Tərəqqi naminə seçki mədəniyyəti
Səsvermə haqqı hər kəsin vətəndaşlıq hüququdur
7 Oktyabr 2013 13:55 SiyasətHafiz Mirzə
Seçmək və seçilmək hər bir vətəndaşın fərdi, insani haqqıdır. Vətəndaş ağır cinayətlər törətməsə, məhkumluğu olmazsa, yəni bunu özü verməzsə, kimsə onun əlindən ala bilməz. O bu haqqı heç də asanlıqla qazanmadı.Və ümumiyyətlə, müasir seçki prosesi insanlığın yaranışından üzü bu yana çox uzun və keşməkeşli çox çətin yol keçib gəldi. Lakin müasir insanlar bunun qədrini, dəyərini layiqincə bilirmi? İnsan özünün bir sıra fərdi azadlıqlarını, təbii haqlarını və istəklərini ortaya qoymaqla, başqaları ilə cəmləməklə insan cəmiyyətini yaratdı. Bununla o özünün insanlıq keyfiyyətlərindən məhrum olmadı, əvəzində hamı bərabər azadlıq və hüquqlar qazandı. İbtidai icma quruluşu dövründə mağaralarda, yeraltı çuxur və cəngəlliklərdə yaşayan homo-sapiensin insana çevrilməsi prosesi də cəmiyyətin - cəm olaraq yaşama tələblərindən doğdu. Kim ki daha güclü, daha acıqlı, daha amansız idi qarşısını kəsəni öldürür və zorla mağaranın-qəbilənin başçısı olurdu. Amma bununla rahat və qorxusuz yaşamaq mümkün deyildi, onun özünü də nə vaxtsa, kimsə öldürürdü. Başçı ( lider, kral, xan, şah, sultan, əmir, xəlifə, çar, prezident) olmağın daha münasib yolunun tapılması üçün insanlıq qəbilə quruluşu dövründən düşünməyə başladı. Amma əvvəlcə çoxluqda,birgə və rahat yaşayış formalaşmalı idi. Qonşu qəbilələr ortaq meyvə toplamağın, birgə balıq tutmağın, hamılıqla mamont ovlamağın, dinozavrlardan birlikdə xilas olmağın mümkünlüyünü gördülər və tədricən birləşib tayfa birliyini yaratdılar. Yaxın ailələrin təbii birləşməsindən qəbilə, böyüyərək və ya digər qəbilələrin birliyindən tayfa quruculuğu insanlığı bir addım irəliyə apardı. Amma tayfa birliyindən tayfalar birliyinə və ölkə quruculuğuna keçid heç də asan və könüllülük prinsiplərinə uyğun olmadı. Tayfa təfəkküründən xilas olmaq çox çətin idi. Əslində bu, ailəçilik və qohumluq təəssübkeşliyindən qaynaqlanırdı. Müasir zamana qədər bəzi insanların qafasından tayfa təfəkkürü silinməmişdir. Tayfa qəbilədən böyük olsa da, ölkədən çox-çox kiçikdir. Onun hüdudları bir böyük nəslin sərhədlərinə qədərdir. Elin, obanın, kəndin, məhəllənin inkişafında, müdafiəsində tayfaçılığın bəzən faydası da olur. Tayfaçılıq ən yaxşı və ən elitar səviyyədə yurdun sərhədlərinə qədər uzana bilir və yerliçiliyə keçid alır. Amma ölkəçilik, dövlətçilik, Vətənçilik miqyasında və ictimai təfəkkürdə tayfaçılıq anlayışı çox bəsit, dar, bir qədər gülünc, həm də çox ziyanlı və təhlükəli əxlaqi keyfiyyət hesab olunur. Tayfadan bir başa böyük dünyaya keçid yoxdur. Fərdin dünya miqyasına yüksəlişi onun tayfa içərisində ucalmasından başlayırsa, ölkə səviyyəsində uğurlarından keçir. Lakin bunu da inkar etmək olmaz ki, qüdrətli ölkə, qüdrətli dövlət məhz fərdin, ailənin, nəslin, tayfanın qüdrətli olmasına bağlıdır. Zamanında insanlıq bunu düzgün anlaya bilmədi və tayfaçılıqdan və ya yurdçuluqdan ölkəçiliyə, Vətənçiliyə, dövlətçiliyə keçid heç də bütün xalqlarda, millətlərdə