İran Ermənistan üzərindən Azərbaycan ilə müharibə etmək istəyir- MÖVQE

Azər Qasımov: "Ermənistan son və qəti döyüşə öz ağlı ilə deyil, İran kimi ölkələrin məsləhətləri ilə hazırlaşır"

İran şər əməllərini davam etdirməkdədir. Bir tərəfdən regionda sülh və sabitliyin tərəfdarı olduğunu, Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyini ifadə edir, digər tərəfdən ölkəmizə qarşı məkirli planlarının icrasındadır. Ermənistana hər cür dəstək verməklə onu yenidən Azərbaycana qarşı körükləməyə çalışır. Eyni zamanda işğalçı ölkənin yaratdığı "humanitar yardım" şousunun da baş qəhrəmanları sırasında məhz İran yer alır.

Cənub qonşumuzun atdığı addımlarla bağlı fikirlərini bölüşən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyir ki, İran fars rejimi və onların idarə etdiyi dövlət  müsəlman dünyasında İslamla əlaqəli ölkə hesab olunduğu müddətcə müsəlman aləmi hüzur tapmayacaq. Onun sözlərinə görə, İran rejiminin müsəlmanlıqla əlaqəsi yoxdur:

"Müsəlman dünyasına aid olan bir-iki hadisəni əllərində rəhbər tutaraq bunun üzərindən oyunlar oynayan bu rejimin cəhalət və təxribat yaydığı hər kəsə bəllidir. Amma bunu məqsədli şəkildə edir, ilk növbədə İslamı nüfuzdan salmağa çalışırlar. İslam dininə qarşı nifrət yaratmaq, müsəlmanları dindən bezdirib iyrəndirməyə çalışırlar.

İran fars rejiminin yürütdüyü siyasət qondarma din anlayışı üzərindən İslamın mahiyyətini dəyişməkdir. Fars molla rejimi də bunun üçün hakimiyyətə gətirilib. Tarixə nəzər salaq. 27 yanvar 1979-cu il.

"İranlı generallar səni, İran xalqı da mənim sözümü eşidər. Əgər generallar üzərindəki gücünüzdən istifadə edib, yolumuzu açarsanız qısa zamanda ölkədə istiqrarı bərpa edər, Amerikanın maraqlarına zərər gəlməsinin qarşısını alaram". Ayətullah Xomeyninin Amerika Prezidenti Cimi Karterə Parisdən yazdığı rəsmi məktubdan. Bu məktubdan iki həftə sonra "Air Franse" təyyarəsinə qoyulan Xomeyni Tehranda yerə enir.

Göründüyü kimi açılan və üzərindən məxfilik qrifi götürülən sənədlər sübut edir ki, İran fars molla rejimi Amerikanın dəstəyi ilə hakimiyyətə gəlib və xüsusi məqsədlər güdülüb. Məsələ ondadır ki, İran coğrafiyası hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq mahiyyət etibarilə formalaşmış təfəkkürə sahibdirlər. Bu, fars şovinizminin təsiri ilə formalaşmış düşüncədir. Fars idarəçiliyi və onun insanlarda buraxdığı izlər tarixən farsların Sasani və Əhəməni imperiyalarının nostaljisi ilə formalaşıb. Sonrakı idarəçiliklər isə bu nostaljinin kölgəsində qalıb. Bu, indi də belədir. İranda hakimiyyətdə olan qüvvələr hər zaman İslamla mübarizə aparmaq vəzifəsi daşımışlar".

Azər Qasımov deyib ki, əslində İran şiəliyinın və Vatikan katolik ideologiyasının çox dərin ve tarixi köklərə əsaslanan oxşarlıqları var:

"XVI əsrlərin əvəlində Vatikan Osmanlı turklərinə qarşı bir ideologiya qurur və onun əsasında Səfəvilər dövlətinin yaradılmasina maddi və mənəvi dəstək olur. Sırf geosiyasət üzərindən qurulmuş və Osmanlı türklərinə qarşı işləyən bir cərəyan qurulub. Katolik kilsəsinin əsas prinsipləri və Iran şiəliyinin bazis prinsipləri eynidir. Katolik portalı Crux qeyd edir ki, İran şiələri onların tarixi muttəfiqləridir.

