Müxalifətçinin acı etirafı: "Çoxdan uduzmuşuq"

"Artıq etiraf etmək gərəkdir ki, Azərbaycan müxalifəti prezident seçkilərini faktiki olaraq uduzub. Özü də məğlubiyyət indi yox, aylar əvvəl müəyyənləşib. Milli Şura yaradılanda bu addımın yanlış olduğunu dəfələrlə dedik - amma eşitmədilər. Onda seçkiqabağı siyasi mübarizəyə az da olsa, ümid vardı. Amma sonra Rüstəm İbrahimbəyov kimi siyasətdə avam adamı gətirib vahid namizəd edəndə və bu namizədin də seçkilərə qatılmaq şansı Rusiya rəhbərliyindən asılı olanda - vəssəlam, anladıq ki, artıq uduzduq. Di gəl, özlərinin lider olduqlarını fasiləsiz təkrarlayan adamlar bunu etiraf etmirlər və siyasəti Rüstəm İbrahimbəyovdan azacıq "yaxşı" bilən Cəmil Həsənlini də puç ideyalara inandırıblar". milli.az bildirir ki, bu sözlər AXCP fəallarından birinə məxsusdur. O, əməkdaşımızla söhbətində bildirdi ki, sosial bazasının dağınıq, təşkilati imkanlarının çox az və zəif olmasına rəğmən, müxalifət "va-bank" edərək Rüstəm İbrahimbəyovun elə həmin müxalifətin vahid namizədi qismində seçkilərə qatılmasına çalışırdı. "Məni yandıran məğlubiyyət deyil. Mübarizədə məğlub olmaq qəbahət deyil, çünki siyasətdə ağıllı taktika məğlubiyyətdən yararlanaraq qələbənin təməlini qoymaq deməkdir. Məni yandıran siyasi texnologiyalar və mübarizə strategiyasından danışan, amma ölkə siyasətində korafəhim və tam bacarıqsız olduğunu sübut edən Eldar Namazovun oyununa aldanmağımızdır", - müsahibimiz söylədi.

Onun sözlərinə görə, Azərbaycanın müxalif siyasi təşkilatları və qrupları heç bir ciddi hazırlıq olmadan, ölkədəki daxili siyasi vəziyyəti gerçəkdən dəyərləndirmədən, yalnız vədlərə və xəyallara aldanaraq davrandılar.

Onlar bu siyasi məzhəkənin final hissəsini düşünmədilər.

"Final isə çox acıdır. Şərt küçələrə 500 və ya 1000 nəfər çıxarmaqda, sonra da bunu "müxalifətin böyük qələbəsi" kimi qələmə verməkdə deyil. Şərt imkan və məqsədləri dəqiq müəyyənləşdirməkdə idi. O da olmadı", - müsahibimiz vurğuladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00