Brüssel prosesi effektiv xarakter daşıyırdı-Elçin Xalidbəyli- ÖZƏL

"Brüssel prosesi də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə effektiv xarakter daşıyırdı. Çünki, Şarl Mişel vasitəçilik missiyasını maksimum səviyyədə neytral mövqedən reallaşdırmağa çalışırdı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Ancaq Fransa və onun prezidenti Emmanuel Makron öz pozucu fəaliyyəti ilə Brüssel prosesini bloklamağa nail oldu.
İndi Almaniyanın vasitəçilik missiyasını öz üzərinə götürməsi təqdirəlayiq haldır. Çünki Almaniya kansleri Olaf Şolts da Münhen Təhlükəsizlik Konqresində Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşəbbüskarı rolunda çıxış etdi. Üstəlik, Almaniya kansleri neytral mövqe tutmaqla yanaşı, həm də Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli müzakirələr aparmasına münbit şərait yaratdı. Bu baxımdan, Almaniyanın vasitəçiliyinin nisbətən neytral xarakter daşıdığını düşünmək olar.
Bütün bunlara baxmayaraq, Almaniyanın sülh təşəbbüslərinin nə qədər effektiv olacağı və nə qədər davam edə biləcəyi də hazırda müəyyən mənada, tam dəqiqləşməyib. Çünki böyük ehtimalla Fransa rəsmi Berlinin sülh təşəkkürlərinə də müdaxilə etməyə çalışacağı qətiyyən istisna deyil. Əsas səbəb də Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasının Fransanın bu regiondakı maraqları ilə ziddiyyət təşkil etməsi ilə bağlıdır. Ona görə də, Fransa Ermənistanı intensiv şəkildə silahlandırır və rəsmi İrəvanı yeni savaşa təhrik edir. Bu baxımdan, Fransanın Cənubi Qafqazda sülh prosesini pozmaq üçün Berlin prosesinə də kobud müdaxilələr edəcəyi qətiyyən istisna deyil. Ermənistan hazırda demək olar ki, məhz Fransa tərəfindən idarə olunur. Paşinyan hakimiyyəti rəsmi Parisin bütün tapşırıqlarını və təlimatlarını qeyd-şərtsiz yerinə yetirir. Ona görə də, Fransa Cənubi Qafqazda əsas pozucu faktor rolunu oynamaqda davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31