Prezident İlham Əliyev üçün Azərbaycanın mənafeləri hər şeydən üstündür
19 Yanvar 2024 12:22 SiyasətO, "qırmızı xətti" keçən dövlət başçılarına layiqli cavab verərək yerində oturdub
Məlum olduğu kimi, nəinki keçmiş Dağlıq Qarabağdakı separatçı rejimin, həmçinin Ermənistanın özünün Azərbaycan ərazilərini işğal etmək gücündə iqtisadiyyatı, insan, maliyyə ehtiyatları, hərbi-sənaye kompleksi olmayıb. Dövlətin qüdrəti məsələsində Ermənistan Azərbaycana heç yaxın da gələ bilməyib. Belə olduqda soruşulur: Bəs hansı ölkə və ya ölkələr Azərbaycan ərazilərini nə üçün işğal etmişdilər? Millət vəkili Musa Qasımlı bildirib ki, bu sualın cavabı aydındır: "Azərbaycan Ermənistan ilə təkbətək qalardısa, işğal altında olan ərazilərini qısa müddətdə azad edə bilərdi. Ancaq münaqişənin uzun illər boyu həll edilməməsi həmin dövlətlərin siyasəti ilə bağlı olub. Prezident İlham Əliyev isə səlib yürüşlərindən bəri müxtəlif formalarla davam edən siyasəti 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri nəticəsində darmadağın edən, Azərbaycan ərazisində 1923-cü ildə süni surətdə yaradılmış Dağlıq Qarabağ problemini 2023-cü ildə birdəfəlik həll edən, çibanı kökündən kəsib atan, ikili standartlar siyasəti yürüdən dövlətlərə qalib gələn, milli ideyanı həyata keçirən ölkə başçısıdır". Onun sözlərinə görə, qazanılan qələbə təkcə Azərbaycanın deyildir: "Prezident İlham Əliyev türk xalqları və dövlətlərinin başını uca edən, müstəqil dövlətləri olmayan türk xalqlarında özünə inam hissini artıran, yoluna işıq saçan liderdir. İşğaldan azad edilən ərazilərdə təkbaşına aparılan dirçəliş işləri, qısa müddətdə iki hava limanının istifadəyə verilməsi, yeni şəhərlərin tikilməsi, məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtması Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin qüdrətini və hər bir işin planlı şəkildə həyata keçirildiyini göstərir. Deməli, Prezident İlham Əliyev 1988-ci ildən bəri Azərbaycan xalqının qarşısında dayanan ən böyük problemi həll edən, təcavüzkar Ermənistanı, dünya erməniliyini və onların havadarlarını məğlub edərək ayaqları altında əzən, əraziləri düşmən işğalından azad edən, separatizmin kökünü kəsən, dövlət suverenliyini ölkənin bütün ərazisində bərqərar edən, millətin üstündən ləkəni silən, başını uca edən, xəyallarını, millət üçün möcüzə kimi görünən vəzifələri gerçəkləşdirirərək qarşısında yeni inkişaf dövrü açan ilk və yeganə dövlət rəhbəridir".
Millət vəkili əlavə edib ki, 2003-cü ildə keçirilən seçkilərdə qələbə qazanan İlham Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələ başladı: "Bu mərhələ bir sıra özünəməxsusluqları ilə fərqlənir. Siyasətinin başlıca məqsədi xalqın daha yaxşı yaşaması olan Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində geniş islahatlar həyata keçirdi. Sosial dövlətin qurulması, bərabər imkanların yaradılması üçün başlanan islahatlar dərinləşdirildi. Yeni iş yerləri açıldı. Yoxsulluğun səviyyəsi aşağı salındı. Azərbaycan kasıblar ölkəsindən imkanlılar ölkəsinə çevrildi. Sabaha inam artdı. Gənclərə xüsusi qayğı göstərildi. Təhsil almaq istəyən şəxslər üçün imkanlar yaradıldı. Dövlət büdcəsi hesabına təhsil yerlərinin sayı artırıldı. Təhsil əlçatan oldu. Xarici ölkələrin qabaqcıl universitetlərində təhsil almaqdan ötrü dövlət proqramları qəbul edildi".
