Azərbaycan sülh naminə bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir

Ermənistanın sülh prosesini uzatması region üçün yaxşı heç nə vəd etmir

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də "Euronews" telekanalına verdiyi müsahibədə bir sıra mühüm siyasi proseslərlə bağlı mövqeyini açıqlayıb və Azərbaycan-Ermənistan, Qarabağ məsələsinin həllində son vəziyyət və perspektivləri ilə bağlı sualları cavablandırıb. Milli Məclis sədrinin birinci müavini, Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dövlətimizin başçısı bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanat sülh razılaşması deyil, əslində, Ermənistanın kapitulyasiya aktıdır: "Bununla belə, düşünürəm ki, üçtərəfli Moskva Bəyannaməsini aralıq sənədi kimi sülhə doğru ilk ciddi addım hesab etmək olar. Çünki məhz bundan sonra  Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə yol açılmış oldu. Prezident İlham Əliyev sülhyaratma prosesində vasitəçilik missiyasına qoşulan bütün platformaları məqbul hesab etdiyini bildirmişdir: "Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir... Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir...  Nəticəyə gəlmək vacibdir. Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik". Lakin bununla yanaşı Prezident İlham Əliyev Rusiyanın bu məsələdə önəmini diqqətə çatdırdı: "Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya-Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular". Məlum olduğu kimi, ötən ilin fevral ayında "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" imzalanmış Bəyannamə iki ölkə arasında münasibətləri yeni, daha yüksək səviyyəyə qaldırmaqdadır. Dövlətimizin başçısı artıq bu müstəvidə Rusiya ilə Azərbaycan qarşılıqlı münasibətlərimiz tarazlaşdırıldığını bəyan edərək demişdir: "...Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var".

Onun sözlərinə görə, müsahibədə Laşın sərhəd buraxılış məntəqəsi ilə bağlı beynəlxalq səviyyədə yaranmış ajiotaja da aydınlıq gətirilmişdir. Ermənistanla olan sərhəddə sərbəst hərəkət üçün normal şəraitin yaradıldığını, lakin buna baxmayaraq hətta qaçaqmalçılıqla müşaiyət olunan Qırmızı Xaç Komitəsinin qanunsuz əməllərinin aşkar olunduğunu qeyd edən Prezident İlham Əliyev sərhəd-keçid məntəqəsinin qurulmasını Azərbaycanın legitim hüququ olduğunu diqqətə çatdırmışdır: "...Bu hüquq heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib". Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində rəsmi Bakının beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan mövqeyini açıqlayarkən sülhün əsas şərti kimi Ermənistan tərəfindən konstruktiv yanaşmanın zəruriliyini önə çəkilmişdir. "...Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq... Ermənistan hökumətinin iki seçimi var. Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik". Bununla da dövlətimizin başçısı dinc yolla sülhə nail olmaq üçün imkanların tükənmədiyinə ümidini ifadə etmişdir: "Preziden İlham Əliyev bir daha Qarabağda yaşayan ermənilərə xitabən onların da digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim hüququnq malik olduqlarını xatırlatmışdır. "Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar".

Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qeyd edib ki, Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Bu baxımdan Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsünü dəstəkləməlidir. Azərbaycan Prezidenti İlham Əliyev nüfuzlu "Euronews" telekanalına müsahibəsində regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslər haqqında fikirlərini ətraflı şəkildə ifadə etdi. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Lakin bu gün sülhə əngəl olan məhz Ermənistandır. Baxmayaraq ki, işğalçı ölkə 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb, amma hələ də üçtərəfli Bəyanatın müddəalarını tam yerinə yetirmir. Belə ki, bu ölkə hələ də Qarabağ ərazisindən qanunsuz silahlı dəstələrini çıxarmayıb, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması öhdəliyinə əməl etmir. Bütün bunlar isə regionda vəziyyəti mürəkkəbləşdirir. Nəzərə almaq lazımdır ki, sülh sazişinin prinsiplərini müəyyən edən məhz Azərbaycandır. Bu prinsiplər ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn məlum prinsipləridir. Deputatın sözlərinə görə, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir. Avropa İttifaqı, ABŞ və Rusiya bu prosesdə vasitəçilik edir. Azərbaycan sülh naminə bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Əgər bu təşəbbüslər sülhə xidmət edirsə, nəticə olmalıdır. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib. Azərbaycan normallaşma prosesində Avropa İttifaqı da daxil olmaqla, digər tərəflərin vasitəçiliyini müsbət dəyərləndirir: "Müsahibədə real prosesləri diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğuladı ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdır. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri öz seçimlərini etməlidirlər. Ermənistanın sülh prosesini uzatması region üçün yaxşı heç nə vəd etmir. Ona görə də rəsmi İrəvan sülhə gəlməyin nə qədər zəruri olduğunu anlamalıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31