Xocalı soyqırımı qarşımızda dayanan empirik strategiya olmalıdır-Şəbnəm Həsənova- ÖZƏL
26 Fevral 2024 15:16 Siyasət"Xocalı faciəsi-32 il. Bu gün biz tarix boyu ölüm düşərgələrinin ən böyük və ən bədnamı olan Xocalı faicəsinin 32-cı ildönümünü qeyd edirik. Şübhəsiz ki, bu rəqəm qaranlıq düşüncənin məhsuludur, hansında ki, insanlığa xas heç nə, ona yad və ondan kənarda isə hər bir düşüncə, hər bir əməl ehtiva olunur".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bu faciə gələcək nəsillərin yaddaşı ilə bağlı yarana biləcək siyasi, ictimai, psixoloji tendensiyaya işarədir. Məhz təməlləri bu möhkəm tendensiya üzərində qurulacaq nəsil xalqımızın başına gətirilən ən dəhşətli faciə olan Xocalını heç zaman və bir an belə unutmalı deyil.
Xocalı faciəsi insanlığa qarşı tarixən görünməmiş bir hücum, istifadə edilən vasitələrə görə misli görünməmiş bir cəhənnəm idi. Düşmən əslində Xocalı faciəsini törətməklə şüurumuzun dərinliyinə nüfuz edən və ümidsizlikdən qəzəbə, günahdan inkarlığa, iyrəncliyə qədər bir sıra ifrat insan duyğularını əhatə edən ən ağır insan iztirablarını bilərəkdən, şüurlu şəkildə bizə yaşatdı. Bununla da xalqın əzmini qırmaq, milli kimliyimizi sındırmaq istədi. Otuz ilə yaxın zaman çərçivəsində nümayiş etdirdiyimiz əzm və tarixə hər anını şanlı şəkildə həkk etdirdiyimiz 44 gün və davamında gələn ardıcıl zəfərlər ilə bunu bacarmayacaqlarını onlara və havadarlarına sübut etdik. Azərbaycan xalqını arxasınca aparmağı bacaran Liderimiz Xocalı cəlladlarından qisasımızı aldı.
Məhz Xocalı soyqırımı ilə xalqımızın və ona dost olan ayrı-ayrı ölkələrin yadda saxladığı, bir də xatırlamamağı seçdiyi aktorların bundan sonrakı siyasətlərini müəyyən etmək olar. Məhz bu baxımdan da Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bildirdiyi kimi sarsılmaz hesab olunan daşları tərpətdiyimiz üçün bizi bağışlamayacaqlar. Azərbaycan xalqı da eynilə Xocalı soyqırımını bağışlamayacaq. Bağışlamamaq kifayət deyil. On minlərlə azərbaycanlı bundan sonra da tək yumruq, bir bilək olmalıdır. Hər kəs öz işinin peşəkarı, dövlətinin və Vətəninin vicdanlı xidmətçisi olmalıdır, şəhid canı-qanı hesabına bu torpaqlarda dinc yaşadığımızı dərk etməlidir, çünki yalnız bu halda bu Vətənin çörəyi, suyu bizə halal olar. Dövlət başçımız ideoloji aspektdə iş aparmağın əhəmiyyətini vurğuladı, bunu qarşımıza milli məsələ kimi qoydu. Tarix boyu xalqımıza qarşı törədilən soyqırımları, eləcə də Xocalı soyqırımı ideoloji işin daha möhkəm əsaslarla realizə olunması işində qarşımızda dayanan empirik strategiya olmalıdır. Bu strategiya boyu savadlı, təcrübəli, vətənpərvər gənclər formalaşdırılmalıdır. Sadəcə dövlət deyil, cəmiyyət səviyyəsində də ideologiyaya əsaslanan siyasət üstünlük təşkil etməlidir.
Dövlət başçımız müharibədən dərhal sonra, ilkin sarsıntı hökm sürdüyü zaman, genişmiqyaslı təşəbbüslər ilə yeni beynəlxalq hüquqi nizam yaratdı. Xalqına verdiyi sözü hər zaman tutan Liderimiz cinayətkarları Azərbaycan qanunvericiliyi qarşısına çıxartdı və onların hesabını elə xalqımızın gözü qarşısında kəsdi. Bu canilər bəşəriyyətə qarşı cinayətlərə görə mühakimə olundular. Məhz məhkəmə zalındakı ifadələr bu cəlladların vəhşiliklərinin yazılı qeydini yaratdı. Onları ədalətli şəkildə, lazımi prosesə uyğun olaraq mühakimə etməyimiz bütün dünyanın gözü qarşısında oldu. Dövlət başçımızın "bundan sonra da bizdən əl çəkməyəcəklər" dediyi aktorlar birincisi siyasətlərini tarix boyu lallıq və ya inkar üzərində formalaşdırdılarsa, ikincisi isə etiraf edərək yaddaşın mövcud vəziyyətini belə təzələmədilər. Üçüncüsü və ən pisi isə fərziyyə mərhələsində belə ləngər vuraraq xalqımıza qarşı bundan sonra da yanlız mənfi tendensiyaları müəyyən etdilər.
Müharibədən dərhal sonrakı mərhələ həm də yeni dünya nizamının yaradılması ilə paralel getdi. Bu nizam hazırda təhlükə altında olsa da, Zəfərimiz bundan sonrakı mərhələnin konstruktiv hissəsini davam etdirmək baxımından beynəlxalq əməkdaşlıq dövrü üçün zəmin yaratdı. Azərbaycan qurub-yaradan, insanlığa xidmət edən, bəşəriyyətə töhfə verən tərəfdir. Bütün qüvvələr bilməlidir ki, siyasi konyukturadan və beynəlxalq düzəndən asılı olmayaraq Xocalını unutmağımızın mümkünsüzlüyü kimi, hadisələri geriyə aparmaq da mümkünsüzdür. Prezident İlham Əliyevin Xocalıda soyqırımı memorialının təməlini qoyması və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşməsi dövlət başçımızın rəhbərliyi altında dövlətimiz və xalqımızın tək yumruq kimi Xocalı şəhərini yenidən qurub yaratmasından, əslində isə sanki Xocalının yaralarını sağaltmağımızdan xəbər verir".