın köhnə inqilab taktikası idi. Digər tərəfdən ABŞ Xarici İşlər Nazirliyinin "Qlobal Terror" hesabatına görə, Suriya dünyada və regionda həyata keçirilən terror aktlarında iştirak etməsə də, bu ölkə 1986-cı ildən "Hizbullah", "Həmas", "İslami Cihad" və digər radikal terror qruplaşmalarının əsas sığınacaq yeridir. 1967-ci ildə Ərəb-İsrail müharibəsində yəhudilərin Suriyaya məxsus çolan Təpələrini işğal etməsindən sonra hər iki dövlət arasında problemlər dərinləşdi. Suriyanın İsraillə olan münaqişəsi ABŞ-Suriya əlaqələrinə təsir edən əsas amil olub. İsrailin məqsədyönlü şəkildə bir dəfə də olsun Dəməşqlə diplomatik masa arxasında oturmağa cəhd etməməsi ABŞ tərəfindən əks təsir qüvvəsi ilə qarşılanıb. Vaşinqton da İsrail-Suriya əlaqələrinin istiləşməsinə də maraq göstərməyib. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) hesabatına görə, Əsəd rejiminin yüzlərlə FROG raketləri, Scud və SS-21 kütləvi qırğın üçün nəzərdə tutulmuş raket kompleksləri var və həmin arsenal İsraili vurmaq üçün nəzərdə tutulub. CIA-nın hazırladığı digər hesabatda bildirlir ki, Suriya zəhərli "Sarin" qazı istehsal edir və Əsəd rejimi Rusiya ilə nüvə silahı əldə etmək üçün uzunmüddətli müqavilə imzalayıb. ABŞ-ın 2000-ci ildən həyata keçirmək istədiyi plandan əldə etmək istədiyi nəticə Rusiyanı Suriyadan sıxışdırıb çıxarmaq, Bəşər Əsədi devirmək, Qərbyönlü rejimi hakimiyyətə gətirməkdir. Həmçinin müxtəlif yollarla planlaşdıracağı hücumdan az ziyanla çıxmaq üçün Əsədin sahib olduğu kimyəvi silah komplekslərinə sahib olmaq və İran ətrafında möhkəmlənməkdir.

***

BMT və Kimyəvi Silahların Qadağan edilməsi üzrə Təşkilatın Suriyada kimyəvi silahların məhv edilməsi əməliyyatına başlaması məsələsinə münasibət bildirən politoloq Vəfa Quluzadə hesab edir ki, beynəlxalq güclər Suriyada kimyəvi silahların məhv edilməsi prosesindən vaxt udmağa çalışırlar: "Məsələ gündəmə gətirilməmişdən qabaq da bu addım vaxt qazanmağa hesablanmışdı. Lakin bütün bunlara baxmayaraq Suriya, İran və "Hizbullah" Qərbin zərbəsinə məruz qalacaqlar. Qərb hələlik bu istiqamətdə təmkin nümayiş etdirir və vuracağı zərbənin vaxtını müəyyənləşdirir. İran və Suriya ilə aparılan danışıqlar vaxt udmağa hesablanıb. Həmin prosesdə İran da vaxt qazanmağa səy göstərir. Çünki Suriyaya hərbi müdaxilə olsa, Yaxın Şərq böyük müharibə başlayacaq. Amma Qərb həmin planı reallaşdırmaq üçün gələcəyə təxirə salıb. Hücum 1, 2 və 3 ildən sonra da ola bilər. Qərbə və əks cəbhə Suriyanı gündəmdə saxlamaqla vaxt qazanıb müharibəyə hazırlaşırlar. Bəşər Əsəd hal-hazırda o məsələni gündəmə gətirib ki, Suriyada keçiriləcək prezident seçkisində namizədliyini irəli sürməyəcək. Seçkilər 2014-cü ildə keçiriləcək. Burada Rusiya və Suriyanın planı ondan ibarətdir ki, mövcud rejimi müəyyən müddətə qədər hakimiyyətdə saxlamaq, əgər Əsəd yenidən Qərbi qıcıqlandıran şəxsiyyətə çevrilsə, onu aradan götürmək və Suriya məsələsini həll etmək. Ancaq bununla da problem həll olunmayacaq. Suriya məsələsində Rusiya, İran və Qərbin strateji maraqları toqquşur, məsələnin kökü bundan ibarətdir. Bəşər Əsəd demək olar ki, heç bir qüvvənin planına daxil deyil. Sadəcə ondan müəyyən məqsədlər üçün istifadə etməyə çalışırlar. Suriyanı idarə etmək Əsədin əlində olsaydı, Suriyada heç bir problem olmayacaqdı. Lakin Əsəd özbaşına deyil".

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00