Ermənistanın növbəti diplomatik fiaskosu
17 Avqust 2023 18:18 Siyasət2020-ci ilin sentyabr ayından etibarən Ermənistanın məğlubiyyət seriyası davam edir. 44 günlük Vətən müharibəsi dövründə hərb cəbhəsində biabırçı məğlubiyyətlə üzləşən İrəvan ondan sonrakı dövrlərdə bu məğlubiyyəti diplomatik sahədə hansısa uğurlu addım ataraq konpensasiya etməyə çalışsa da, lakin atılan hər bir addım İrəvan üçün növbəti uğursuzluq yaşadıb.
Sözügedən hadisə ilə bağlı siyasi ekspert Çingiz Şahbazi deyib ki, Ermənistanın həyasız siyasəti və havadarları olan Rusiya və Fransanın da niyyətləri ürəklərində qaldı. Onun sözlərinə görə, Azərbaycan bütün dunyaya bir daha sübut etdi ki, Laçın dəhlizi adlandırdığınız Laçın yolu eks-territorial statusa malik deyil: "Laçın yolu Azərbaycanın suveren ərazisidir. Bu arada Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın saxta, "blokada, aclıq, fəlakət" idealarına fotolarla cavab verdi və düşmənin siyasi mövqelərinə zərbə vurdu. Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində isə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə yenidən kölgə salmağa çalışan və bu istiqamətdə saxta arqumentlər ortaya qoyan Ermənistanın növbəti təxribat kompaniyası da bu qədər fayda vermədən sonuclandı". Çingiz Şahbazi deyib ki, iclas zamanı BMT -nin Təhlükəsizlik Şurasının bəzi üzv dövlətlərinin ədalətsiz mövqelərinə də şahidi olduq: "Əslində BMT kimi mötəbər bir beynəlxalq təşkilatın bu qədər siyasiləşməsi təşkilatın gələcək fəaliyyətlərində ədalətli qərarların qəbul edilməsi istiqamətində ciddi şübhələr ortaya qoya bilər. Son olaraq demək istəyirəm ki, artıq bu etap da başa çatdı və Ermənistan heç bir şeyə nail ola bilmədi. İndi böyük ehtimalla növbəti təxribatlar yəni sıra döyüş meydanına daşına bilər ehtimalı daha çox gözləniləndir".
Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında çıxış edənlərdən heç biri Ermənistan rəhbərliyinin tirajladığı tezislərdən bir dənəsini səsləndirmədi:
"Kimsə "etnik təmizləmə", "soyqırım", "aclıq", "humanitar fəlakət", "mühasirə" və s. kimi ifadələri dilinə belə gətirmədi. Kimsə Qarabağdakı rejimin mövcudluğu və ordakı əhalinin "xalq" olduğu barədə kəlmə işlətmədi. Heç Vaqif Xaçatryanın və ya Rəşid Bəyləryanın həbsi kimsənin yadına düşmədi, çünki bu fəaliyyətlər beynəlxalq hüququn tələblərinə tamamilə uyğun həyata keçirilib".
Ədalət Verdiyev diqqətə çatdırıb ki, iclasın sonunda isə Ermənistanın "ağlaşmasına" dair nəinki qərar, heç bəyanat və ya tövsiyə xarakterli bir sənəd qəbul edilmədi: "BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət, eləcə də Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyəti ilə bağlı təkliflərini dəstəklədilər".
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ermənistan, Qarabağ separatçıları, erməni lobbisi və onlara dəstək verən mərkəzlər Laçın yolu mövzusunu beynəlləşdirməyə çalışırlar: 2BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələrin qayəsini bu təşkil edirdi. BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənəd qəbul edilmədi. Bu mümkün də deyildi. Çünki qətnamənin qəbulu üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin yekdil qərar verməsi lazım idi. Bu isə indiki şəraitdə mümkün deyil. Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çin hər zaman digər 3 üzv - ABŞ, Fransa və Böyük Britaniyanın təkliflərinin əleyhinə səs verirlər. Rusiya-Ukrayna müharibəsi fonunda ikiyə ayrılan qütbün münasibətləri daha da gərginləşib. Ona görə də, daimi üzvlərdən birinin - Fransanın Ermənistanın və Qarabağ separatçılarının xeyrinə qəbul etmək istədiyi sənədə Rusiya dəstək verməyəcək, veto hüququndan istifadə edəcəkdi. Bunun digər səbəbi Moskvanın ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallığından keçirdiyi narahatlıqdır".
Politoloq deyib ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə ABŞ və Böyük Britaniyanın da maraqlarına cavab vermirdi, hər ikisinin Azərbaycanla strateji tərəfdaşlığı mövcuddur: "ABŞ və Böyük Britaniyanın BMT-dəki təmsilçiləri sadəcə Laçın yolunun açılması vacibliyini bildirdilər, eyni zamanda alternativ yolların istifadəsini də mümkün saydılar. Ümumiyyətlə Təhlükəsizlik Şurasında "Ağdam-Xankəndi yolu" ifadəsinin tez-tez səslənməsi faydalı idi. Vaşinqton və London Azərbaycana qarşı hər hansı sənəd qəbul etməməklə Bakı ilə münasibətləri korlamaq istəmədilər, "Laçın yolu açılmalıdır" deməklə isə İrəvanı razı salmağa çalışdılar. Albaniyanın BMT-dəki təmsilçisinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çıxışı isə iki ölkə arasındakı münasibətlərin inkişafı üçün yaxşı zəmindir".
Bəs bundan sonra nə olacaq?
Politoloq hesab edir ki, Ermənistanın hakimiyyət təmsilçiləri BMT-də Azərbaycan əleyhinə hər hansı qətnamənin qəbulunu məğlubiyyət kimi qiymətləndirməyəcəklər, "biz mötəbər beynəlxalq təşkilatda Qarabağ ermənilərinin mövcud durumu və Laçın yoluyla bağlı müzakirələrə nail olduq" fikrini əsas tutacaqlar: "Ancaq zaman keçdikcə bu müzakirələr unudulacaq, reallıq isə dəyişməyəcək: Qarabağ erməniləri Ağdam-Xankəndi yolundan istifadə etməli və Azərbaycan qanunları ilə yaşamalıdırlar! Bu məsələdə güzəşt olmayacaq. Laçın yolu ilə bağlı da manevr imkanlarımız mövcuddur, hansı şərtlər daxilində bu yoldan daşınmanın mümkün olduğunu müəyyənləşdirməli və bəyan etməliyik ki, ermənilərin böyük dövlətlər və beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana mümkün təzyiqlərini heçə endirək. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bizi iki hədəfimizdən yayındırmamalıdır: 1. İki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsinə nail olmalıyıq; 2. Qarabağ separatçılarını tərksilah etməliyik".
Süleyman