Katoliklərin və İran şiəliyinin eyni prinsipləri:

Birincisi, 12 apostol, 12 imam. İmamların masumiyət inancı Katolik kökənlidir.

İkincisi, İnsanla İlahinin arasında mütləq vasitəçi olmaq, bu həm katoliklərdə var, həm də İran şiəliyində (ağalar, ayəttulah və s).

Üçüncüsü, Əzadarlıq, özünə ziyan vurmaq həm katoliklərdə var, həm İran şiəliyində. Meksikada, Filippində, İspaniyada Aşura yuruşlərinə bənzər yürüşlər var.

Dördüncüsü, Katoliklərə görə İsa öldükdən sonra dirilib qeybə çəkilib, vaxtı çatanda qayıdacaq. İran şiəliyinə görə isə 12-ci imam qeybə çəkilib, vaxtı çatanda gələcək.

Beşincisi, İnsanların rəsmlərinin cəkilməsi həm katoliklərdə, həm İran şiəliyində var.

Altıncısı, Müqqədəs pirlər həm katoliklərdə, həm İran şiəliyində var. İnsanlara müqəddəslik adı verilməsi həm katoliklərdə, həm İran şiəliyində var (Tereza, Ət aga, seyidlər və s).

Yeddincisi, Bütün əzadarlıqların əsas təməlində katoliklərin həzrəti İsanın zülmlə öldürülməsinin, İran şiələrində həzrəti Huseynin öldürülməsinə həsr olunmüş mərasimlərin bənzərliyi və onların acılarını seremonyal təkrarlandırılmasından qaynaqlanır.

Nədən İran şiəliyi geyd olunur, cünki 1400 il əvvəlki şiəliyi və İran şiəliyinin cox böyük fərqləri var".

Politoloq deyib ki, bu məsələlərin geosiyasi tərəfinə baxanda ideologiyaların hardan yaradılmasına və hansı məqsədlər üçün yaradıldığının fərqində olursan: "Həm İran şiəliyi, həm də vəhabilik dövrün Avropaya böyük təhlükə olan Osmanlıya qarşı yaranmış bir cərəyanları idi. Əslində fanatizmi və ya hansısa bir ideologiyanı yayanlar cox güclü strateqlərdir, öz maraqları çərçivəsində kütləni koqnitiv texnalogiyalarla idarə etmək ücün bunu bir alət kimi istifadə edirlər. Fanatizmi ve radikalizmi mənimsəyənlər və öz həyat tərzinə çevirənlər, dərin düşünə bilməyən insanlar bu burulğana düşüb, özləri də dərk etmədən bu fanatizmi yayanların ipsiz kuklalarına çevirilir. Beləliklə, qlobal geostrateji oyunlar həmişə hansısa bir məqsədə işləyə bilən, ideoloji baxımdan vahid bir şəbəkənin əliynən aparılır. Göründüyü kimi İran molla rejimi də bu şəbəkənin bir alətidir". 

Azər Qasımov bildirib ki, İran rejiminin Ermənistan "sevgisi" də bununla əlaqədardır:

"İran fars rejimi hər addımda Ermənistana dəstək verməklə Ermənistanın regionda oynadığı destruktiv fəaliyyətinə şərik olur, beynəlxalq imperializmin tələblərini həyata keçirirlər. İran rejimi Azərbaycanın 44 günlük müharibə ilə əldə etdiyi qələbəni qəbul edə bilmir, bunu öz planlarına zərbə hesab edir. Azərbaycanın qələbəsi tək Ermənistan üzərində yox, həm region, həm də müsəlman dünyası üzərində İran kimi dövlətlərin əli ilə oynayan oyunçulara da zərbə oldu. Bu qələbə, eyni zamanda, uzun illərdən sonra müsəlman dünyasının xaçlı dünyası və onların əlaltıları üzərində böyük qələbəsi idi. Bu qələbəni gözləmirdilər. Qəhrəman Azərbaycan ordusunun əks-hücum ilə Şuşa şəhərini azad etməklə erməni ordusunu məğlub etməsi faktı ermənilər kimi, İran rejimi də daxil bütün bu qüvvələri çıxılmaz vəziyyətdə qoydu. İndinin özündə də baş verən hadisələr bu qüvvələrin vəziyyəti yenidən öz iradələrinə tabe etmək üçün atdığı addımlardır.

Ermənistanın silahlandırılmağa çalışılması və yeni qarşıdurma mühitinin formalaşdırılması bir daha onu göstərir ki, bu müharibə hələ bitməyib və son bir müharibə hələ irəlidədir. Bu müharibə isə artıq elə bir müharibə olacaqdır ki, tərəflərin bütün iddialarının dəqiqləşməsi ilə nəticələnəcək. Məsələ ondadır ki, Azərbaycanın bu qələbəsi istər İran, istərsə də onların arxasında dayanan qüvvələr üçün gözlənilməz oldu və onlar buna hazırlıqsız yaxalandılar. Təbii ki, bunun səbəbi öz güclərinə arxayın olmaları idi və məğlubiyyət onların ağlına da gəlməzdi. İndiki durum isə fərqlidir. Onlar qarşılarında dayanan qüvvələrin gücünə bələddirlər. Yeni müharibədə qələbə çalacaqlarına da əmin deyillər. Ona görə də çıxılmaz vəziyyətdədirlər. Özləri bilavasitə müharibəyə qatıla bilmirlər, çünki bunun nəticəsi tərəflərin hamısı üçün ağır ola bilər, ya da buna coğrafi baxımdan imkanları yoxdur. Bu durumda silah yardımı və siyasi dəstəkdən başqa əllərindən heç nə gəlmir. Amma müharibədə gözü qorxmuş, müqaviməti qırılmış erməniyə də yeni müharibə üçün vurğu etməyin təhlükəli olduğu hər kəsə bəllidir. Azərbaycan öz ordusunun gücünü elan etdiyi kimi müharibə dövründə olduğundan dəfələrlə çox artırıb və artırmaqda da davam edir. Azərbaycan öz gücünə arxayındır. Azərbaycan Prezidenti ordunun gücünə vurğu edəndə təbii ki, bunu Ermənistan üçün etmir, bunu Ermənistanın arxasında dayanaraq yeni müharibə planları cızan güclər üçün edir. Ermənistan hakimiyyəti reallıqları yaxşı başa düşür, amma erməni xislətindən də geri dura bilmir. Atəşkəsin pozulması, təxribatlar, 44 günlük müharibədən sonra baş verən kiçik, amma çoxlu itki ilə müşayət olunan müharibə göstərdi ki, Ermənistan hər oyuna gedə bilər. Hindistandan, Fransadan, İrandan alınan silahlar bəzək üçün alınmır. Görünən odur ki, Ermənistan son və qəti döyüşə öz ağlı ilə deyil, İran kimi ölkələrin məsləhətləri ilə hazırlaşır".

Politoloq deyib ki, İran Ermənistan üzərindən Azərbaycan ilə müharibə etmək istəyir: "Bu dəfə əldə olunacaq qələbə Ermənistanın havadarları üzərində olacaq. 44 günlük müharibə erməni toplumunun müqavimətini qırdısa, bu dəfəki qələbə regionda oyunlar oynayan qüvvələrin müqavimətini qıracaq. Bundan sonra regionda ya sülh olacaq, ya da Ermənistan və İran adlı dövlətin parçaları qalacaq. İran bacardığı qədər Ermənistana dəstək olmağa çalışacaq, istər silah, istərsə də hərbi qüvvə baxımından. Nəticə almaq baxımından bu qüvvələr heç nə əldə edə bilmıyəcəklərini yaxşı bilirlər, sadəcə, məsələ ondadır ki, Azərbaycanı müharibəyə cəlb etməklə zəiflətmək istəyirlər. Zəif Azərbaycan onların işinə yarayır. Müharibə şəraiti azad edilmiş ərazilərdəki görülən işləri ləngidir. Əhalinin geri qayıdışının qarşısını alır. Əhalidə ruh düşkünlüyü yaradır. Amma Azərbaycan dövləti və xalqı öz gücünə arxayındır. Artıq yüzlərlə ailələr doğma yürd-yuvalarına qayıdırlar. İşğaldan azad edilmiş ərazilər böyük tikinti meydanına çevrilib. Milyardlarla vəsait infrastruktur və yaşayış layihələrinə qoyulur və bu proses də artan xətt üzrə davam edir".

Yaxın və uzaq tarixə nəzər salan Azər Qasımov deyib ki, İran-Ermənistan münasibətləri tarixən yaxın olub:

"Bu, onların türk düşmənçiliyindən irəli gəlir. Ona görə də guya İranın hərdən Azərbaycanyönlü bəyanat verməsi və ya əks hərəkət etmədən passiv dayanması kimi bir şey yoxdur. Fars-molla rejimi gecə-gündüz Azərbaycan və Türkiyə əleyhinə iş aparır. Sakit kimi görünəndə də nələrsə planlaşdırırlar. Əvvəl sakit göründülər, indi erməniyə silah daşıyırlar, müharibə ilə hədələyirlər. İranın təxribat planları həmişə olub, indi də var. Azərbaycan dövləti də İranın təxribat planlarından xəbərdardır. Yeri gələndə İranın hər təxribatına lazımınca cavab verilir və veriləcəyinə də şübhə yoxdur.

İran rejimi nə qədər Azərbaycan əleyhinə fəaliyyət aparsa da, əslində, özündən qorxur. İran rejimi yaxşı başa düşür ki, Azərbaycan əleyhinə açıq fəaliyyət gec-tez onun özünə qarşı çevriləcək. Azərbaycan hələ ki, İranın daxili işlərinə qarışmır, amma İranın yarısının Azərbaycan türkləri olduğu gerçəyini xatırlatmağa da ehtiyac yoxdur. Azərbaycan istəyəcəyi halda İranın parçalanması prosesini başlamaq asan bir işdir. İranın fars molla rejiminin başına bombalar tökülməsinin Azərbaycan dəfələrlə qarşısını alıb. İsrail Azərbaycanın bir sözünə bənddir ki, İran rejiminin hərbi və kəşfiyyat obyektlərinin daşını daş üstündə qoymasın. Azərbaycan sadəcə buna öz ərazisindən istifadə etməsinə icazə vermir. İran da bundan nəticə çıxarmalıdır. Azərbaycanla düşmənçilik etmə səbəblərini bilirik, amma nə qədər ağılsız da olsalar, ilk növbədə öz təhlükəsizliklərini nəzərə almalıdırlar. Amerika belə İranla böyük sərhəddi olduğunu xatırladıb, Azərbaycana hərbi dəstəkdən danışır. Təbii ki, Amerika İranın parçalanmasını istəmir. Amerikanın dərdi rejimi təzyiq altında saxlamaqdır. Lazım gələndə rahat şəkildə istifadə edilməsi üçün. Ən yaxşı halda isə fars rejimini başqa fars rejimi ilə əvəz etmək. Azərbaycanın da bundan xəbəri var. Ona görə də İran məsələsində Azərbaycan Amerikadan kənarda dayanır. Amma günün birində İranın etdiyi bu qədər pislikləri fonunda Azərbaycan İran məsələsini öz gündəminə alarsa, vay onda İranın fars molla rejiminin halına".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31