eyni qədər düzgün, sürətli və qüdrətli olmadı. Elə ölkələr hansısa tayfanın, tayfaların birliyinin nəticəsində qüdrətlənə və digərlərini özünə zorla birləşdirə bilirsə də, sonra bunun fəsadları uzun illər davam edir, zaman-zaman o dövlətin baş ağrısına çevrilir. Bu səbəbdən də ölkələr, xüsusən də yeni dövlətlər milli ideologiyanın əsaslarını ölkəçilik, Vətənçilik və dövlətçilik prinsiplərinin geniş təbliği və ailə səviyyəsində tərbiyəsinin tədbiqi kimi qəbul etməlidirlər. Əks təqdirdə o ölkədə yerlibazlıq, bölgəçilik, tayfaçılıq zaman-zaman üzə çıxacaq, Vətəndaş müharibəsinə və ya etnik separatizmə səbəb olacaq. Xarici ölkələrin düşmən niyyətli strateji araşdırma institutları da məhz bu məqamların zəif olmasından sui-istifadə etməyə çalışırlar. Ailəçilik, qəbiləçilik, tayfaçılıq ( o cümlədən millətçilik) hər bir ölkənin inkişaf yollarında keçirtdiyi "qızılca" və "çiçək" xəstəlikləri kimi bir şeydir. Hazırda dünyanın ən qüdrətli ölkəsi hesab olunan Amerika Birləşmiş Ştatları da vaxtı ilə bu xəstəliklərdən keçmişdir. 200 ildən çox bir müddətdə Amerika müharibələrə məskən olmuşdur. İndi bütün dünyanın müharibə meydançası Şərqin müsəlman ölkələri olduğu kimi, Avropanın xristian ölkələri də (Portuqaliya, İspaniya, Hollandiya, İngiltərə və sair) Amerika ərazisində müharibələr aparırdılar. Avropada mehriban və sülh şəraitində davransalar da, bu ölkələr Amerikada müharibə aparırdılar. Buna səbəb isə heç də zəka problemi deyildi, o torpaqlarda məskunlaşmağa başlamış insanların ailəçilik, qəbiləçilik, tayfaçılıq psixologiyasından keçməməsi idi. Onlar o torpaqda yaranmamış və ya oralara gəlməsindən böyük tarix keçməmişdi. Nəhayət İtalyadan gələnlər özləri ilə ailəçilik (klan) prinsiplərini gətirdilər. Uzaq və yad bir ölkədə emiqrantların qurduğu klana- ailəyə yalnız nəsil və digər yaxın qohumları tapmaq və daxil etməklə nəyəsə nail olmaq çox çətin idi. Buna görə də onlar ailəçiliyi iqtisadi maraqlarla bir məcazi, amma son dərəcə etibarlı birliyə çevirməyə başladılar. Nəticədə onun sərt və pozulmaz qaydaları formalaşdı və klan (ailə) mafiya halına gəldi. Mafiyalar öz maraqları naminə bir-birlərilə kiçik, qapalı müharibələr aparsalar da, böyük müharibələrdə maraqlı deyildilər. Buna görə də onlar siyasətə təsir etməyə, az sonra onu özləri müəyyənləşdirməyə başladılar və ölkədə vətəndaş müharibəsini səngitdilər. Mafiyalar (klanlar) birləşərək cəmiyyəti yarada bildilər. Bu isə elə tayfa birliyi anlamında idi. Klan ünsürləri sonradan masonun (Beynəlxalq anqlo-saks-yəhudi birliyinin) inhisarına alınması ilə özünün ibtidai xüsusiyyətlərindən məhrum oldu və buna görə də ABŞ-da cəmiyyət quruculuğu tayfaçılıqda ilişib qalmadı. Cəmiyyətin güclü olması onun tərkibini təşkil edən insanların mənəvi - psixoloji durumundan da çox asılıdır. Amma cəmiyyəti düzgün idarə edən əsas amil düzgün və güclü qanunlardır. Dəqiq, mükəmməl və real qanunları cəmiyyətin tərkibini təşkil edən zəka sahibləri müəyyən edə bilərdi. Buna görə də əvvəlcə hökmdar yanında ağsaqqallar şurasi, sonra kilsə və ya məsçidin