İkili standartlar qlobal münasibətlər sistemində ədalət prinsiplərinə böyük təhdiddir- ÖZƏL

"Müasir dünyada ikili standartlar, beynəlxalq hüququn normalarına əməl olunmaması qlobal münasibətlər sistemində ədalət prinsipləri üçün böyük təhdiddir". Bunu "Olaylar"a açıqlamasında deputat Ülviyyə Ağayeva deyib:"Təəssüf ki, bu cür ədalətsiz münasibətə məruz qalan ölkələrdən biri də Azərbaycan olmuşdur. Belə ki, torpaqlarımızın 30 ilə yaxın müddət ərzində işğal altında qalması beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar mənfur ermənilərin əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağı işğal etmələrinə, bu qədim diyarı viran qoymalarına, tarixi abidələrimizi, milli-mədəni irsimizi məhv etmələrinə, azərbaycanlıların öz doğma yurdlarından didərgin düşmələrinə, onların başına  gətirilən müsibətlərə, sərhədboyu ərazilərdə tez-tez törədilən təxribatlara, dinc əhalinin qətlə yetirilməsinə səssiz qalırdılar. Dünya ictimaiyyətinin gözü qarşısında baş verən bu hadisələrə beynəlxalq təşkilatlar tərəfindən seyrçi münasibət ədalət prinsiplərinin pozulmasının bariz nümunəsidir". 
Deputat əlavə edib ki, uzun illər ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib: "Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Amma çox təəssüf ki, biz bununla bağlı heç bir təşəbbüsə eyhamın da şahidi ola bilmədik. Əvəzinə AŞPA 23 oktyabr 2023-cü il tarixində "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul etdi. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələməsinin şahidi olduq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31