Azərbaycanda indiyə qədər bu miqyasda tədbir keçirilməyib-Əli Mustafa- ÖZƏL
26 Fevral 2024 14:39 Siyasət"Bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP-29 olduqca böyük tədbirdir. COP-28-in BƏƏ-də keçirilməsini xatırlayırıq. 100 minə qədər təmsilçi, olduqca çox sayda dövlət, hökümət başçıları, rəsmi şəxslər iştirak edirdi. BMT-nin baş katibi belə qonaqları ev sahibləri ilə birlikdə qarşılayırdı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib:
"Demək olar ki, bu gün planetimizdə miqyasına görə ən böyük formatdır. İqlim dəyişiklikləri ilə bağlı dünyada mövcud vəziyyət, iqlimin real durumu, qarşıda duran perspektivlər, ümumiyyətlə bu sahədə dövlərin, beynəlxalq təşkilatların, ekspertlərin mövqeləri, müxtəlif müzakirə panelləri və s. ilə olduqca miqyaslı bir tədbirdir. Tədbirin hazırlanması dövlətin böyük resurslarını tələb edir. Həm insan, həm maliyyə resursları, bu qədər qonağı qarşılamaq, tədbiri təşkil etmək, tədbirin nəticəsində müəyyən sənədlərin qəbul edilməsi məsələsi, nümayəndə heyətinin ölkədə qaşılanması, onların ölkə ilə bağlı təəssüratlarının formalaşması kimi bir sıra məsələlər var. İndiyə qədər Azərbaycanda bu miqyasda tədbir keçirilməyib. Bu tədbirin ölkənin tanınmasında, eyni zamanda dünyada gedən proseslərdə Azərbaycanın dövlət kimi rol almasında da rolu var. Ona görə, COP-29-a ən yüksək səviyyədə hazırlıq görülməsi, təşkilatçılıq işlərinin həyata keçirilməsi zəruri bir məsələdir. Burda işin miqyası o qədər böyükdür ki, Təşkilat Komitəsinin tərkibinin genişləndirilməsi, müxtəlif seqmentlərin, cəmiyyəti təşkil edən tərəflərin bu prosesə qatılması, tədbirin hazırlanmasında onların da qatqısının olması çox faydalı və doğrudur".