Almaniyanın dövlət olaraq siyasəti Azərbaycanla Ermənistan arasında münaqişəni alovlandırmaq deyil - ÖZƏL

"Almaniya əlbəttə ki, Fransadan fərqli olaraq bu məsələlərdə daha konstruktiv mövqe nümayiş etdirir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Ümumiyyətlə, Almaniyanın bir dövlət olaraq siyasəti heç də Azərbaycanla Ermənistan arasında münaqişəni alovlandırmaq deyil. Yəni bu, birmənalıdır. Almaniya dövləti tərəflərdən heç birinin də yanında yer almır, bu da birmənalıdır. Yəni, Almaniya dövləti həqiqətən də bu məsələdə neytrallıq nümayiş etdirməyə çalışır və buna da nail olur. Amma əlbəttə, bəzi məsələlər var ki, həmin məsələlərdə  Almaniyanın ayrı-ayrı rəsmiləri, özəlliklə də Bundestaqın üzvləri anti-Azərbaycan kampaniyalarında iştirak edirlər. Bunu da başa düşmək olar. Niyə? Çünki ermənilər onlarla işləyir, onlara yanlıdırlar, yanlış yola sövq edirlər və təbiidir ki, başqa maraqlar qarşılığında da həmin adamlar anti-Azərbaycan, anti-Türkiyə mövqeyindən çıxış edirlər. Amma bütün bunları nəzərə alaraq biz bir şeyi unutmamalıyıq, Azərbaycan dövləti və özəlliklə də Azərbaycan parlamenti bu gün də çalışmalarını artırmalıdır. Yəni biz özümüz Almaniya ilə daha intensiv işləsək, Almaniya Bundestaqı ilə, özəlliklə ayrı-ayrı deputatlarla daha intensiv işləsək, mənə elə gəlir ki, o görsənişləri də aradan qaldıra biləcək.
Yəni bir sözlə, əsas güc bizə düşür və biz özümüz əlimizdən gələni edə bilərik və istədiyimizə nail ola bilərik ki, Almaniya bizimlə daha konstruktiv işləsin. Yəni, hər şey öz əlimizdədir. Fransa ilə, bəli, bu məsələdə biz istədiyimizə tam nail ola bilməyəcəyik, bu birmənalıdır. Ona görə ki, Almaniyadan fərqli olaraq Fransa həqiqətən də bütün anlamlarda ermənipərəst mövqedən çıxış edir və təbiidir ki, belə bir şəraitdə biz Fransadan nəsə gözləyə bilmərik.
Ona görə mən düşünürəm ki, prezidentin Almaniya təmsilçiləri ilə görüşləri, eyni zamanda bundan öncə də Münhen Təhlükəsizlik konfransı çərçivəsində Prezident İlham Əliyevin Almaniya təmsilçiləri ilə ayrı-ayrı görüşləri, ümumilikdə Almaniyanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirərək danışıqlara vasitəçilik etməsi, bütün bunlar yaxşı görsənişlərdir və buradan hərəkət edərək Azərbaycan dövləti Almaniyanı, Avropanın ən aparıcı iki dövlətindən biri olan Almaniyanı öz tərəfində saxlaya bilər.
Nə etmək lazımdır? Əlbəttə ki, işləmək lazımdır. Özəlliklə də Almaniya Bundestaqı ilə daha geniş işbirliyi imkanları nəzərdən keçirilməlidir. Yəni bizim deputatlarımız, parlamentimizin Almaniya Bundestaqı, Bundestaqın  üzvləri ilə həqiqətən də işi daha da intensivləşdirməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31