Millətçi düşərgə niyə zəifdi?

Ümid gənclərə qalıb

Azərbaycanda millətçi cameənin xeyli zəiflədiyi faktdır. Belə bir hakim fikir var ki, bu tendensiya bütün dünyada gedir, türk dünyasında gedir, tək Azərbaycanda belə deyil. Son parlament seçkilərində Milliyyətçi Hərəkat Partiyasının  cüzi səslə üçüncü yeri tutmasını misal gətirirlər. Əslində bu yozum doğrudur. Həqiqətən də hazırda müsəlman ölkələrində bir islam passionarlığı dövrü başlanıb. Türkiyədə AKP-nin qələbəsi, ərəb dalğasının vurduğu ölkələrdə islam qardaşlarının söz sahibi olması dediklərimizin sübutudur. Milliyyətçi cameənin zəifləməsində daha bir əsas amil böyük ülküçülərin-Alparslan Türkeşlə, Əbülfəz Elçibəyin dünyalarını dəyişmələri oldu.  Onlardan sonra düşərgə lidersiz qaldı, xeyli itki verdi. Hazırda Türkiyədə milliyyətçi cameə əvvəlki gücdə və nüfuzda deyil. Ergenekon əməliyyatları və məhkəmə prosesləri milliyyətçi camenin nüfuzuna öldürücü zərbə vurdu. Azərbaycanda millətçi kəsimin zəifləməsi prosesi Əbülfəz Elçibəyin ölümündən sonra gücləndi. Elçibəy tək Azərbaycan millətçisi deyildi. Onun fəaliyyəti bütün türk dünyasını əhatə edirdi. Elçibəy Kərkükü, Dərbəndi, Borçalını, Güneyi, Uyğurstanı, Tatarıstanı, Kıbrısı unutmur, dünyanın harasında olur-olsun türklərin hüquqlarını qoruyurdu. Elçibəyin zamanında Bakıda güneyli, türkiyəli tələbələr, millətçilər çox olardı. Onları tədbirlərdə, mərasimlərdə görərdik. Hər birinin görəvi vardı. Onlar özlərini Elçibəy əsgərləri sayardı. Elçibəyin ölümündən sonra bu millətçi gənclərin ayağı Azərbaycandan kəsildi. Bakıda yaşayan əksər güneylilər Azərbaycanı tərk edib, Avropaya, Amerikaya, Türkiyəyə üz tutdular. Bakıda qalanlarsa, burada ailə qurub türklər demiş çolun-çocuğa qarışdılar, bir parça çörək üçün tamam başqa sənət dalınca getdilər. Onları qınamaq da olmaz. Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların əksəriyyəti millətçi cameəyə yaxın deyil. Onların konkret siyasi hədəfləri var. Onlar ancaq mandat, siyasi dividentlər üçün çalışırlar. Güneylilər, türkiyəlilər onların heç umurunda deyil.  

Bir zamanlar mövcud olan millətçi partiya və təşkilatlar, nəşrlər qeybə çəkilib. Boz Qurd partiyasının lideri olmuş İsgəndər Həmidov siyasətdən gedib.  Türk Millətçi Partiyasının başqanı Vüqar Bəyturan partiyanı buraxıb, şəxsi biznesi ilə məşğul olur. Fərəc Ulusoy Milli Dirçəliş Hərəkatı adlı təşkilat yaradıb, amma millətçi platformadan çıxış etmir. Bir ara bu adam "Türk-Anqlo-Saks Alyansı" yaratmışd.  Görünür, unutmuşdu ki, tarixən türklərlə düşmənçilik edən qövmlərdən biri də elə anqlo-sakslar olub. Kəsəsi, özünü Elçibəy əsgərləri adlandıran adamlar sınaqdan üzüağ çıxa bilmədilər. Hazırda meydanda qalan tək-tük millətçi şəxslərin də ciddi xarizması, dayanıqlı siyasi mövqeyi yoxdur. Amma ümid tam ölməyib. Elçibəy məktəbində yetişmiş gənclər var və ümid onlaradır. Onlar Bakıda, Türkiyədə ağır həyat şərtlərinə dözür, mübarizələrini davam etdirirlər. Bəlkə də Türkiyəni böyütmək, superdövlətə çevirmək üçün islam passionarlığı lazmdı. Azərbaycanda müstəqil dövlət quruldu, indi sosial dövlətin güclənməsi lazımdır. Amma millətçilik Güneyə, Uyğurstana, Rusiya türklərinə lazımdır. Bu baxımdan türk millətçiliyinin zamanı keçmədi, milliyyətçi cameə güclənməlidir.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00