dini rəhbərliyindən ibarət məclis formalaşdırıldı. Lakin bu heç də cəmiyyətin bütün zümrələrini və xalqın tam istəyini, real həyatın tələblərini ifadə etmirdi. Xalqın seçib müəyyən etdiyi insanlardan ibarət xüsusi məclis, şura, palata, senat və ya xural adlandırılan toplantı mərkəzinin müəyyən edilməsinə ehtiyac yaranırdı. Ehtiyac gerçəkləşməsi anlaşıldı, amma bu insanları seçki üçün əvvəlcə xalq özü müəyyən edə bilmədi. Namizədləri kral, saray nümayəndələr, əyanlar və ya ali dini rəhbərlik seçirdi. Xalq da bu seçilmişləri seçməyə məcbur idi. İran kimi bəzi teokratik, aftoritar rejimlərdə bu indi də belədir, eləcə də partokrat Sovet Hökumətinin zamanında belə idi. İnsanlar sivil bir cəmiyyətdə yaşasalar da onlar rəğbət bəslədiyi şəxslərə deyil, başqalarının seçdiyi adamlara səs verməli olurdular. Bu isə onların insan haqlarını pozur, seçkinin mahiyyətinə xələl gətirirdi. Hakimiyyətin seçdiyi nümayəndələr yalnız hakimiyyətə xidmət edə bilərdi. Lakin dünyanın uzun seçki marafonu keçmiş Roma İmperiyasının sələfləri olan müasir Avropa ölkələri seçim prosesini demokratik prinsiplərlə kifayət qədər yükləyə bilmişlər deyə dünyanın əksər ölkələrində insan cəmiyyətləri seçkiyə bu prinsiplər daxilində önəm verirlər. Bir sıra Şərq ölkələri də bu prinsiplərdən kənarda deyil. Hətta tarixdə ilk demokratik seçim prosesi məhz İslamla bağlıdır. Belə ki, İslam xəlifəsi postuna namizədi səhabələr və tayfa rəhbərləri toplaşaraq müəyyən edir və onu səsvermə yolu ilə seçirdilər. Sonralar yerlərdə bəzi kiçik postlara seçki də əl qaldırmaqla müəyyən edilirdi. Gizli səsvermə isə xəlvətdə və ya seçicilərin sayı qədər toplanmış qozlardan hər kəsin birini götürməsi və namizədlərin kisəsinə atması yolu ilə müəyyən edilmişdir. "Buna da bir qoz" deyimi də seçki xarakterlidir. Sonra hər kəsin kisəsinə atılmış qozlar sayılır, daha çox qoz toplamış şəxs qalib elan edilirdi. Avropada əvvəlcə namizədlərə həqiqi mənada səs ucaltmaqla səs verirdilər. Namizədin adı elan edildikdən sonra onu seçmək istəyən xalq səsini ucaldır, qışqırırdı. Hansı namizəd üçün daha ucadan səs qaldırılardısa (qışqırardılarsa) onu da qalib elan edərdilər. Bu isə əsla dəqiq nəticə yaratmırdı. Sonra adı çəkilən namizəd üçün əl qaldırmaqla, daha sonralar isə bir kağızda namizədin adını yazmaqla seçim etdilər. Və ya özlərinin səsvermə hüququ verən vəsiqələrini namizədlər üçün müəyyən edilmiş qutuya salma yolu ilə seçki keçirilməsi də baş vermişdir. Bir sıra partiya konfransları zamanı bu seçim formasından indi də istifadə olunur. İndiki seçki bülleteni daha mükəmməl hesab oluna bilərdi. Seçicilər xüsusi kağızda yazılmış namizədlərdən birinin qarşısında işarə qoymaqla ona səs vermiş oldular. Lakin bütün hallarda ilk və ən primitiv seçki metodu olan səs ucaltmanın adı "səs vermək" kimi hələ də işlədilməkdədir. Hər kəsin yalnız özünə məxsus olan barmaq izi və səsi mövcuddur. İnsan öz səsi ilə nitqini, intellekt səviyyəsini və məsələyə münasibətini ifadə edir. Həzrət Əli (ə) "Hər kəs öz dilinin altında gizlənmişdir" buyurmaqla, hər