Əlikram Hümbətovun Dağlıq Qarabağa səfəri Azərbaycana qarşı növbəti separatizmdir

Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanın ərazi bütövlüyü və diasporun fəaliyyəti" mövzusunda dəyirmi masa keçirilib. "OLAYLAR"ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev bildirib ki, son vaxtlar Azərbaycana qarşı artan təhdidlər və separatizm meylləri cəmiyyətin bu istiqamətdə məlumatlandırılması, diaspor təşkilatlarının hərəkətə gətirilməsini zəruri edir: "Oktyabrın 9-da ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı düşmən mövqeyində olan xarici dairələr respublikada gərginlik yaratmağa çalışırlar". BDM sədri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının da bu kimi həssas məsələlərdə aktiv olmasını arzu edib və bildirib ki, belə hallara qarşı adekvat reaksiya verilməlidir. BDM rəhbəri bildirib ki, bu gün xarici ölkələrdə yaşayan soydaşlarımız hamılıqla cənab prezident İlham Əliyevi dəstəkləyirlər. Professor Ənvər Əhməd çıxışında bildirib ki, özünü vaxtı ilə qondarma Talış-Muğan Respublikasının prezidenti sayan, ölkəmizə qarşı xəyanət yolunu tutmuş Əlikram Hümbətovun bir müddət əvvəl Ermənistana, eləcə də işğal altında olan Azərbaycan torpaqlarına səfər etməsi dövlətimizə qarşı başlanan yeni bir separatizm meyllərinin göstəricisidir. Onun sözlərinə görə bütün Azərbaycan xalqı Əlikram Hümbətovun bu hərəkətini pisləyir və ona qarşı öz etirazlarını ifadə edirlər. MQF və BDM İdarə heyətinin üzvü İradə Rizazadə, Bakı Dövlət Universitetinin müəllimi Əli Eyvazov, "Ağrıdağ" Cəmiyyətinin təsisçilərindən olan tarixçi Kamil Babayev, BDM-in sədr müavini Samir Adıgözəlli məsələyə münasibətlərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00