Yalnız bundan sonra sülhdən danışmaq olar...-Sultan Zahidov- ÖZƏL

"Azərbaycan 2023-cü ilin sentyabr ayında bölgədə həyata keçirdiyi antiterror hərəkatı nəticəsində Qarabağdan separatizmin izini, tozunu tamamilə silmiş, beləliklə 200 illik tarixə yaxın olan bir problemi kökündən həll etmişdir". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a  açıqlamasında bildirib:

"Bununla belə biz separatizmin Ermənistanda məskunlaşmasının şahidi olduq. Hal-hazırda Ermənistanın paytaxtında dırnaqarası Arsax nümayəndəliyi yerləşir və onun qarşısında dırnaqarası Arsaxın bayrağı da dalğalanmışdır. Bundan əlavə Ermənistanda separatizm meylinin genişlənməsini göstərən müəyyən faktlar da vardır ki, onlardan biri də keçmiş xarici işlər naziri Vardan Voskanyanın dırnaqarası Arsax xalqının vətənə qayıdışı komissiyasını yaratması və bu komissiyaya rəhbərlik etməsidir. Mən ötən gün Vardan Voskanyanın müsahibəsinə baxdım. Orda qeyd edir ki, Voskanyanın bu komissiyanı yaratmaqda məqsədi guya etnik təmizlənməyə məruz qalmış erməni xalqının Qarabağa geridönüşünün təmin olunmasıdır. Amma reallıq ondan ibarətdir ki, Qarabağın erməni sakinləri könüllü şəkildə Azərbaycanı tərk etdi və Azərbaycan sözsüz ki, məcburi şəkildə onları Qarabağda saxlaya bilməzdi. Bu özü də bir hüquq pozuntusudur. İkinci tərəfdən bu günə kimi də Azərbaycan tərəfi Qarabağın erməni sakinlərinə müraciət edərək bildirir ki, onlar istədiyi vaxt qayıda bilərlər, Azərbaycanın onların qayıtması ilə  bağlı hər hansı bir maneəsi yoxdur. Sadəcə Azərbaycan tərəfinin əsas tələbi ondan ibarətdir ki, Qarabağa qayıdan ermənilər Azərbaycanda yaşayan digər xalqlar kimi Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Belə olan halda Azərbaycan dövləti Azərbaycan dövləti onların hər birinin hüquq və təhlükəsizliyini təmin etməyə zamindir. Amma biz bunun əksinə olaraq Ermənistanda separatçıların nümayəndələrinin Azərbaycana qarşı cıxışlarını, Azərbaycanın guya etnik təmizləmə həyata keçirdiyini, Azərbaycanın guya Zəngəzuru işğal etmək istədiyi kimi bəyanatların şahidi oluruq. Bu da ondan xəbər verir ki, həmin o separatçıların nümayəndələri erməni xalqını manipulyasiya edərək bölgədə müəyyən dividentlər qazanmaq istəyirlər. Sözsüz ki, onların hamiləri də var, tək deyillər. O ki qaldı Nikol Paşinyana, mən düşünmürəm ki, Nikol Paşinyan bütün məsələlərdə separatçıların nümayəndələri ilə vahid mövqedən çıxış edir. Çünki, separatçılarla onlar arasında xeyli mübahisələr və narazılıqlar baş vermiş və hətta Paşinyan narahatlıq keçirmyə başlayır ki, Ermənistan daxilindəki bu separatçı rejimin nümayəndələri və onların əlaltıları müəyyən qüvvələr vasitəsilə Paşinyana qarşı üsyan belə qaldıra bilərlər. Heç bir halda Paşinyan dövlətin içində dövlət yaratmasını istəmir. Ona görə də onlar arasında müəyyən problemlər mövcuddur. Digər tərəfdən də Paşinyan hakimiyyəti onlara tam şəkildə qarşı çıxa da bilmir. Çünki, Ermənistan daxilində də kifayət qədər revanşist separatçı hislərə bağlanan insanlar mövcuddur. Paşinyan başa düşür ki, onlara birbaşa rədd cavabı verərsə , Ermənistanda onlar tərəfindən ciddi etiraz dalğalarının yaranmasına gətirib çıxara bilər. Bu da sözsüz ki, hakimiyyətlə separatçı nümayəndələr arasında gərginliyi qaldıran məqamlardan biridir. İstənilən halda Paşinyan hökuməti əgər Azərbaycanla normal münasibətlərin yaranmasında maraqlıdırlarsa, separatçıların Ermənistandakı dayaqlarını o nümayəndəliyi, dırnaqarası bayrağı ləğv etməlidir. Eyni zamanda, konstitusiyasında və digər qanunverici aktlarında Azərbaycana qarşı olan iddiaları aradan qaldırmalıdır. Yalnız bundan sonra sülhdən danışmaq olar. Əks təqdirdə Azərbaycan da müvafiq addımlar atacaq. Sözsüz ki, bu addımlardan biri kimi də Qərbi Azərbaycanın mühacirətdəki hökumətinin formalaşdırılması və bu hökumətin dəstəklənməsi də ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31