Vətəndaş cəmiyyətlərinin hüquqi dövlət və demokratik cəmiyyətin qurulmasında rolu kifayət qədər yüksəkdir

İstiqamət:   Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Dövlət quruculuğunda ən böyük rollardan biri vətəndaş cəmiyyətinə aiddir. Demokratik cəmiyyətin formalaşmasında, ictimai maarifləndirmədə, müxtəlif dövlət əhəmiyyətli layihələrdə, qanunvericiliyin təşkilində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır. Vətəndaş cəmiyyəti özlüyündə çox geniş anlayışdır. Ümumi olaraq icmalar, qeyri-hökumət təşkilatları, təşəbbüs qruplarından formalaşan vətəndaş cəmiyyətlərinin aktiv fəaliyyəti dövlətin inkişafında, gücləndirilməsində çox vacib amildir.

Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar, həyata keçirilən siyasətdən danışan hüquqşünas Əli İbrahimov deyib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir:

"Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd, sözün əsl mənasında, ölkənin Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir".

Hüquqşünas deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti ilə paralel hüquqi dövlətin formalaşması prosesi də sürətləndi:

"Həmin dövrdən etibarən dövlətin müstəqilliyinə, demokratiyanın inkişafına, siyasi plüralizmə, siyasətdə və iqtisadiyyatda sərbəstliyə, insan azadlığının qorunmasına xüsusi önəm verildi. Azərbaycanda hüquqi dövlətin əsas təməl prinsipləri müəyyən edildi və siyasi, iqtisadi, mənəvi əsasları gerçəkləşdi. Qanunların aliliyi, vətəndaşların hüquq və azadlıqlarının reallığı dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi, qanunların yerinə yetirilməsinə səmərəli nəzarətin mövcudluğu prinsipləri həyata keçdi. Bu mənada Azərbaycanda hüquqi dövlət quruculuğunu təxmini olaraq, üç mərhələyə bölmək olar. Birinci dövr dövlət müstəqilliyini əldə etdikdən sonra yeni Konstitusiyanın qəbuluna qədərki zamanı əhatə edir. Bu dövrdə bir sıra yeni siyasi-hüquqi dəyərlər, prinsiplər, institutlar və mexanizmlər dövlət-hüquq sisteminə daxil oldu. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın hüquqi əsasları yaradıldı və fəaliyyətə başladı. İkinci mərhələ, yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanın Avropa Şurasına daxil olmasına qədərki dövrdür. Bu dövrdə konstitusiya nəzarəti orqanı, azad mətbuatın qanunvericilik bazası formalaşdırıldı. Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyalara qoşuldu. Milli qanunvericilik təkmilləşdirildi, yerli özünüidarənin hüquqi əsasları yaradıldı və ilk bələdiyyə seçkiləri keçirildi. Üçüncü dövr isə Azərbaycanın Avropa Şurasına daxil olmasından başlanır və indiyə kimi davam edir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində də birbaşa insan amili durur. Həyata keçirilən dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Cənab Prezidentin də dediyi kimi, "vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir".

Əli İbrahimovun sözlərinə görə, bu gün vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Azərbaycan modeli formalaşıb:

"Hüquqi dövlətin yaradılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti ilə əlaqələndirilir. Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının göstəricisidir. Sirr deyil ki, müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldi. Bütün bunlar kifayət qədər uğurlu nəticələrdir".

Hüquqşünas onu da diqqətə çatdırıb ki, vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyət olmaqla yanaşı qanunvericilik təşəbbüsü ilə də çıxış edə bilərlər:

"Bu baxımdan vətəndaş cəmiyyətlərinin hüquqi dövlət və demokratik cəmiyyətin qurulmasında rolu kifayət qədər yüksəkdir və onlara ehtiyac var. Göründüyü kimi, vətəndaş cəmiyyəti dövlətin əsas dayaqlarından biridir. Hüquqi dövlət, demokratik cəmiyyət quruculuğunda, o cümlədən maarifləndirmə və müxtəlif sahələrlə bağlı hesabatların hazırlanması, təkliflərin verilməsində vətəndaş cəmiyyəti dövlət üçün vacib dayaq hesab olunur".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın   İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31