Pakistanın gücü bəllidir...-Oqtay Qasımov- ÖZƏL

"İranın son dövrlər həm İraq, həm Suriya, həm də Pakistan ərazilərinə raket zərbələri endirməsi hesab edirəm ki, iki səbəbdən qaynaqlanır".

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Birincisi, İran rejimi hal-hazırda dəstək verdiyi Həmas və husilərə ciddi şəkildə kömək edə bilmir. Həm İsrailə, həm də onun müttəfiqləri olan Amerika və İngiltərəyə birbaşa zərbələr endirə bilmir. Bunun əvəzini qeyd etdiyimiz ərazilərdən çıxmağa çalışır və buna əsas kimi də bir müddət öncə Kirman şəhərində həyata keçirilən terror aktını göstərir. Hesab edirəm ki, xüsusilə, Pakistanla bağlı olan digər bir səbəb isə İran özünün daxilindəki gərginlikləri və separatizmlə bağlı məsələlərə reaksiyasını göstərir. Belə ki, İranın özünün daxilində kifayət qədər ciddi problemlər var və digər tərəfdən xarici təhlükələr getdikcə İranın daxilinə doğru yönəlir. Məhz bunun qarşısını almaq üçün İran ölkənin xaricində təhlükələrin qarşısını almağa çalışır. O ki, qaldı Pakistan ərazisinə zərbələrin endirilməsi, zərbə endirilən ərazi Bəlucistan bölgəsidir. Bəlucilər regionun 3 ölkəsində yaşamaqdadırlar. Onların böyük bir qismi Pakistanda, bir hissəsi İranda, bir hissəsi isə Əfqanıstanda yaşayır. Bölgə əhalisi sünni təriqətinə mənsub qəbilələrdən ibarətdir. Bu bölgədə İrana qarşı ciddi etirazlar, separatçı hərəkatlar var. Bunlar radikal dini baxışları olan cərəyanlardır ki, İrana qarşı da son dövrlər ən ciddi etirazlar və terror aktları məhz bu bölgədə həyata keçirilir. Eyni zamanda, bölgə dünya narkotik tranzitinin əsas magistrallarından biridir. Bölgədə fəaliyyət göstərən təşkilatlar da məhz əsas maliyyə qaynaqlarını narkotiklərdən təmin edirlər. Bu baxımdan İranın bölgədə hədəfə aldıqları obyektlər Pakistan dövlətinin deyil, məhz orda olan Ceyşul Ədl adlanan terrorçu qruplaşmaya aid olan obyektlərdir. Bütün hallarda müstəqil və suveren ölkənin ərazilərinə endirilən raket zərbələri olduğundan Pakistan buna sərt şəkildə reaksiya verdi və bu gün səhər Pakistan tərəfi İran ərazisində müəyyən terror qruplaşmasına aid olan obyektlərə zərbələr endirdi, necə deyərlər, cavab tədbirləri həyata keçirildi. Bütün bunlara baxmayaraq, hal-hazırda tərəflər ən azı məsələləri müzakirə etmək imkanına malikdirlər və mən düşünmürəm ki, bu cür hadisələr iki ölkə arasında yaxın zamanlarda hansısa ciddi hərbi gərginliyə səbəb ola bilər və yaxud hərbi münaqişə baş verə bilər. Çünki, İran belə bir riski gözə ala bilməz. Çünki, Pakistanın gücü bəllidir. Pakistan ordusu dünyanın ən güclü 10 ordusundan biridir. Eyni zamanda, Pakistan nüvə silahına malik olan, regionun ən önəmli ölkələrindən biridir. Bu baxımdan yaxın gələcəkdə hansısa daha gərgin vəziyyətin olacağını düşünmürəm. Baxmayaraq ki, İran Pakistanın güclənməsində maraqlı deyil və Pakistanın ənənəvi düşməni olan Hindistanla da çox yaxın münasibətlərdədir. Amma bütün bunlara rəğmən hesab edirəm ki, iki ölkə bu məsələləri diplomatik yollarla həll etməyə qadirdir və buna imkanları var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31