Azərbaycan xalqı hər dəfə seçkidən daha əzmkar çıxıb- ÖZƏL
19 Yanvar 2024 12:13 Siyasət"Azərbaycanda demokratik seçkilərin təməli 1993-cü ilin oktyabrın 3-də, Ümummilli Liderimiz Heydər Əliyevin ilk dəfə ölkə Prezidenti seçildiyi tarixdə qoyulub. Son 30 ildə də hər bir seçki demokratiyaya doğru növbəti bir addım olub. Ötən illərdə hər bir seçki azad, şəffaf və demokratik şəkildə baş tutub. Dostlarımız sevinib, düşmənlərimiz, bədxahlarımız dərindən kədərə qərq olunub. Yəni hər dəfə ölkədə keçirilən seçkilərdən öz maraqları üçün istifadə etməyə, "bulanıq suda balıq tutmağa", Azərbaycanı tutduğu demokratik inkişaf yolundan, müstəqil xarici və daxili siyasət kursundan çəkindirməyə, onu "banan respublikası"na çevirməyə çalışan antiazərbaycan qüvvələrin arzuları gözlərində qoyulub, onlara fiasko yaşadılıb. Hər bir seçkidən Azərbaycan xalqı və dövləti daha monolit, daha səfərbər, daha əzmkar çıxıb". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib:
"Qeyd etdiyiniz kimi, bu il fevral ayının 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Artıq seçkilərlə bağlı müəyyən mərhələ geridə qalıb, namizədlər qeydə alınıb. Hazırda seçkiqabağı təşviqat kampaniyası davam edir. Bütün dünyanın gözü yenə bizdədir. Bizi istəyənlər də, istəməyənlər də seçkiləri maraqla izləyir. Şübhə yoxdur ki, budəfəki seçkilər də tam şəffaf, azad, ədalətli şəkildə baş tutacaq və Azərbaycan xalqı, Azərbaycan seçicisi yenə öz sözünü deyəcək, qətiyyətli mövqeyini ortaya qoyacaq və Azərbaycanı qələbələrdən qələbələrə, zəfərlərdən zəfərlərə aparan siyasi kursa səs verəcək, o kursun sahibini dəstəkləyəcək, ona növbəti dəfə mandat verəcək. Bu dəfə də seçkilərdən daha güclü və daha əzmkar şəkildə çıxacağıq. Kimsənin buna şübhəsi olmasın!"