Ermənistan ekoloji terroru davam etdirməkdə israrlıdır

İstiqamət: ekologiya və ətraf mühitin mühafizəsi

Müasir dünyada iqtisadi proseslərin, xüsusən də sənayenin və istehsalın sürətli  inkişafı ətraf mühitə mənfi təsiri ilə müşahidə olunmaqdadır. Sürətli iqtisadi inkişaf həm də təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Belə bir şəraitdə ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə qlobal problemə çevrilib. Məhz gözlənilən ekoloji fəlakətin qarşısını almaq məqsədilə  dünyanın aparıcı dövlətləri ekoloji tarazlığın təmin olunması məsələsinə xüsusi diqqət yetirirlər. Azərbaycanda da ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dövləti ekoloji vəziyyətin nəzarət altında saxlanması məqsədilə dövlət proqramları qəbul edir, ən müxtəlif layihələr və proqramlar çərçivəsində tədbirlər həyata keçirir. Təmiz ekoloji mühitin yaradılması istiqamətində su ehtiyatlarından səmərəli istifadə, Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, tullantıların idarə olunması, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması, müşahidə və monitorinq sistemlərinin modernləşdirilməsi, atmosfer havasının mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoturizmin və akvakulturanın inkişafı, meşə örtüyünün, yaşıllıqların mühafizəsi və artırılması, çirklənmiş ərazilərin bərpası, torpaq ehtiyatlarının münbitliyinin artırılması, mineral-xammal bazasının genişləndirilməsi və təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təfəkkürün artırılması əsas prioritet istiqamətlərdən hesab olunur. Paralel olaraq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində, hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə addımlar atılır. 2023-2025-ci illər üçün ekoloji siyasətin də əsas istiqamətləri ölkə ərazisində ətraf mühitlə bağlı mövcud problemlərin həll olunması ilə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühit komponentlərinin mühafizə edilməsi, əhalinin təbii ekoloji mühitdə yaşamaq hüququnun təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasına nail olmaqdır. Məslə orasındadır ki, Ermənistan dövləti hazırda da Azərbaycanın su ehtiyatlarının qarşısını kəsmək, çayları zərərli tullantəlarla çirkləndirmək, flora və faunanı məhv etmək siyasətindən əl çəkmək niyyətində deyil.

Sirr deyil ki, Qarabağ və onun ətrafındakı rayonların uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulmuş, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, əhalinin sudan qəsdən məhrum edilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur. Ümumiyyətlə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalı dövründə Azərbaycanın qədim Qarabağ bölgəsinin nadir ekosistemləri üçün ciddi təhlükə yaranmışdı. Ermənistanın qanunsuz hərəkətləri ölkəmizin ümumbəşəri davamlı inkişaf məqsədləri və iqlim dəyişmələrinə qarşı tədbirlərlə qətiyyətli şəkildə ziddiyyət təşkil edirdi.

Artıq hazırki dövrdə həyata keçirilən ekoloji siyasətin önündə işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpa olunması dayanır. Rəsmi məlumata görə, Vətən müharibəsində ölkəmizin qazandığı qələbə sayəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası işləri çərçivəsində bu ərazilərdə təbii ehtiyatların və ətraf mühitin mövcud vəziyyəti araşdırılacaq, məhv edilmiş ekosistemlərin bərpası üzrə  proqramlar icra ediləcək, üzərində nəzarət bərpa edilmiş təbii resursların ölkə iqtisadiyyatına reinteqrasiyası sahəsində aidiyyəti üzrə tədbirlər icra ediləcək. Lakin Azərbaycanın bütün cəhdlərinə baxmayaraq işğalçı Ermənistan dövləti hələ də ərazilərimizdə ekoloji fəlakət törətməkdə davam edir.

Elə  "Environmental Protection First" Koalisiyasının yaydığı bəyənatda da Ermənistanın Cənubi Qafqaz ekologiyasını fəlakət bölgəsinə çevirdiyi əksini tapıb. Bəyənatda deyilir ki, Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar (Ararat) rayonunun Arazdəyən (Yerasx) ərazisində tikilməkdə olan metallurgiya zavodunun tikintisi beynəlxalq səviyyədə qəbul edilmiş standartlara və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasının (Espo Konvensiyasının) tələblərinə açıq şəkildə məhəl qoyulmadığını göstərir: "Espo Konvensiyasi ekoloji problemlərin milli sərhədlərdən kənardakı ərazilərə də təsir etdiyini qəbul edir və birdən çox ölkənin təsirləndiyi müəyyən vəziyyətlər üçün beynəlxalq dialoqun vacibliyini vurğulayır. Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma olmadan sərhəd boyu ərazidə belə bir obyektin tikintisi transsərhəd situasiyalarda ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlmiş 1991-ci il Espo Konvensiyasının tələblərinin açıq şəkildə pozulması deməkdir. Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı ratifikasiya ediblər. Espo Konvensiyasının təlimatlarına uyğun olaraq, tikinti ilə bağlı Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi tikinti olan əraziyə yaxın olan Azərbaycan ərazisində yaşayan sakinlərin, eləcə də ekofəalların rəyi nəzərə alınmaqla, Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırılmalıdır. Belə bir böyük zavodun tikintisi nəticəsində transsərhəd kontekstdə yaranan ətraf mühitə müdaxilə ilə bağlı Ermənistan Azərbaycanın heç bir qurumu və ya təsirə məruz qalan əhali ilə kommunikasiya qurmayıb".

Bəyənatda həmçinin qeyd olunur ki, Espo Konvensiyasının 3.1-ci və 3.7-ci maddələrinə, eləcə də həmin Konvensiyanın I Əlavəsinin 4-cü bəndinə istinad edərək, Azərbaycan tərəfi rəsmi olaraq Ermənistandan Arazdəyəndə (Yerasx) həyata keçirilən fəaliyyətlərdən irəli gələn mənfi transsərhəd təsirlərə dair hərtərəfli məlumat tələb edib. Bu məlumatın verilməsi Ermənistanın beynəlxalq öhdəliyidir: "Azərbaycan tərəfinin guya Arazdəyəni (Yerasxı) atəşə tutması ilə bağlı Ermənistanın cavabında irəli sürülən əsassız ittihamlar tamamilə yalandır və qəbuledilməzdir. Biz ekoloji fəlakətlə bağlı dərin narahatlıqlarımızı dilə gətirsək də, Ermənistan bunu bilərəkdən siyasiləşdirir və mövzudan yayınmağa çalışır. Bu cür təxribatlar ekoloji pozuntular üçün kamuflyaj ola bilməz. Ermənistanın rəsmi qurumları məlumatları təqdim etmək əvəzinə, media vasitəsilə mümkün təsirlərin minimal olacağını ilə bağlı inandırmağa çalışırlar. Təəssüf ki, bu mövqe Espo Konvensiyasının tələblərinə ziddir".

Bir daha xatırladaq ki, Azərbaycan Respublikasının Qarabağ regionunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməklə, uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə zərər vurulmuş, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri məqsədli şəkildə talan olunub. 44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu tərəfindən  torpaqlarımızı işğaldan azad etməsinə baxmayaraq erməilər yenə də  ekoloji terrorun törədilməsində maraqlıdırlar. Məhz bu səbəbdən nəyin bahasına olursa olsun Azərbaycanla sərhəddə metallurgiya zavodunun tikintisində israrlıdırlar.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın   İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31