BMT TŞ-də müzakirələr yalnız ermənilərin deyil, bütün separatçı qüvvələrin məğlubiyyətidir

BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclası nəticəsiz başa çatdı. BMT TŞ-nin 15 üzvünün - 5 daimi, 10 qeyri-daimi - iştirakı ilə təşkil edilən iclasda heç bir qətnamə, bəyanat qəbul edilmədi. Bununla da rəsmi İrəvan son kartını oynamış oldu. Politoloq Turan Rzayev qeyd edib ki, Rəsmi Bakı BMT TŞ-nin iclasından narahat deyildi. Məsələ ondadır ki, təşkilat illərdir vahid qərar verməkdə acizdir. Burada qətnamələr  konsensus, ya da səs çoxluğu ilə qəbul edilir. Yəni Ermənistana ən azı 9 səs lazım idi. Bundan başqa, 5 daimi üzvdən heç biri veto hüququndan istifadə etməməlidir: "Xüsusilə daimi üzvlərin bir-birinin əleyhinə veto hüququndan istifadə etməsi illərdir təşkilatın qərarvermə mexanizmini bloklayıb. Misal üçün, Rusiya və Çin hər zaman digər 3 üzv - ABŞ, Fransa və Böyük Britaniyanın təkliflərinin əleyhinə səs verirlər. Bundan başqa, 15 üzv ölkə arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin olması, habelə BMT-nin ərazi bütövlüyümüzü tanıması rəsmi Bakını rahatladan məqamlardan idi. Lakin buna baxmayaraq, Azərbaycan BMT TŞ-nin iclasına hazırlıqlı getmişdi. Bunu ölkəmizin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyevin çıxışından da görmək olur. Y.Əliyevin çıxışı zamanı qeyd etdiyi arqumentlər, təqdim etdiyi foto-materiallar, sənədlər Bakının iclasa hazırlıq səviyyəsindən xəbər verirdi. Bundan başqa, usta diplomatın təmkinli duruşu, bədən dili, jestləri də onun arxayınlığından, əslində isə onun timsalında Bakının əlinin güclü olmasından xəbər verirdi. Nəticə etibarilə Ermənistan və havadarı Fransanın təşəbbüsü ilə keçirilən BMT TŞ-nin iclası Bakının qələbəsi ilə yekunlaşdı. Bu, İrəvanın son ciddi kartı idi".

Onun sözlərinə görə, Azərbaycan BMT TŞ iclasında sərgilədiyi qərarlı və inamlı mövqeyindən əl çəkməməli, xüsusilə humanitar yüklərin yalnız Xankəndi-Ağdam yolu ilə daşınması tələbinin üzərində durmalıdır: "Qarşıdan sentyabr ayı gəlir. Ümumiyyətlə, sentyabr-oktyabr ayları son illərdə xüsusilə Cənubi Qafqazda hərbi kontekstdə aktiv aylar hesab edilir. Əlbəttə, bu o demək deyil ki, Azərbaycan mütləq sentyabrda hərbi əməliyyatlara başlayacaq. Ermənistan hazırkı mövqeyindən əl çəkib reallığı qəbul etsə, separatçılar təxribatlara yol verməyib reinteqrasiya prosesindən yayınmasa, regionda hərbi gərginlik üçün əsas olmaz. Lakin bunların əksi baş verəcəyi təqdirdə rəsmi Bakı əvvəlcə xəbərdarlıq mahiyyətli kiçik, daha sonra isə genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Mümkündür ki, separatçılar küncə sıxışmağın yaratdığı vəziyyətdən daha aqressivləşib təxribatlara əl atacaqlar. Belə olan təqdirdə rəsmi Bakı lazımi tədbirləri görəcək".

Siyasi şərhçi Zaur İbrahimli bildirib ki, BMT TŞ-də müzakirələr yalnız ermənilərin deyil, bütün separatçı hərəkatların, qüvvələrin məğlubiyyətidir: "Azərbaycanın separatçı qüvvə və ideologiyalara bütövlükdə böyük zərbəsidir.  BMT TŞ-nin separatçılar lehinə hər hansı qərarı  bütün dünyada separatçı hərakatlara qol-qanad verərdi. Çox pis bir president yaranardı. İndiki həssas və Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda BMT TŞ separatçılara böyük hədiyə olardı. Son illər onsuz da milli suverenlik məsələləri daha aktuallaşıb, COVİD pandemiyası da göstərdi ki,  qloballaşma potensialı bu zaman üçün maksimuma çatıb və bundan irəli getmək mümkün deyil. Azərbaycanın hazırda apardığı siyasət bütövlükdə region və dünyada separatizmə qarşı böyük zərbədir".

Millət vəkili Azay Quliyev qeyd edib ki, Ermənistanın "humanitar böhran", "blokada" və "soyqırım" adı altında yürütdüyü təbliğata və siyasi manipulyasiyaya TŞ-nı alət etmək cəhdi kapitulyasiya acısını yaşayan  bir ölkənin və bütövlükdə,  erməni separatizminin Qarabağın reinteqrasiyası və Azərbaycanın bu ərazilərdə suverenliyinin tam bərpa olunması prosesinin qarşısını almaq istiqamətindəki son çabaları və  son çırpntıları kimi qiymətləndirmək lazımdır: "Bu zavallılar hələ də 1988-ci ilin taktikası ilə, yəni, dünya ictimaiyyətini aldatmaq yolu ilə nəyəsə nail olmnağa ümüd edirlər  və bu səbəbdən bütün lobbi qruplarını, pulla ələ aldıqları mətbuat nümayəndələrini və Okampo kimi "beynəlxaq hüquq ekspertlərini" istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasını genişləndiriblər. Ancaq Ermənistan rəhbərliyi və himayə etdikləri separatçılar da yaxşı bilir ki, nə zaman, nə Azərbaycan dövləti və xalqı, nə də Azərbaycan hakimiyyəti 1988-ci ildəki deyil. BMT TŞ-da nə müzakirə edirlərsə etsinlər, nə qərar verirlərsə versinlər, bunlar Azərbaycanı öz haqlı yolundan döndərə bilməz və çox keçmədən dövlətimiz Xankəndi və ətraf ərazilərdə öz suverenliyini və yurisdiksiyasını yenidən bərpa edəcəkdir. Bu prosesin ya dinc, ya da məcburetmə yolu ilə baş verməsi labüddür və qaçılmazdır. Bu yolun hansı birinin olması seçimini isə Ermənistan və Qarabağ erməniləri etməlidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31