Aİ-nin Azərbaycanla razılaşdırılmadan bu addımı atması sadəcə manipulyasiyadır-Elmir Səftərov- ÖZƏL
18 Yanvar 2024 17:04 Siyasət"Qərb öz ambisiyalarını həyata keçirmək məqsədilə Avropa İttifaqı ölkələrinin (Aİ) Ukraynaya dəstəyini azaltmaması fonunda Aİ-nin Ermənistandakı mülki missiyasının tərkibinin genişləndirilməsi onun ermənipərəst mövqeyini açıq şəkildə büruzə verməsidir. Aİ-nin bu qərarına bir neçə aspektdən yanaşmaq olar."
Bu fikirləri Olaylar.az-açıqlamasında siyasi şərhi Elmir Səftərov bildirib:
"Birincisi, onların addımlarının dinamikası Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi fonunda, xüsusilə diqqətləri cəlb edir və Moskvaya da açıq bir mesajdır. Bu addımı, həmçinin Aİ-nin Cənubi Qafqazdakı səyləri ilə başlayan yeni mərhələnin davamı kimi də dəyərləndirmək olar. Mülki missiya İrəvanla Brüssel arasında münasibətlərin hazırkı siyasi məntiqinə uyğundur.
Regional dövlətlərin, xüsusilə Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın problemlərin həlli istiqamətindəki addımlarının müəyyən irəlləyişlərə gətirib çıxardığını görən Avropa İttifaqının dərhal, Azərbaycanın heç bir razılığı olmadan bu proseslərə müdaxilə etməsi, pozucu rol oynaması artıq adiləşib. Amma Ermənistan unutmamlıdır ki, Qərbin addımları region ölkələri arasında problemlərin həll edilməsinə yox, onun öz siyasi məqsədlərinə nail olunmasına istiqamətlənib.
Brüssel bu missiya ilə Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması səylərini davam etdirəcəyinə və problemlərin həllində hər iki tərəflə işləməyə sadiq olduğunu deyir. Halbuki, son zamanlar Azərbaycan və Ermənistan rəsmiləri münasibətlərin tənzimlənməsindən, hətta sülh müqaviləsinin imzalanmasından danışırlar. İndiki halda Aİ-nin Azərbaycanla razılaşdırılmadan bu addımı atması sadəcə manipulyasiyadır və sərhəddə sabitliyə xidmət etmir. Həmçinin bu missiya təhlükəsizliyə töhfə vermir, əksinə danışıqlar formatını da pozur. Xatırlayırıq ki, 2023-cü fevralın 20-də Avropa İttifaqının növbəti missiyasının Ermənistanda fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni silahlı qüvvələri tərəfindən Ermənistan ərazisindən Ordumuzun Tovuz və Sədərək rayonlarındakı mövqeləri, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən isə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Kəlbəcər, Şuşa və Xocavənd istiqamətlərindəki mövqelərimiz atəşə tutulmuşdu. Bundan əlavə, ötən ilin iyunun 15-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsində ermənilər tərəfindən azərbaycanlı sərhədçiyə atəş açılan zaman da bu missiya demək olar ki, yoxa çıxmışdı. Bu da Aİ-nin missiyasının ikiüzlü davranışından və qərəzli yanaşmasından xəbər verir. Belə anlaşılır ki, missiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin obyektiv monitorinqi ilə məşğul deyil. Missiya Aİ-ni məlumatlandırmaq üçün müxtəlif məsələlərin həllində İrəvana köməklik göstərməklə məşğuldur. Missiya nümayəndələri, həmçinin Ermənistanda yüksək vəzifəli şəxslərlə görüşlər keçirir, Ermənistan Silahlı Qüvvələrinə maddi-texniki dəstək verilməsi üçün konkret addımlar atır, bütün sahələrdə İrəvana istiqamət verirlər".