Avropa Parlamentinin təsir altında olduğu şübhəsizdir - ÖZƏL

"Avropa Parlamentinin bəlli zümrəni təmsil edən deputatları və Avropa rəsmiləri çoxdandır ki, Azərbaycana qarşı müəyyən sanksiyaların tərtibi və tətbiq olunması tələbləri, çağırışları ilə çıxış edirlər. 

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

"Xüsusilə də bu məsələdə erməni mediası və Avropanın Ermənistan yönümlü erməni lobbisinin təsiri altında olan mediası xüsusi aktivlik nümayiş etdirir. Bu dediyim media orqanlarının əlinə harada Avropa Parlamentinin, Avropa Birliyinin bir rəsmisi düşürsə, açıq şəkildə onun boynuna qoymağa çalışırlar ki, guya  Azərbaycan keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləmə həyata keçirdiyinə və Ermənistana qarşı hücum əməliyyatları hazırladığına görə Azərbaycana qarşı sanksiya tətbiq olunmalıdır. Elə ən son bu günlərdə Avropa Birliyinin Təhlükəsizlik Komissarlığının əməkdaşı Stoni adlı şəxs ilə Ermənistan mediasının müsahibəsində ona bir neçə dəfə dolayı formada bu suallar verilsə də,  Stoni ona birbaşa cavab verməyib. Ancaq məsələ burasındadır ki, xüsusilə də Avropa Parlamentindəki idarə olunan ermənipərəst qrup- Fransanın təsiri altında olan qrup Azərbaycan əleyhinə qətnamələrin qəbul olunması və sanksiyaların tətbiq edilməsi üçün dərindən - qabıqdan çıxır. Biz bu deputatların yaxın bir il ərzində bir neçə dəfə Azərbaycanla bağlı belə müzakirələr açdığını görmüşük. Hətta yanvar, noyabr ayında bu tip belə qətnamələr qəbul olundu. Ən ağlasığmaz ittihamlarla, reallığa uyğun gəlməyən ittihamlarla, əsaslarla Azərbaycana qarşı bir neçə dəfə qətnamə çıxarıblar. Sözsüz ki, bütün bunlar hazırda Azərbaycanın bölgədə sülh yaratmaq fəaliyyətlərinin qarşısını kəsmək məqsədi daşıyır. Ermənistanı yeni müharibəyə və revanşa hazırlamaq məqsədi güdür. Bütün bu proseslərin başında da Fransanın Ermənistanla birlikdə bölgədə apardığı pozuculuq oyunları və təcavüzkar planlar əsas rol oynayır.
Avropa Parlamentinin bu gün təsir altında olduğu şübhəsizdir. Nəinki sıravi deputatlar, hətta parlamentin sədri xanım Metsola da dəfələrlə Azərbaycana qarşı açıq təhriflər və qərəzli çıxış edib. Heç bir şübhə yoxdur ki, Avropa Parlamentinin anti-Azərbaycan fəaliyyətləri Fransanın timsalında, Belçikanın erməni lobbisinin əsas siması olan Karapetyanın qara pullarının təsiri altında olmaqla bərabər, həm də Avropa Parlamentinin sədri xanım Metsolanın təsiri altında idarə olunur.
Heç bir şübhə yoxdur ki, Avropa Parlamentində Azərbaycana qarşı fəaliyyət göstərən deputatların fəaliyyəti qara mənbələrdən maliyyələşdirilir. Bu mənbələr bu maliyyənin cüzi bir hissəsi birbaşa Ermənistandan müəyyən hədiyyələr formasında keçsə də, onun əsas hissəsi Avropa ölkələrinin özündədir. Əsasən erməni yönümlü qüvvələrin və erməni əsilli biznesmenlərin həyata keçirdikləri müxtəlif növ cinayətkar biznes fəaliyyətlərindən gələn gəlirlərdir.
Kiməsə sirr deyil ki, Ermənistanda  Azərbaycanın ərazilərində vaxtilə istismar olunaraq aparılan əlvan metalları qızıl, gümüş, almaz və digərləri məhz Avropada erməni lobbisinin təsiri altında olan şəxslərin müəssisələrində cilalanır, hazırlanır, böyük məbləğlərdə pula çevrilərək bu Avropa Parlamentində və digər Avropa strukturlarında Azərbaycana qarşı fəaliyyət göstərən qərəzli və təmənnalı deputatların fəaliyyətinin maliyyələşdirilməsinə yönəldir.
Bu işdə Belçikada yaşayan erməni diasporunun, əsas sima sayılan Karapetyanın qara biznesi həlledici rol oynayır. Təəssüf ki, Azərbaycana qarşı Avropa Parlamentində parlamentində aparılan bu işlərdə Fransanın dövlət xadimlərinin, xüsusilə də Makronun böyük rolu var.
Heç kimə sirr deyil ki, Fransa dövləti bu gün müxtəlif Avropa strukturlarının, o cümlədən Avropa Parlamentinin, Avropa Şurasının Parlament Assambleyasının  Azərbaycana qarşı yönəldilməsində əsas rol oynayırlar. Məqsəd ölkəmizdə sülhün yaranma perspektivlərini qapatmaqdır. Məqsəd Ermənistanı Azərbaycana qarşı yeni müharibə hazırlıqlarına sövq etməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31