kəsin öz nitqi ilə tanındığını bildirmişdir. Beləcə səsin fərdiliyi ilə yanaşı həm də konkret siyasi çəkisi tanınır. Vətəndaşın öz əcdadlarının yaratdığı ölkə və dövlət qarşısında 1-ci borcu olaraq seçkilərdə iştirak etməli və rəğbət bəslədiyi, daha çox layiq bildiyi namizədə öz səsini verməlidir. Lakin təəssüflər olsun ki, Sovetlər dövründən qalma düşüncə tərzi bir çox vətəndaşı seçki prosesindən kənara çəkir. Onlar seçkidə iştirak etməməklə özlərinin vətəndaş olmadıqlarını təsbit etmiş olurlar. Təəssüf ki, seçki barəsində "saxtalaşdırma olmuşdur" iddiası ilə də ən çox bu cür saxta vətəndaşlar çıxış edir. Halbuki onlar seçkidə iştirak etməklə və öz siyasi mövqeyini ifadə bildirməklə saxtalaşdırma ehtimallarını aradan qaldıra bilərlər. Seçki məntəqələrinə oradakı seçicilərin sayı qədər bülleten verilir. Hər bir vətəndaş seçkiyə gəlməklə öz bülletenindən istifadə edərsə, saxtalaşdırmağa bülleten qalmayacaq. Həm də vətəndaş seçkidə təkcə saxtakarlığın qarşısının alınması üçün yox, özünün vətəndaş haqqından istifadə etmək naminə gəlməlidir. Xalqın bütünlüklə səhv seçim edəcəyini düşünmək doğru olmazdı. "Xalqın gözü tərəzidir", "Elin sözü əvvəl-axır düz olur" ifadələri heç nahaqdan yaranmamışdır. Seçki hər bir dövlətin ən mühüm və ən ali siyasi tədbiri sayılır. Bu tədbirdə fəal iştirak edilməsi vətəndaşın həm də mədəni göstəricisidir. İnsan qəbilədən tayfaya, tayfaçılıqdan cəmiyyətə qədər mədəni inkişaf prosesi keçmişdir. Seçki cəmiyyətin müəyyən etdiyi ədalətli seçim prosesidir. Fərd seçkidə iştirak etməməklə bu prosesi inkar etmiş olur. Bir sıra ölkələrdə bütün vətəndaşların seçkidə iştirakına nail olmaq üçün müxtəlif cəza və ya mükafatlandırma növləri tədbiq olunur. Seçkidə iştirak edərkən vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd barəsində qeydlər seçki məntəqəsinin qeydiyyat vərəqlərinə qeyd olunur. Adının qarşısında onun iştirakını təsdiq edən qeydlər olmadıqda vətəndaş seçkidə iştirak etməmiş sayılır. Belə vətəndaşlar barəsində cərimə cəzaları tədbiq edildiyinə görə indi həmin ölkələrdə seçkidə iştirak ənənəsi formalaşmışdır. SSRİ dönəmində isə seçicilər üçün seçki günü məntəqənin yanında az tapılan malların satışı təşkil olunurdu. Seçicilər seçkidə iştirak etdiklərini təsdiq edən xüsusi kupon alır, bunun vasitəsilə az tapılan mallardan almaq hüququ əldə edirdilər. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə seçki mədəniyyətinin formalaşdırılması yollarında heç bir cəza və ya mükafatlandırma forması müəyyən edilmədi. Seçki aktivliyinin yüksəldilməsi məqsədilə namizədlər əyani və şifahi təbliğat formalarından, pulsuz televiziya və radio efirindən istifadə edir, eləcə də seçicilərlə görüşlər və mitinqlər keçirirlər. Lakin görünür seçki mədəniyyətinin formalaşması və aktivliyinin yüksəldilməsi sahəsində bütün bunlar yetərli deyil. Bundan ötrü isə hökmən vətəndaşın mənəvi-əxlaq və mədəni səviyyəsi yüksəldilməlidir. Hər seçki bu yöndə atılmış daha bir addım sayılır. Ölkəmiz və xalqımız adına, inkişaf və mədəniyyət naminə bu addımı atmalıyıq.