Onun sözlərinə görə, 2003-cü ildən sonra keçən müddət tarix baxımından qısa olsa da həyata keçirilən tədbirlər, aparılan islahatlar və inkişaf baxımından bir sıra ölkələrin yüz ildə keçdikləri yola bərabərdir: "Bunu dərk etmək üçün hər şeydən əvvəl, Azərbaycanın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər yetirmək gərəkdir. Ötən 20 il Azərbaycanın daxili ictimai-siyasi, iqtisadi, mədəni həyatı və xarici siyasəti bir sıra özünəməxsusluqlarla əlamətdar olub. Prezident İlham Əliyev hakimiyyətinin ilk 20 ilində Azərbaycan tarixində bir sıra ilklər yaratmış dövlət başçısıdır. O, ilk növbədə, rəqabətə davamlı Azərbaycan dövləti qurub. Ölkəmiz dünyada baş verən enib-qalxmalara, təlatümlərə hazırdır, dayanıqlıdır. Bu illər Azərbaycan Respublikasında dövlət quruculuğunda və xarici siyasətdə varisliyin, böyük dövlət və siyasət adamı Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin yeni şəraitə uyğun olaraq davam etdirilməsi, ölkənin müasirləşməsi illəridir. Hakimiyyətə gəldikdən sonra Prezident İlham Əliyev minilliklər tariximizdən gələn milli-mənəvi köklərdən ayrılmayaraq, tarixi varisliyə dayanaraq ölkənin müasirləşdirilməsini bir vəzifə olaraq qarşıya qoydu. Soruşulur: müasirləşmə Azərbaycana nə üçün lazımdır? Tarixin təcrübəsi göstərir ki, hər hansı bir ölkənin zəngin təbii sərvətləri və çoxlu maliyyə vəsaitləri ola bilər. Lakin əgər ölkəni idarə edənlər həmin təbii sərvətləri milli sərvətlərə çevirə, yeni texnologiyaları tətbiq edə, millət üçün dövrün tələblərinə uyğun olaraq yeni milli ideyalar müəyyənləşdirə bilmirlərsə, insanlar əməyi yadırğayırlarsa ölkə digərlərindən geri qalır, rəqabətə tab gətirmir, zəifləyir və sıradan çıxmağa doğru gedir. Buna dair çoxlu misallar gətirmək olar. Məlum olduğu kimi, tarixən mövcud olmuş xalqların və ölkələrin bir çoxu məhz zamanla ayaqlaşa, müasirləşə bilmədikləri üçün hazırda dünyanın siyasi səhnəsində yoxdurlar, yalnız tarix kitablarında adları qalıb. Zamanla ayaqlaşmayan, dövrün şərtlərinə tab gətirməyən, inkişaf yolunu müstəqil və düzgün müəyyənləşdirə bilməyən xalqların çoxu hazırda söz sahibi deyillər, arxa planda qalıblar. Bir zamanlar Roma və Bizans imperatorluqları, Portuqaliya, İspaniya, Hollandiya, Osmanlı dövləti, Avstriya-Macarıstan dünya siyasətinə ya hökmranlıq edərdilər, ya da xeyli nüfuzlu idilər. Lakin zaman-zaman onların bəziləri həm dünyada gedən müasirləşmə proseslərinə uyğunlaşmadıqlarından, həm də amansız rəqabət şəraitində xarici güclərin təsiri altında zəifləyiblər, bəziləri isə parçalanıblar".
M.Qasımlı qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinə daim yeni ideyalar, hədəflər göstərib: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu və təsiri, ona maraq göstərən, əlaqələr qurmaq istəyən dövlətlərin sayı artıb, dostları çoxalıb. 20 ilin təcrübəsi göstərdi ki, Azərbaycan sözü ilə işi bir olan, ləyaqətli bir dövlətdir. Prezident İlham Əliyevin "mənim sözüm imzam gücündədir" sözlərinə daim əmin olan dünya ölkələrinin başçıları Azərbaycan rəhbərinə hörmətlə yanaşır, ondan öyrənirlər.
Yalnız milli-dövlət maraqlarının, haqq və ədalətin yanında olan Prezident İlham Əliyev üçün Azərbaycanın mənafeləri hər şeydən üstündür. O, "qırmızı xətti" keçən dövlət başçılarına layiqli cavab verərək yerində oturdub. Dünya siyasətinin, beynəlxalq münasibətlərin həm tarixi, həm nəzəri, həm də praktik baxımdan mahir bilicisi olduğundan Prezident Azərbaycan dövlətinin xarici siyasətinə böyük uğurlar gətirib. Azərbaycan Respublikası heç bir dövlətin və dövlətlər qrupunun, qütblərin deyil, yalnız özünün milli-dövlət maraqlarının yanındadır.
Bilavasitə Prezident İlham Əliyev Azərbaycan dövlətinin sədrliyi müddətində Qoşulmama Hərəkatına yeni nəfəs verib, həmin təşkilatın üzv dövlətlərinin dünya siyasətində rolunun artmasına nail olub. Açıq şəkildə bildirib ki, dünya 25-30 dövlətdən ibarət deyildir. Belə mövqe həm də ikili standartlar siyasətinə qarşı açıq, cəsarətli etirazdır. Ötən illər ərzində ərazisinin bir hissəsinin işğal altında qalmasına, qaçqın və məcburi köçkünlərin olmasına baxmayaraq, Azərbaycan yenidən qurulan, inkişaf edən bir ölkəyə çevrilib. Ölkədə geniş inşaat işləri aparılıb, qaçqın və məcburi köçkünlər üçün evlər tikilib. Başqa hər hansı bir ölkə belə vəziyyətdə olsaydı ağır bir vəziyyətə düşərdi. Prezident İlham Əliyev Azərbaycan modeli yaradıb.
Yürüdülən düzgün siyasət nəticəsində Azərbaycan Respublikası Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75%-ni öz əlində cəmləşdirib. İqtisadiyyatın neftdən asılılığına son qoymaqdan ötrü addımlar atılıb, böyük layihələr həyata keçirilib. Ölkəni xarici hərbi müdaxilədən qorumaq qabiliyyətində olan güclü ordu və müasir hərbi-sənaye kompleksi yaradılıb. Beynəlxalq silah sərgilərində özünəməxsus yer tutan Azərbaycan silah satan ölkədir.
Demokratikləşdirmə və vətəndaş cəmiyyətinin qurulması məqsədi ilə islahatlar həyata keçirilib. Siyasi partiyaların yenidən qeydiyyata alınması prosesi başa çatdırılıb. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilib. Azərbaycan yeni müstəqil dövlətlər arasında islahatların ən geniş və uğurla aparıldığı bir ölkədir. Dövlət rəhbərinin ayağı dəyən yerlər gülüstana çevrilir. Bütün bunlara görə İlham Əliyev Azərbaycan xalqının minilliklər tarixində Qurucu Prezident adını qazanıb. Əslində hakimiyyəti illərində bir möcüzə yaradaraq dünyaya təqdim edib. Bu, Azərbaycan möcüzəsidir".
Alim