Salyanda təbliğat kampaniyasının möhtəşəm sonluğu

Rayonun Qaraçala qəsəbəsində seçicilərlə izdihamlı görüş keçirilib

Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində  paytaxt və regionlarda seçicilərlə görüşlər davam edir. Kampaniya çərçivəsində  seçicilərlə ən mütəşəkkil və izdihamlı görüşlərin keçirildiyi Salyan rayonunda təbliğat-təşviqat dövrünün sonuncu görüşü təşkil edilib. Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatı və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüş rayonun Qaraçala qəsəbəsində baş tutub. Təkcə Qaraçala qəsəbəsi deyil, rayonun digər kəndlərinin seçicilərinin iştirak etdiyi görüşə prezidentliyə namizəd İlham Əliyevin vəkilləri, Yeni Azərbaycan Partiyası yerli rayon təşkilatının rəhbərliyi, rayon ziyalıları və ağsaqallar qatılıb. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov kampaniya çərçivəsində Salyanda çoxsaylı görüşlərin keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Salyan rayonu, bu rayonun seçiciləri hər zaman öz fəallıqları ilə seçiliblər. Rəşad Cəbrayılov deyib ki, hələ 2003-cü ildə keçirilən prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası zamanı cənab İlham Əliyev seçicilərlə ilk görüşünə məhz Salyan rayonundan başlamışdı. Salyan seçicilərinin seçiminin artıq məlum olduğunu diqqətə çatdıran Rəşad Cəbrayılovun sözlərinə görə,  salyanlılar ölkəmizin parlaq gələcəyinə, uğurlara, inkişafa, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevə səs verəcəklər: "Salyan rayonunun sakinləri hər zaman dövlətçiliyin keşiyində duran insanlardır. Bu gün Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan, dövlətimizin bayrağının ucalıqlara yüksəlməsində böyük xidməti olan prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra respublikanın hər bir bölgəsində olduğu kimi Salyan rayonunun həyatında da yeni mərhələ başlanıb. Rayonumuzda genişmiqyaslı quruculuq işləri davam etdirilir. Son 10 ildə Salyanda bir neçə sənaye müəssisələri fəaliyyətə başlayıb ki, nəticədə yeni-yeni iş yerləri açılıb.  Rayona yeni yollar çəkilib, yeni məktəblər, tibb mərkəzləri, şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilib. Görülən işlər rayon sakinlərinin rifahının yüksəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına xidmət edir. Mən əminəm ki, Salyan seçiciləri bu fəaliyyətin gələcək 5 ildə də davam etməsi üçün oktyabrın 9-da hamılıqla seçki məntəqələrinə gedərək prezident İlham Əliyevə səs verəcəklər".

***

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, prezidentliyə namizəd İlham Əliyevin vəkili  Vilayət Əliyev deyib ki,  ölkənin hər bir rayonunda, şəhərində dövlət başçısı İlham Əliyevin fəaliyyəti seçicilər tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir: "Eyni zamanda, prezidentimiz dünya dövlətlərinin rəhbərləri tərəfindən hörmətlə, rəğbətlə qarşılanır. Ölkəmizə belə bir şəxsiyyətin rəhbərlik etməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Hesab edirəm ki, 9 oktyabr Azərbaycan xalqının tarixində çox mühüm hadisədir. Müasir dünyada prezident seçimi xalqın özünün taleyini, gələcəyini seçmək günüdür. Bu baxımdan Azərbaycan xalqı seçki prosesində vətəndaş fəallığı göstərməlidir. Bugünkü izdiham, seçicilərin fəallığı bir daha təsdiq edir ki, xalq artıq öz seçimini müəyyənləşdirib və oktyabrın 9-da bu seçimini rəsmiləşdirəcək". Vilayət Əliyev bildirib ki, ölkəmizin hər yerində müşahidə olunan yüksək əhval-ruhiyyə, xalqımızın prezident İlham Əliyevə sevgisi, göstərdiyi etimad bir daha sübut edir ki, Azərbaycan seçiciləri növbəti 5 ildə də prezident İlham Əliyevin rəhbərliyi altında inkişaflı gələcəyə doğru irəliləməyə qərar verib. Onun sözlərinə görə, Azərbaycan seçicilərinin İlham Əliyevi dəstəkləməsinin kifayət qədər məntiqi əsasları var: "Çünki cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 10 ildə Azərbaycanda ümumi daxili məhsul artıb, əhalinin sosial rifah halı yaxşılaşıb. Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilib. Eyni zamanda müntəzəm olaraq əhalinin əmək haqları və pensiyalar artırılıb. Dünyanın inkişaf etmiş ölkələri kimi hesab edilən dövlətlər maaş və pensiyaların həcmini aşağı saldığı halda Azərbaycanda bu sahədə bir neçə dəfə artım müşahidə edilib.  Ona görə də mən inanıram ki, xalqımız bu inkişafın davam etməsinə səs verəcək. Təbliğat kampaniyası çərçivəsində Salyan seçiciləri ilə keçirdiyim görüşlər və onlarda olan ruh yüksəkliyi belə deməyə əsas verir". Vilayət Əliyev onu da qeyd edib ki, seçkilərin bütün mərhələsində alternativ namizədlər üçün bərabər şərait yaradılıb: "On nəfər prezidentliyə namizəd var. Hər birinə də həm Bakıda, həm də regionlarda görüşlər keçirmək üçün yer ayrılıb. Onlara heç bir məhdudiyyət, maneçilik yaradılmır. Ancaq görək Azərbaycan xalqı həmin namizədləri dəstəkləyirmi? Qətiyyən yox. Onların keçirdikləri görüşlərə məhdud sayda insanların qatılması da belə deməyə əsas verir ki, Azərbaycan xalqı ölkəmizin qarşıdakı beş ildə də məhz cənab İlham Əliyevin rəhbərliyi altında irəliləməsini, daha da inkişaf etməsini arzulayır. Bu arzunu reallığa çevirmək üçünsə xalq oktyabrın 9-da seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verəcək".
Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat qrupunun üzvü, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin  sədri İlham İsmayılov  İlham Əliyevin təbliğata ehtiyacı olmadığını deyib və bildirib ki,  dövlət başçısının 10 illik fəaliyyəti onun ən böyük təbliğatçısıdır: "10 il ərzində görülən işlər, tikilən məktəblər, xəstəxanalar, müasir tipli binalar, körpülər, olimpiya kompleksləri, yeni açılan iş yerləri, sənaye obyektləri, xalqın gündən-günə yaxşılaşan güzəranı, bir sözlə, inkişaf edən Azərbaycan prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir. Mən inanıram ki, bütün seçicilərimiz 9 oktyabrda fəallıq göstərəcəklər, yenidən ümummilli lider Heydər Əliyev siyasətinin davamına, cənab İlham Əliyevə səs verəcəklər".

