Müharibə uşaqları və müharibənin uşaqları..

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Müharibələr həmişə aktual olan bir fenomendir. Dövlətlərin mənafeyindən başlanan və bütün cəmiyyətə təsir edən müharibədə tərəflər demək olar ki, bütün imkanlarından istifadə edir və qalib gəlməyə çalışır. Hazırda İsrail-Fələstin müharibəsi gündəmdədir və hər iki ölkədə mülki itkilər var. Müharibələrdə tərəf tutmaqdan və ya hər hansı tərəfi müdafiə etməkdən uzaq, ağlımıza gələn ən vacib şey müharibənin ortasında olan uşaqlardır. Müharibə və savaşların ən günahsız qurbanları, şübhəsiz ki, uşaqlardır. Əsrlər boyu milyonlarla uşaq müharibə, savaş, məişət terroru və zorakılıq aktlarının qurbanı olub. Müharibəyə yalnız uşaqların gözü ilə baxdıqda, müharibənin iştirakçısı olmadan, uşaqlar üçün hansı dağıntıların ola biləcəyini proqnozlaşdırmaq olar. Minlərlə dəfə şahidi olduğumuz müharibələr nəticəsində ölümlərin, köçlərin, yoxsulluğun, insanların öz torpaqlarını tərk etmək məcburiyyətində qaldığının bir daha şahidi oluruq. Müharibə və savaşların uşaqların həyatında çoxlu mənfi nəticələri var. Yaralanma, əlil olma, işgəncəyə məruz qalma, öldürülmə, pis rəftara məruz qalma, valideynlərini və qohumlarını itirmə, zorakılığın (fiziki, psixoloji, cinsi) qurbanı və icraçısı olma, müharibə və münaqişələrdə uşaq əsgər kimi istifadə edilməsi, məcburi köçə məruz qalma, miqrasiya yerlərində marjinallaşma, təcrid və daha nələr... Müharibənin uşaqlara təsiri diqqətəlayiqdir. Uşaqlara dəymiş ziyan ödənilməyəndə bütün cəmiyyətə müxtəlif formalarda təsir edəcək problemlər yaradır. Müharibə kimi böyük dağıdıcı təsiri olan bir fenomen bütün cəmiyyətə mənfi təsir göstərsə də, onun uşaqların həyatında yaratdığı dağıntı daha böyükdür. Müharibə və uşaqları birlikdə düşündükdə ilk ağlımıza gələn uşağa fiziki ziyan dəyməsinin qarşısını almaq və onun sağ qalmasını təmin etməkdir. Uşaqların şəxsiyyət və xarakterlərinin formalaşdığı dövrdə müharibənin şahidi olması, həyat tərzinin dəyişməsi və ya yaşadıqları ölkələrdən köçməsi onların həyat tərzini dəyişir. Uşaqlar müharibə səbəbiylə girməli olduqları inkişaf mərhələlərinə gedə bilmirlər. Xaotik bir mühitdə uşağın inkişaf və vəzifələrini nəzərə almadan, yalnız yaşına uyğun olan bioloji ehtiyaclarını ödəməyə cəhd edilir. Uşaqlıq həyatımızın ən mühüm dövrlərindən biridir və fərdlərin həyatında mühüm yer tutur. Uşaqlıq gəncliyi və yetkinliyi formalaşdıran bir dövr olsa da, sevgi və nifrətin formalaşdığı, ailə daxilində və xaricində münasibətlərimizi yönləndirən, bizi kim edəcək təcrübələr və öyrənmələr yaşadığımız bir dövrdür. Belə mühüm və kritik bir dövrdə uşaqların müharibənin ortasında tək qaldığını təsəvvür etmək belə bizi düşündürməyə kifayət edir. Uşaqlar terrorun və müharibənin günahsız qurbanlarıdır. Hər cür zorakılıq hərəkətlərinin uşaqlar üzərində travmatik təsiri onların fiziki, psixoloji və mənəvi inkişafına daimi ziyan vurur. Keçmişdən bu günə qədər milyonlarla uşaq müharibələrin və terror aktlarının günahsız qurbanı və şahidi olub. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, 2015-ci ildən bəri silahlı münaqişələrdə 120 mindən çox uşaq ölüb və ya yaralanıb. İsrailin Qəzzanı bombalaması ilə bu rəqəm xeyli artıb. Müharibə təkcə müharibənin yaxın şahidi və qurbanı olan uşaqlara deyil, media vasitəsilə uzaqdan zorakılıq görüntülərinə məruz qalanlara da təsir edir. Bütün bu zorakı görüntülər uşaqlarda psixoloji pozuntulara səbəb olur. Bəs, dünyanın keçdiyi bu çətin dövrdə müharibə anlayışı uşaqlara necə izah edilməlidir? Onlara ümid aşılamaq, gözəl gələcəyin varlığına inandırmaq nə üçün vacibdir? Psixoloq Ülkər Məmmədli ilə müharibə, savaş görüntülərinin uşaqlarda buraxdığı psixoloji travmatik izlərdən danışdıq. Onun sözlərinə görə, gələcəyi quracaq yeni nəsillər rəqəmsallaşan dünya ilə nəzarətsiz şəkildə qarşıdurma görüntülərinə məruz qala və zorakılığı normal qəbul edə bilirlər: "Uşaqlar üçün mümkün risklərdən biri odur ki, onlar avtoritet fiqurları tərəfindən həyata keçirilən zorakılıq hərəkətlərinin mənəvi cəhətdən məqbul olduğunu düşünməyə başlaya bilərlər. Uşaqları qorxuda bilən, həyəcanlandıran, hətta onların narahatlığına səbəb ola biləcək izahatlar verilməməlidir. Bundan əlavə, hələ də doğru ilə yanlışı ayıra bilməyəcək yaşda olduqlarını nəzərə alaraq, ayrı-seçkiliyə yol vermədən izahatlar mümkün qədər neytral şəkildə aparılmalıdır. Bu yaşda olan uşaqlar üçün ədalətsizlik başa düşülən deyil. Haqsızlıq isə dünyaya və özlərinə olan inamı sarsıdacaq bir vəziyyətdir. Hər hansısa bir müharibə təsvir edilən zaman şiddəti tərifləmək, əsas çıxış yolu kimi göstərmək, müharibəni həll yolu kimi təqdim etmək uşaqların mənəvi inkişafına mənfi təsir göstərir. Uşaqlar üçün mümkün risklərdən biri odur ki, onlar cəmiyyətin, insanların, hakimiyyət nümayəndələrinin zorakılıq hərəkətlərinin mənəvi cəhətdən məqbul olduğunu düşünməyə başlaya bilərlər. Bu səbəbdən yetişkin insanlar müharibə ilə bağlı siyasi və şəxsi şərhlərdən qaçınmalıdır. Rəqəmsal dünyada uşaqları müharibə və ya terror hücumlarının görüntülərindən qorumaq çox çətindir. Qorxu, təşviş və özünə inam itkisi uşaqlarda müşahidə oluna bilən bu cür görüntülərin təsirlərindən yalnız bir neçəsidir. Uşaqların yaşadıqları narahatlığı azaltmaq isə onların valideynlərinin üzərinə düşür. İlk növbədə, valideyn uşağa danışmaq, özünü ifadə edə bilmək imkanı verilməli və nə hiss etdiyini və necə hiss etdiyini anlamağa çalışmalıdır. Söhbət zamanı sakit səslə, uşaqla eyni səviyyədə və onun üzünə baxaraq söhbəti davam etdirmək lazımdır. Bəzi uşaqlar susur, özünə qapanır və sual vermədən hadisəni öz daxilində yaşayırlar. Uşaqların danışmamasının səbəblərini tapmaq vacibdir. Uşaqlar valideynlərinin onlara qayğı göstərdiyini və onları dinləyib anlaya bildiklərini aydın hiss etsələr, onlar öz hiss və düşüncələrini bölüşməyə