Azərbaycan bu gün Avropa üçün həyati əhəmiyyətə malik bir ölkədir-Sultan Zahidov-ÖZƏL
28 Fevral 2024 20:08 Siyasət"Ümumiyyətlə, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə katibi Cozep Borell biz bilirik ki, dəfələrlə Azərbaycanın əleyhinə qərəzli bəyanatlar səsləndirmiş, Azərbaycanı əsassız şəkildə guya Ermənistana qarşı aqressiya nümayiş etdirməkdə günahlandırmışdır".
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Biz Avropa Birliyinin institutlarından müxtəlif vaxtlarda əfsuslar olsun ki, Azərbaycana qarşı bu cür qərəzli mövqeyin şahidi olmuşuq. Bir neçə ay öncə Avropa Parlamentində də sanksiyalar məsələsi müzakirə mövzusu kimi gündəmdə idi. Bu o deməkdir ki, Avropa Parlamentində, ümumiyyətlə, Aİ institutlarında müəyyən qüvvələr müəyyən dövlətlərin və diaspora qruplarının maraqlarına xidmət edir. Burada sözsüz ki, ağıla gələn ilk ölkə Fransadır. Fransa müxtəlif vasitələrlə, o cümlədəb regional qurumlar vasitəsilə də Azərbaycana təzyiq göstərməyə çalışır. Sözsüz ki, mətbuat katibi Peter Stanonun bəyanatındakı sanksiya məsələsinin ciddi əsası yoxdur. Bu daha çox çəkindirmə xarakteri daşıyır. İstənilən halda isə əsassızdır. Çünki, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistana qarşı Azərbaycanın heç bir ərazi iddiası yoxdur. Azərbaycan əksinə regionda sülhün və əminamanlığın təmin olunmasında maraqlı ölkədir. O ki, qaldı Avropa Birliyinin sanksiyalar tətbiq etməsi məsələsinə, bununla bağlı Avropa Birliyinin Komissiyasının da mövqeyi sərgilənməlidir. Avropa Birliyinin əsas qurumlarından biri olan Komissiyası eyni zamanda, Avropa Birliyinin Şurası bununla bağlı hər hansı bir bəyanat səsləndirməyib. Çünki, bu qurumlar əksinə Azərbaycanla münasibətlərin normal səpkidə davam etdirilməsinin tərəfdarıdırlar. Həm Avropa Birliyinin Komissiyası, həm də Avropa Birliyinin Şurası başa düşür ki, bu gün Azərbaycan Avropa üçün həyati əhəmiyyətə malik bir ölkədir. Ələlxüsus Rusiya-Ukrayna müharibəsi fonunda baş verən bu enerji böhranından təsirlənən Avropa Birliyi alternativ enerji kanalları axtarışındadır. Burada da Azərbaycanın rolu danılmazdır. Xatırlatmaq lazımdır ki, hələ 2022-ci ilin iyul ayında Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Bakıya səfər etmiş və Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlıqla bağlı memorandum imzalanmışdır. Bu memoranduma görə Azərbaycan Avropaya qaz nəqlini 20 milyard kubmetrə qədər artırmaq öhdəliyini götürmüşdür. Belə olan halda Avropa Birliyinə Azərbaycanla olan münasibətləri korlamaq heç bir halda maraqlı deyildir. Sadəcə müəyyən qüvvələrin erməni diasporasının təsiri altında olan şəxslər var. Əfsuslar olsun ki, onlar Azərbaycana qarşı vaxtaşırı əsassız fikirlər səsləndirirlər. Əgər ən pis ssenari baş verərsə, yəni, Azərbaycana qarşı sanksiyalar tətbiq olunarsa, bundan zərər görən tərəf ilk növbədə Avropa Birliyi olacaqdır. Rusiyaya qarşı iki ildir sanksiyalar tətbiq olunur, amma Rusiya bu gün dünyanın beşinci iqtisadiyyatına çevrilib. Bu gün Azərbaycan Avropa Birliyinə daha çox lazımdır, nəinki, Avropa Birliyi Azərbaycana. Bu baxımdan sanksiyalar məsələsində də itirən tərəf Avropa Birliyi olacaqdır və bu qurumun belə bir addım atmasını mən real hesab etmirəm".