Millət vəkilimizin məruzəsi AŞPA-da qəbul edilib
7 Oktyabr 2013 15:57 SiyasətAvropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının sonuncu iclasında Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova "Əmək bazarında yaşlı insanlara qarşı diskriminasiya ilə mübarizə" mövzusunda məruzə ilə çıxış edib. "Olaylar" xəbər verir ki, məruzədə qeyd olunub ki, yaş diskriminasiyası Avropada ən çox yayılmış ayrı-seçkilik hallarından biridir: "Yaşlı insanlar işsizliyin bütün cəhətlərini əhatə edən böyük çətinliklər, bərabərsizlik və stereotiplərlə üz-üzə qalırlar. Stereotipləri aradan qaldırmaq və bütün yaş hədlərinin müsbət imicini yaratmaq məqsədilə mentalitetləri dəyişmək uğrunda mübarizə aparmaq vacibdir".
Məruzədə həmçinin vurğulanıb ki, bu halları aradan qaldırmaq üçün quruma üzv dövlətlər yaş amilini qeyri-diskriminasiya meyarları sırasına daxil etməli və müvafiq qanunvericiliyi həyata keçirmək üçün təsirli hüquqi mexanizmlər müəyyənləşdirməlidirlər: "Həmçinin yaşa görə diskriminasiyaya məruz qalan və əmək bazarına daxil olmaq istəyən yaşlı insanlara müsbət fəaliyyət planı təklif edilməlidir".