Fransadan fərqli olaraq Almaniyanın ədalətli mövqe göstərməsi alqışalayiqdir - ÖZƏL
29 Fevral 2024 12:49 Siyasət"Mən Almaniyanın təşəbbüslərini, davranışlarını, cəhdlərini müsbət qiymətləndirirəm". Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"İstənilən halda bölgədə gərginliyin olmasındansa, barışın, sülhün, danışıqların, müzakirələrin olması daha faydalıdır və Fransadan fərqli olaraq Almaniyanın ədalətli mövqe göstərməsi, Azərbaycanla Ermənistanı bir araya gətirmək üçün cəhdlər edilməsi, təşəbbüskarlıq etməsi müsbətdir. Bu cəhdlərin, bu təşəbbüsün cavabsız qalmamasını istərdim. Bu da daha çox Ermənistan tərəfindən asılıdır. Əgər Ermənistan baş naziri Nikol Paşinyan Fransadan aldığı təlimatlarla deyil, erməni xalqının və Ermənistan dövlətinin mənfəəti üçün çalışma göstərmək istəyərsə, bu görüşlərin, müzakirələrin müsbət nəticələr verəcəyinə inanıram. Əgər Paşinyan doğru mövqe sərgiləyərsə, doğru addımlar ata bilərsə, hesab edirəm ki, Azərbaycanla Ermənistan Berlin platformasından faydalı bir şəkildə yararlana və qarşılıqlı olaraq anlaşa və eyni zamanda, sülh sazişi imzalanması üçün lazım olan bir neçə addım daha atmış ola bilərlər. Sadəcə olaraq dediyim kimi, bu artıq Ermənistan tərəfindən tutumu qalıb.
Paşinyanın bəzi davranışlarını müşahidə edəndə o qədər də inamlı ola bilmirəm. Çünki Münhen Təhlükəsizlik Konfransından dərhal sonra qaçıb Parisə getmək, məhz qaçıb getmək, orada Makronla görüşmək və onların ortaq olaraq anlaşmaları və davranışları göstərir ki, Ermənistan pozuculuğa meyillidir. Bu anlamda Paşinyanın bu şansı dəyərləndirməsi və bir araya gəlmək üçün normal ortaq məqsədlərin və nəticələrin əldə olunması üçün qarşılıqlı şəkildə əldə olunan razılaşmalara əməl etməsi lazımdır. Almaniyanın da bu təşəbbüsünü, Almaniya kanslerinin davranışını alqışlayıram, müsbət qiymətləndirirəm".