Parisin bu cür mövqeyi Fransanın özündə də etirazla qarşılanacaq-Yusif Bağırzadə- ÖZƏL
27 Fevral 2024 13:57 Siyasət"Fransanın davranışları və bu şəkildə cılız üsullara əl atması bu ölkənin hakimiyyətinin zəifliyindən, alternativ mövqeyə, fikir azadlığına dözümsüzlüyündən xəbər verir".
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Əslində Fransa bu cür addımlarla öz müstəmləkəçi zehniyyətini ortaya qoymuş olur. "Dekolonizasiya" mövzusunda keçirilən bir tədbirə Fransadan qatılmaq istəyən nümayəndələrin qarşısının bu yollarla kəsilməsi təbii ki böyük ölçüdə heç nəyi dəyişməyəcək. Çünki irqi, etnik və iqtisadi bərabərsizliklərə töhfə verən, xalqları boyunduruq altında saxlayan, marginallaşdıran, özündə ölkələrin təbii sərvətlərinin talan olunmasını ehtiva edən müstəmləkəçilik siyasəti artıq heç bir normal cəmiyyət tərəfindən qəbul olunmur.
Dekolonizasiya bu sistemli ədalətsizlikləri üzə çıxarmaq və ləğv edərək onları daha ədalətli və əhatəli strukturlarla əvəz etmək məqsədi daşıyır. Dekolonizasiya prosesi həm də müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlaşmanı təşviq edir. İnsanları müxtəlif cəmiyyətlərin tarixləri, mədəniyyətləri və töhfələri haqqında maarifləndirməklə, cəhalətdən və ya qərəzli hekayələrdən yaranan stereotiplərlə mübarizə aparır. Başqa szölə dekolonizasiya bütün mədəniyyətlərin eyni dərəcədə dəyərli olduğunu müdafiə edən bir dünyagörüşünü təşviq edir. Buna qarşı çıxmaq, özü də bu cür cılız üsullara əl atmaq isə heç kimə, o cümlədən Fransaya başucalığı gətirmir.
Mən tamamilə əminəm ki, rəsmi Parisin bu cür mövqeyi Fransanın özündə də etirazla qarşılanacaq".