İlham İsmayılov qeyd edib ki, bir neçə ilə əvvəl dünyada baş verən qlobal iqtisadi böhrandan uğurla çıxan Azərbaycan göstərdi ki, bu problemlərdən özünü sığortalayıb: "Bu gün  ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir. Regionların inkişafı üçün gözəl, əlverişli mühit yaranıb. Təbii ki, bütün bunların hamısı əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun nailiyyətləridir. Mən əminəm ki, 9 oktyabrda Azərbaycan xalqı bu nailiyyətlərin davamına, xoşbəxt gələcəyə-İlham Əliyevə səs verəcəklər. Çünki Azərbaycan xalqı yenidən 1992-93-cü illərdə yaşadığı müsibətləri, faciələri, vətəndaş qarşıdurmasını yaşamaq istəmir". Həmin dövrə qısa nəzər salan ATXƏM sədri qeyd edib ki, o dövrdə hökm sürən özbaşınalıq və Azərbaycanın bir neçə yerə parçalanması təhlükəsi məhz ümummilli lider Heydər Əliyevin sayəsində aradan qalxdı: "1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi bərpa etdi. Bu gün isə ölkəmizin Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir. Ona görə də əminəm ki, oktyabrın 9-da seçki məntəqələrinə gələn Azərbaycan seçiciləri məhz cənab İlham Əliyevə, ölkəmizin davamlı inkişafına səs verəcəklər. Hər bir seçkidə xüsusi fəallıq göstərən Salyan seçiciləri də bu seçkilərdə öz aktivliklərinə görə fərqlənəcəklər". Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri bildirib  ki, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Tədbirdə kənd sakinləri adından çıxış edən Mirabutalıb Əsgərov, şəhid atası Sədi Məmmədov qeyd ediblər ki, bu gün hər bir salyanlı ölkəmizdə gedən inkişaf prosesini yüksək qiymətləndirir və onu alqışlayır. Mirabutalıb Əsgərov deyib ki, prezident İlham Əliyev kəndliyə əkib-becərmək, təsərrüfatını inkişaf etdirməyə, hər bir şəraitin yaradılmasına çalışır: "Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində əsaslı işlər görülür, banklar tərəfindən aşağı faizlə kreditlər ayrılır, kəndlilərə lazımı xidmətlər göstərilir. Dövlət əkinlə məşğul olan təsərrüfatlara maliyyə, texnika, yanacaq, o cümlədən nəğd pul şəklində köməkliklər edir". Kənd ağsaqqalı bildirib ki, prezident İlham Əliyevin səyi nəticəsində bu gün Salyan rayonunda bütün sahələr kimi kənd təsərrüfatı da yüksək səviyyədə yeni inkişafa qədəm qoyub.  Şəhid atası Sədi Məmmədov müharibə iştirakçıları və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açıb. Oğlunun Qarabağ döyüşləri nəticəsində həlak olduğunu diqqətə çatdıran Sədi Məmmədov onun adının əbədiləşdirildiyini və təhsil aldığı orta məktəbə onun adının verildiyini deyib. Bildirib ki, bu dövlətin və dövlət başçısının şəhid ailələrinə diqqətini sübut edir. Kənd sakinləri əminliklə bildiriblər ki, hər zaman dövlətçiliyə sadiqlikləri ilə seçilən Salyan sakinləri 9 oktyabrda ölkəmizi işıqlı gələcəyə aparacaq liderə-Prezident İlham Əliyevə səs verəcəklər. Rəsmi çıxışlardan sonra tədbir incəsənət ustalarının iştirakı ilə davam edib. Xalq artisti Ağadadaş Ağayev, əməkdar artist Elza Seyidcahan bir-birindən maraqlı ifaları ilə seçicilərə xoş anlar yaşadıblar.

Süleyman İsmayılbəyli

 

Bakı-Salyan-Bakı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00