Fransanın iflası davam edəcək -Zeynal Əmrəliyev- ÖZƏL
26 Fevral 2024 17:05 Siyasət"Fransa Azərbaycanın, azərbaycanlıların təşəbbüsü ilə keçirilən istənilən tədbirdə bu cür pozucu yanaşma sərgiləyir. Makron hökuməti belə bir mədəni tədbirə mane olmaqla bir daha nə qədər barbar olduğunu sübuta yetirir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Fransa dövləti "ermənidən daha çox ermənilik" edərək var gücü ilə münaqişənin davam etməsində maraqlıdır. Sülh müqaviləsinin imzalanmasına ən çox mane olan dövlət məhz Fransadır. Azərbaycanın Fransanın apardığı neokolonizm siyasətinin ifşasından sonra Fransa bunun acısını başqa platformalarda çıxmağa çalışır. Ancaq Azərbaycan dövləti hər zaman olduğu kimi yenə də dünyada ədalətin, sülhün ən böyük dəstəkçisi olmağa davam edəcək. Özünü demokratiyanın, insan haqlarının, mədəniyyətin mərkəzi hesab edən Fransanın insanların hüquqlarını bu şəkildə pozması onun göstərilən meyarlardan nə qədər uzaq olduğunun sübutudur. Uzun illər ATƏT-in Minsk Qrupunun həmsədri kimi guya tərəfsiz mövqe nümayiş etdirən Fransanın maskası Azərbaycan 44 gün içində öz torpaqlarını azad etdikdən sonra cırıldı. Fransa artıq ölkəmizə qarşı açıq düşmənçilik siyasəti aparır. Ancaq bu siyasət iflas edəcək. Çünki, heç vaxt şər xeyrə qalib gələ bilmir. Bakı Təşəbbüs Qrupuna qarşı göstərilən bu yanaşma bu qrupun işinə heç bir mənfi təsir göstərməyəcək. Bakı Təşəbbüs Qrupu dekolonizasiya siyasətinə bundan sonra da töhfə verməkdə davam edəcək".