Azərbaycan dövləti Böyük Qayıdış yolunda əməli addımlar atır
4 Avqust 2023 11:59 Siyasətİstiqamət: işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
Ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli dövlət siyasətinin prioritetlərindən hesab olunur. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda da ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir. Hazırda məcburi köçkünlərin işğaldan azad edilmış ərazilərdə məskunlaşdırılması məqsədi daşıyan "Böyük Qayıdış" proqramı uğurla icra olunmaqdadır. Məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı mühüm vəzifə kimi qarşıya qoyulub. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir. Məlumat üçün qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salınıb. Bu isə o deməkdir ki, daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayır. Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Xatırladaq ki, bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb.
Onu da qeyd edək ki, Laçına köc edən sakinlərin normal yaşamaları üçün lazım olan bütün infrastruktur yaradılıb. Xüsusən, əhalinin sosial və məşğulluq məsələlərini həlli ilə bağlı real işlər həyata keçirilib. Məlumat üçün qeyd edək ki, Laçın rayonu iqtisadi potensialına görə Azərbaycanda xüsusi seçilən bölgələrindəndir. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Odur ki, qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq. Bu isə o deməkdir ki, Laçına qayıdan sakinlərin məşğulluqla bağlı heç bir problemi olmayacaq. Xatırladaq ki, "Böyük Qayıdış" proqramı təkcə Laçın rayonunda icra olunmur. İşğaldan azad edilmiş rayonlarımıza qayıdış mərhələlərlə həllini tapır. Artıq Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində məcburi köçkünlər məskunlaşıblar. Qarşıda duran əsas məqsəd birinci mərhələdə 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır.
Siyasi şərhçi Nurlan Qələndərli qeyd edib ki, layiqli və dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün işlər uğurla - ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir: "Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir. Yol infrastrukturunun yaradılması - avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. "Ağıllı şəhər", "ağıllı kənd" layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Bu, həm də qabaqcıl təcrübənin tətbiqi deməkdir. Dünyada bu layihələrə daxil olan komponentlərə ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes, həmçinin ağıllı idarəçilik sistemi aiddir. Ağıllı idarəçilik sistemində əsas məqsəd vətəndaşın vaxtına qənaət, həmçinin hansısa süni əngəllərin meydana çıxmasının qarşısının alınması və əlçatanlığın tam təmin olunmasıdır. Bununla yanaşı, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarının tərkib hissələrindən biri "yaşıl zona"nın yaradılmasıdır. Burada alternativ enerji mənbələrindən geniş istifadə olunması nəzərdə tutulur. Təbii ki, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjilərindən istifadə edilməsi Azərbaycana yeni iqtisadi imkanlar qazandıracaq. Nəticə etibarilə, Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır. Böyük Qayıdış yolunda əmin addımlar atırıq. Bu isə tarixi Qələbənin prosesə çevrilməsi, milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir".
Təsadüfi deyil ki, iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı qeyd edib ki, Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur: "Biz 30-dan çox şəhər və kəndin Baş planını təsdiqlədik, bir çox kəndlərin təməli də qoyuldu və artıq bu rəqəmlər səsləndirilmişdir. Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. İndi biz, necə deyərlər, işin ibtidai mərhələsindəyik. Çünki layihələndirmə, tender prosedurları çox vaxt aparır. Biz istəyirik ki, hər şey qayda ilə, qanunla olsun, tam şəffaf olsun və bu da vaxt aparır. Əminəm ki, keçmiş köçkünlər bunu anlayışla qarşılayırlar. Amma təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Ümid edirəm ki, Şuşa şəhərinə gələn il ilk sakinlər gələcək, yerləşəcəklər. İndi siz də yəqin ki, bu gün hələ vaxtınız olmayıb, ya axşam, ya sabah gəzəcəksiniz, görəcəksiniz ki, bir neçə yerdə artıq inşaat layihələrinin, yəni, yaşayış binalarının tikintisi gedir.Təbii ki, minatəmizləmə prosesi ən böyük əngəldir. Çünki bu iki il yarım ərzində gördüyümüz işlər təkcə onu göstərmir ki, bizim maliyyə imkanlarımız var. Onu göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var. Bu miqyasda layihələri iki il yarım ərzində həyata keçirmək, məncə, heç kimin ağlına gəlməzdi. Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il yarım ərzində bu qədər genişmiqyaslı işlər görüləcək, özü də böyük ərazidə - 10 min kvadratkilometri əhatə edən ərazidə durmadan gecə-gündüz işlər gedir. Azərbaycan ictimaiyyəti də vaxtaşırı məlumatlandırılır, həm planlar haqqında, həm də görülmüş işlər haqqında. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınmışdır. Şəhərlərin bərpasının təməlqoyma mərasimini də mən keçmiş köçkünlərlə birlikdə həyata keçirmişəm. Yəni, biz çox istəyirik ki, otuz il ərzində mənəvi və fiziki əzablar çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunsunlar və buna doğru gedirik və gedəcəyik".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir