“MQF Seçki Koalisiyası” son tədbirlərini keçirdi
4 Oktyabr 2013 12:34 Siyasət"MQF Seçki Koalisiyası" seçki maarifçiliyi, əhalinin seçki fəallığının artırılması, seçki hüququ ilə bağlı son tədbirlər Bakının Qaradağ və Yasamal rayonlarında təşkil edildi. Seçki müşahidəçilərinin, siyasi partiyaların, bələdiyyələrin, QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə ekspertlər seçki qanunvericiliyi, seçici hüquqları, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi mövzusunda çıxışlar etmiş, ayrı-ayrı təbəqədən olan şəxslərin suallarını cavablandırmış, onlarla fərdi söhbətlər aparmışlar. Xüsusilə ilk dəfə seçkidə iştirak edəcək gənclər üçün belə maarifçilik fəaliyyətinin zəruri olduğu qeyd olundu. Sonda "MQF Seçki Koalisiyası" seçiciləri 9 oktyabr Prezident seçkilərində fəal iştirak etməyə çağırmışdır.
Qeyd edək ki, "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilir.