Güclü, qüdrətli Azərbaycan regionda fransızların qarşısında əngəldir
8 Sentyabr 2023 10:20 SiyasətErmənistan sözün həqiqi mənasında müharibə ab-havasındadır. Son aylar müntəzəm olaraq atəşkəsin pozulması, şərti sərhəd boyunca təxribatların artması, bütün bunlarla paralel olaraq Azərbaycanla şərti sərhəd boyunca külli miqdarda silah-sursat və hərbi texnika yığması İrəvanın yaxın günlərdə Azərbaycana qarşı növbəti müharibəyə başlayacağını deməyə əsas verir. Elə Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə də bu qənaətdədir. O bildirib ki, Ermənistanın hərbi aktivlik nümayiş etdirməsi sülh danışıqlarının nəticəsiz yekunlaşmasına xidmət edir. AVP rəsmisi hesab edir ki, ikili oyun oynamağa adət etmiş Nikol Paşinyan müxtəlif platformalarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etsə də, müəyyən müddətdən sonra yenidən vəziyyəti gərginləşdirməyə yönəlik davranışlar sərgiləyir, prosesi ləngitməyə çalışır:
"Təbii ki qarşı tərəfin bu tip manevrlər etməsi vaxt qazanmağa hesablanmış addımlardır. Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatlarla lokal qələbə qazanmaq cəhdləri daxili auditoriya qarşısında özünün siyasi imicini gücləndirmək istəyindən irəli gəlir. Lakin bütün hallarda Nikol Paşinyanın komandası məğlubiyyətə uğrayır. Başqa bir məqam isə separtçı rejimin varlığının sonuna yaxınlaşmasıdır. Qanunsuz separtçı rejim daxilində artıq çox ciddi böhran yaşanmaqdadır və Araik Harutinyanın istefası bunun ən ciddi göstəricisidir. Məlum şəxsin istefası ona işarədir ki, artıq bu şəxslərin Qarabağda varlığı hər hansı bir əhəmiyyət kəsb etmir və proseslər rəsmi Bakını Xankəndi üzərində öz suverenliyini bərpa etməyə daha da yaxınlaşdırır. Bu situasiya Nikol Paşinyan üçün arzuolunmazdır. Düşmən dövlətin son təxribatından sonra təəssüf doğuran məqamlardan biri də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında vasitəçi kimi çıxış edən ölkələrin heç bir reaksiya verməməsidir. Əksinə heç bir əsas olmadan həmin dövlətlər tərəfindən Laçın sərhəd buraxılış məntəqəsilə bağlı qərəzli mövqeyin davam etdirilməsinin şahidi oluruq. Bu isə ölkəmizin qarşılaşdığı növbəti ikili standartlardan biridir". Pərviz Mirizadə deyib ki, regionda cərayan edən prosesləri 3-cü dövlətlərin maraqları kontekstindən də şərh etməkdə fayda var:
"Çünki bir çox hallarda həmin güclərin öz maraqlarının təmininə yönəlik siyasi davranışları region üçün olduqca təhlükəli xarakter daşıyır. Bilindiyi kimi Ermənistan hərbi-siyasi rəhbərliyi müəyyən vədlər qarşılığında Fransa, İran, Hindistan kimi dövlətlər üçün ölkə sərhədlərini açır və onların dəstəyindən yararlanaraq Azərbaycan qarşısında dividentlər qazanmağa çalışır. Bunu bir növ müttəfiq axtarmaq kimi də qiymətləndirmək olar. Həmin güclərin dəstək adı altında pərdələdikləri siyasətinin ardında isə daha böyük planlar yatır. Təbii ki, hər üç dövlətin maraqlarını şərh edərəkən ölkəmizə qarşı daha aqressiv və intensiv təzyiq nümayiş etdirən Fransadan başlamaq daha məqsədə uyğundur. Azərbaycan 1997-ci ildə Fransanın ATƏT-in Minsk qrupunda həmsədrliyinə razılıq verməklə bu ölkənin "ermənipərəst" siyasətini minimallaşdıra bilmişdi. Çünki həmsədr dövlətlər prosedur gərəyi bitərəf mövqe sərgiləməkdə hökmlü idi. Ancaq 2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistan üzərində parlaq qələbə qazanması artıq Minsk üçlüyünün fəaliyyətini əhəmiyyətsiz etdiyindən onlardan imtina olundu. Bundan sonra isə Paris əsl simasını nümayiş etdirməyə başladı. Ard-arda gələn bəyanatlar və bu ölkənin senatında çıxan qətnamələrlə İrəvana göstərilən dəstək bu gün də davam etməkdədir".
Bəs Fransanın regionda neokolinalist siyasət həyata keçirmək istəyinin səbəbləri nələrdir?
AVP rəsmisi hesab edir ki, Fransa Afrika qitəsində çox ciddi nüfuz itirməsi mərhələsini yaşayır və bu proses mütəşəkkil xarakter daşımaqla fransızların qara qitədə hakimiyyətini sonlandırmağa doğru istiqamət alır. Təbii ki, məlum proseslərin ardında Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi dövlətlərin dayanması Parisin işini daha da çətinləşdirir. Bu fonda Cənubi Qafqaz regionunun, Xəzər hövzəsi, daha ötə Orta Asiyanın yeraltı zənginlikləri və iqtisadi potensialı, bölgənin nəqliyyat logistika imkanları Makron admistratsiyası üçün cəlbedici görsəndiyindən Ermənistan üzərindən regiona yerləşməklə bu zənginliklərdən faydalanmağa çalışılır. Bilindiyi kimi rəsmi Paris Ermənistan ordusunun "Haykakan Banak" modernləşdirilməsi istiqamətində də fəal rol oyanıyır. Müharibədən sonra keçən müddət ərzində fransız silah istehsalçıları düşmən ordunu radioelektron mübarizə sistemləri, kamikadze dronlar və onların səyyar idarə etmə məntəqələri, kiçik radiuslu HHM sistemləri ilə təchiz edib. Bu isə ermilərdə revanşist meyllərin artmasına şərait yaradır. Lakin bütün bunlara baxmayaraq regionun əsas iqtisadi, hərbi və siyasi gücü olan Azərbaycanın varlığı fransızların qarşısında səddir, əngəldir. Ermənistana göstərilən dəstəyin ardında dayanan əsas niyyət Azərbaycana təzyiq mexanizmləri qazanmaq istəyindən irəli gəlir. Digər tərəfdən 2024-cü il Fransada keçiriləcək prezident seçkiləri öncəsi hakimiyyətə iddialı olan istənilən siyasi fiqur erməni lobbisinin dəstəyini qazanmaqa çalışır və onlara xoş görünmək naminə Azərbaycanla Türkiyə əlehinə kompaniyaya başlayır. Bu xətt ənənəvi xarakter daşıdığından Makronda eyni yolla hərəkət edir, lobbi dəstəyini ardına almaqla öz siyasi ambisiyalarını həyata keçirməyə çalışır".
Pərviz Mirizadə deyib ki, Azərbaycana qarşı Ermənistana dəstək verən dövlətlərdən biri də Hindistandır: "Baxmayaraq ki, Pakistan-Azərbaycan İslam həmrəyliyi fonunda bu gün də Cənubi Qafqazda Yeni Dehlinin əsas iqtisadi tərəfdaşı məhz ölkəmizdir. İki ölkənin iqtisadi əlaqələrinin həcmində hər hansı bir enmə hiss olunmur, əksinə artan xətlə davam edir. Maraqlı nüans isə Hindistan rəsmiləri bu zamana qədər rəsmi Bakının İslamabadla əlaqələrinə və Camu-Kəşmir məsələsindəki siyasi tutumun bilsə də bu yaxınlığı əksər hallarda problemə çevirmirdi. Lakin 44 günlük Vətən Müharibəsindən sonra bu yanaşmada əsaslı dönüşün və Hindistan rəsmilərinin Ermənistana vəkilliyinin şahidi olduq. Narendra Modi hökuməti İrəvanla müxtəlif miqdarda silah-sursat satışını həyata keçirən müqavilələr imzalayır, İranın da iştirakı ilə hərbi avadanlıqları Ermənistana çatdırır. Hindistanın müsəlmanlara qarşı diskriminasiya siyasəti aparması bəllidir. Lakin özünü İslam dinin mühafizəkarı kimi qələmə verən Tehran rəhbərliyi "din ayrı, siyasət ayrı" yanaşması ilə Azərbaycana qarşı Dehli ilə əməkdaşlıq edir, düşmən münasibət sərgiləyir. Təbii ki, molla rejiminin siyasəti hər kəsə bəllidir və bu mövzu haqqında çox danışılıb".
Rəsmi Dehlinin Azərbaycana münasibətdə qeyri-dost davranışının ardında hansı səbəblər dayanır bəs?
AVP rəsmisi deyir ki, bu istiqamətdə əsas səbəb kimi ölkəmizin qardaş Pakistanla olan hərbi əməkdaşlığı göstərilsə də, Azərbaycana qarşılıq olaraq Ermənistanın silahlandırılması Hindistana heç bir şey qazandırmır:
"Məsələnin əsl mahiyyətini Ermənistanın Hindistana ixrac etdiyi qiymətli metallar, qızıl ixracındada axtarmaq olar. 2020-ci il iki ölkə arasındakı 148 milyon dollarlıq ixracın 147 milyon dolları məhz qızıl ixracının payına düşmüşdür. Ermənistan bu qiymətli metalları böyük ölçüdə Kəlbəcərdə yerləşən Zod qızıl yatağından əldə edirdi. Lakin günümüz reallıqlarında bu mümkün olmadığından Hindistan ucuz xammal idxalından məhrum edilib və bu səbəbdən də ölkəmizə qarşı aqresiyya nümayiş etdirilir. Ancaq Azərbaycan türk dünyasının bir parçası olduğundan Yeni Dehlinin məlum siyasi ritorikası onların zamanla türk dünyası ilə əlaqələrinədə təsirsiz ötüşməyəcək".
Süleyman İsmayılbəyli