QHT müşahidəçilərinin sayı ötən seçkilərlə müqayisədə 4 dəfə artıb

Vətəndaş cəmiyyətinin seçki müşahidəçiliyində iştirak səviyyəsi 2013-cü il və 2018-ci il prezident seçkilərindən xeyli yüksəkdir. Respublika ərazisində müşahidə aparacaq QHT nümayəndələrinin sayı son Prezident seçkiləri ilə müqayisədə 4 dəfə artıb.

Olaylar.az Secki-2024.az-a istinadən xəbər verir ki, bu barədə "Mənim səsim" Seçki Monitorinq Koalisiyasının 7 fevral Prezident seçkisinin monitorinqi ilə bağlı açıqladığı aralıq hesabatında bildirilib.

Qeyd edilib ki, müşahidə prosesinə qoşulacaq QHT-lərin sayı rekord həddə - 78-ə çatıb:

"Ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6 045 nəfər seçki günü prosesdə müşahidəçi qismində yer alacaq".

Hesabatda əlavə edilib ki, koalisiya təmsilçiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ölkəmizə gəlmiş seçki müşahidə missiyasının nümayəndələri ilə və Avropa İttifaqının Azərbaycandakı ofisinin rəhbərləri ilə görüşərək seçki prosesi üzrə fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31