hazır olacaqlar. Müharibə ilə bağlı görüntülərə və xəbərlərə daxil olmaqda evdə təkrar dinləmək və izləməkdən çəkinmək, uşaqlardan uzaqda ağır mövzuları müzakirə etmək kimi ehtiyat tədbirləri daha faydalıdır. Əvvəla, valideynlər telefon, planşet və ya televiziya xəbərləri ilə çox vaxt keçirməkdən çəkinməli və öz ekran vaxtlarını nəzarətdə saxlamalıdırlar. Unutmaq olmaz ki, uşaqlar görüb, müşahidə edərək nümunə götürürlər. Valideynlərin yaxşı ünsiyyət qurmadığı və hadisəyə əhəmiyyət vermədiyi hallarda isə uşağın narahatlığı daha da arta bilər. Çox vaxt uşağa baxmağa cavabdeh olan böyüklər bəlkə də öz narahatlığını qismən boğmaq üçün uşaqları ilə travmatik hadisələr haqqında danışmaq istəmirlər.Onlar elə davranırlar ki, sanki hadisə heç baş verməyib və ya olduqca əhəmiyyətli bir hadisə deyil. Bu vəziyyət uşaqların hadisələrlə bağlı öz ssenarilərini və fərziyyələrini yaratmasına səbəb olur. Ancaq uşağın beynində təsəvvür etdiyi vəziyyət qeyri-müəyyən və təxminlərə əsaslandığı üçün uşağı çox narahat edir. Müharibə və qarşıdurmaların baş verdiyi xaotik mühitlərin uşaqlara fiziki və sosial təsirlərini açıq şəkildə görmək mümkündür. Xüsusilə bu mənfi təsirlərə birbaşa məruz qalan və ya şahidi olan uşaqlar şiddətli qorxu və çarəsizlik hissləri ilə mübarizə aparırlar. Bu qorxular hadisənin yenidən təkrarlanması, yaralanma və ya ölüm, tək və müdafiəsiz qalmaq, cəzalandırılmaq və ya səhvlərinə görə günahlandırılmaqla bağlı ola bilər. Müharibə travmasına məruz qalan uşaqlarda post-travmatik stress pozğunluğuna işarə edən bəzi reaksiyalar ola bilər ki, bu da düzgün idarə edilmədikdə inkişafa mənfi təsir göstərə bilər. Məsələn, hərəkətlilik, yuxu və iştah problemləri, diqqət verə bilməmə, əsəbilik, narahatlıq və ya hərəkətlilik kimi əlamətlər, qorxu və tək qala bilməmək kimi xüsusiyyətlər özünü göstərə bilər. Müharibə təcrübəsi ilə əlaqədar post-travmatik stress pozğunluğunun digər əlamətlərinə narahatlıq, gərginlik, həyəcanlı vəziyyətlər, qəzəb və aqressiv davranışlar daxildir. Bu nöqtədə uşaqlara inam və ümid vermək böyük əhəmiyyət kəsb edir. Bəs uşaqların sarsılmış inamını bərpa etmək mümkündürmü? Alınması lazım olan ilk və əsas ehtiyat tədbiri uşağın adət etdiyi gündəlik həyat tərzini qorumaqdır. Uşağın mümkün qədər müharibə və zorakılıq görüntülərindən uzaq tutulmasını, yaxınları və ya etibar etdiyi insanlarla ünsiyyətdə vaxt keçirməsini təmin etmək vacibdir. Uşağa tez-tez təhlükəsiz mühitdə olduğu bildirilməli və tək olmadığına əmin edilməli, hisslərini ifadə etməsinə icazə verilməli, müharibə və buna bənzər qorxulu və kədərli hadisələr baş verəndə bunları hiss etməyin normal olduğunu söyləmək lazımdır. Uşaqlara tez-tez sarılmaq, onlara yaxın olmaq, onlarla daha çox vaxt keçirmək və bütün çətinliklərin öhdəsindən gələcəyinə ümid aşılamaqla onlara sevilən və dəyərli olduqlarını ifadə etmək də vacibdir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31