“Avropada yaşamağın yolu vətənini aşağılamaqdan keçir” - Ceyhun Musaoğlu
“Məni öldürməyə cəhd göstərənə, yaxınlarımı qətlə yetirənə mənə və yaxınlarıma qoynunda yer verən məmləkətdən şikayət etmək absurd hərəkətdi, məntiqsizlikdi”
4 Oktyabr 2013 14:18 SiyasətSiqaret çəkmək pis vərdişdir. Papirosun digər pis vərdişlərdən fərqi ondadır ki, səni düşmən qapısına aparır. Küsülünü belə barışdırır. Tərgitmək də çətindir. Çox alüdəçi oldunsa, vaxtı çatan kimi gic olursan. Çəkənlərin cibində həmişə olur. Seks də pis vərdişdir. Siqaretdən fərqli olaraq çox məşğul olduqda iyrəndirir, sağlamsansa, xəstələndirir. Seks demişkən, şair Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayılın Mehdili kəndində doğulub. Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəində 180 əsgər, 6 polis, 60 mülki şəxs şəhid, 91 nəfər isə itkin düşüb. Cəbrayıldan olan Günel Mövlud isə artıq buraları bəyənmir. Mən demirəm, ömrünün əsas illərini Tiflisdə keçirən "Azad seks aşiqi" erməniyə verdiyi açıqlamada özü dedi. Gedirsən get, hara qədər istəsən, ora qədər yolun açıqdır. Nə isə... Əkrəm Əylisli də adamı yordu, beyinlər yenə qarışacaq. Mövzunu qarışdırdım, məntiqsiz danışdım. Söhbət lap bananla turp yeməyə oxşadı, bir dəfə başıma toy məclisində belə bir iş gəlib. Əşşi cəhənnəmə ki, kimə lazımdır. Məsələyə məntiqsiz yanaşma hərdən lazım olur. Güneldə də məntiq yox idi axı.
Yazıçı Ceyhun Musaoğlu isə məntiqli danışır:
- Günel Mövludun erməni mətbuatında Azərbaycanı pisləməsi barədə müxtəlif fikirlər səsləndiriləcək. Kimisi bu addımı səhv, kimisi düz hesab edəcək.
Bəlkə də ilk dəfədir ki, hər hansı hadisəyə birtərəfli baxmaq istəyirəm. Deyirəm ki, Günel xanım düzgün addım atmadı. Sevimli həmkarım o ölkənin mətbuatına şikayət edib ki, həmin ölkə Günelin doğulduğu yurdu-Cəbrayılı işğalda saxlayıb. Həmin ölkənin mətbuatı bu işğala haqq qazandırır. Məni öldürməyə cəhd göstərənə, yaxınlarımı qətlə yetirənə mənə və yaxınlarıma qoynunda yer verən məmləkətdən şikayət etmək absurd hərəkətdi, məntiqsizlikdi. Birincisi, doğrudanmı Günel Mövludu hədələyiblər? Axı bu, ittihamdı, ittiham fakta söykənməlidi. Jurnalistin faktsız danışmağa ixtiyarı yoxdu. Son vaxtlar Günel intim mövzularda ümumi yazılar yazırdı. Belə yazılara görə kimsəni hədələmirlər axı. Günel Mövludu yaxından tanıyıram, uzun illər bir yerdə işləmişik, şair kimi istedadlı qızdır. Ola bilsin ki, bu fikirləri də irəli sürəndə şairlik edib. Çünki şairlər ikili adamlar olur, evdə bir başqa, çöldə tamam başqa... Azərbaycanda elə bir ailə varmı ki, onun şəhidi olmasın, ermənilərdən yaralar görməsin?! Qatilə dərd danışmazlar. İnanmıram ki, kimsə Güneli incidib. Onu bir yazar kimi, hamımız çox istəyirdik, əksər tanınmış ictimai-siyasi xadimlər onun həmişə hörmətini saxlayıblar. Təəssüf ki, Avropada yaşamağın yolu vətənini aşağılamaqdan keçir. Əlbəttə məmləkət barədə tənqidi yazılar, yazmalıyıq. Tənqid inkişafa aparır. Ancaq şikayətimizi düşmənə deməməliyk.
Ömər Zamin