Rəsmi İrəvan bu proseslərin hüquqi nüanslarını nəzərə almamaqda davam edir-Elmir Səftərov- ÖZƏL
28 Fevral 2024 14:09 Siyasət"Birinci Qarabağ müharibəsi dövründə Ermənistan Qarabağ və ətraf rayonlarla yanaşı, Qazax rayonunun 7 kəndini və Naxçıvanın Sədərək rayonunun 1 kəndini də işğal etmişdi. Təbii ki, Vətən müharibəsindən sonra o kəndlərin Azərbaycana geri qaytarılması ilə bağlı müzakirələr aparılırdı. Hətta Ermənistan tərəfindən müsbət mesajlar da verilirdi ki, həmin ərazilər Azərbaycana qaytarıla bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov qeyd edib:
"Lakin bu səsləndirilənlər hər zaman olduğu kimi, Ermənistanın vaxt qazanmaq üçün istifadə etdiyi manipulasiya cəhdləri idi. Amma rəsmi İrəvan bu proseslərin hüquqi nüanslarını nəzərə almamaqda davam edir.
Həmin 8 kənddən anklav olmayan 4-ü Azərbaycana bitişik formadadır. Bu kəndlərin ilkin mərhələdə qaytarılması prioritet məsələlərdən biridir.
Öhdəliklərindən boyun qaçıran İrəvan Gədəbəyin Azərbaycanın Başkənd kəndinin guya Ermənistana məxsus olması barədə əsassız iddia ortaya atır. Bununla da işğal etdiyi Azərbaycan kəndlərini verməkdən boyun qaçırır. Ermənistan çox gözəl bilir ki,
Başkənd də Azərbaycanın tarixi ərzisidir.
Ermənistan tərəfi anklav olmayan kəndlərin qaytarılmasının daha rahat proses olduğunu bildiyi üçün təxribat xarakterli fikirlər səsləndirir. Çünki həmin kəndlərin birbaşa Azərbaycan ərazisi ilə əlaqəsi olduğu üçün heç bir dəhlizə də ehtiyac yoxdur. Buna baxmayaraq. Ermənistan müxtəlif bəhanələrlə prosesləri yubadır.
Ermənistan bilir ki, anklav olmayan kəndləri qaytardıqdan sonra Azərbaycan digər 4 kəndi də ona güzəştə getməyəcək. Eyni zamanda, anklav kəndlərin geri qaytarılmasından sonra Ermənistan tərəfi Azərbaycan üçün dəhliz açılmalı, təhlükəsizlik tədbirlərini yerinə yetirilməlidir ki, bu da müəyyən problemlərə yol açır. Düşünürəm ki, Ermənistan tərəfi həmin 8 kəndin qaytarılması ilə bağlı ciddi addımlar atmalıdır.
Bu baxımdan da delimitasiya məsələləri sülh müzakirələrinin əsas mövzusundan biridir. Delimitasiya və demarkasiya prosesləri olmadan sülh müqaviləsi imzalansa belə, bu, o qədər də etibarlı və uzunmüddətli olmayacaq. Ona görə də əvvəlcə Ermənistan işğal etdiyi Azərbaycan kəndlərini təhvil verilməli və bundan sonra sülh üçün səmimi dialoq başlamalıdır. Əgər Ermənistan xoşluqla bunu etməzsə, Azərbaycan Vətən müharibəsində olduğu kimi, işğal altındakı ərazilərini azad etməyə məcbur olacaq. Çünki, bunun alternativi yoxdur".