Beynəlxalq hüquqa görə Xocalı faciəsi sülh və insanlıq əleyhinə yönələn əməldir- ÖZƏL

"Xocalı faciə beynəlxalq hüquqa görə soyqırımı, sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayətdir". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "BMT Baş Məclisinin 1948-ci il qətnaməsi və 1951-ci il yanvarın 12- dən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunub. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb". Deputat bildirib ki, Xocalı soyqırımının əsl mahiyəti və ona hüquqi siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtmasından sonra verilib: "1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verldi. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesi uğurla davam etdirilir. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya Ədalət" kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31