“Azərbaycanın sakral coğrafiyası” silsiləsindən

                                               Qismət Yunusoğlu,

                                        Bakı Dövlət Universitetinin müəllimi 

Dağlıq Şirvanda Dağ Tatlarının dini-irfani ocaqları...

(XXIX yazı)

Pir Seyid/Pirsaatçay hövzəsinin yuxarı axarlarında, İsmayıllı, Quba və  Şamaxı nahiyələrinin bir sıra kəndlərində (Ximran, Əhən, Qoydan, Dərk, Talış, Utuq, Cimi, Xaşı, Zarat (Səfalı), Zarat-Xeybəri, Ərçiman, Dəmirçi...)  məskunlaşmış Dağ Tatları kökənli Oğuz/Türk-Müsəlman ailəsinin dini- ruhani və irfani-fəlsəfi dəyərləri ilə doğmalıqla (qan-din birliyi ilə) bulunduqları kimi, həm də Bütöv Azərbaycanın dini-sakral  mədəniyyətinin zəngin tarixi-coğrafi səhifəsinin yazısına, əski keçmişinə  çevrilmişdir. Bu baxımdan Dağ Tatlarının dini-sakral maddi-irs abidələri, ruhsal ocaqları və İlahi-fəlsəfi dünyagörüşləri həm də Dağlıq Şirvanın tarixi İrfani zənginliyini təmin etmişdir...

Dağlıq Şirvanın dini-ibadət ocaqları sırasında Baba dağı (3632 m yüksəklikdə) İlahi Haqqa ucalan dualara açıq Qapıdır, bəmbəyaz Nura, pak daimi qar örtüyünə bürünmüş bu İrfani-Ruhani məkanın ÜmumTürk-Müsəlman ziyarətgahına çevrilməsi tarixi mistik kerçəkliyin ünvanı kimi dünyaca yaşa malikdir, dağlıq və aran Şirvan bölgələrinin İmanlı kəsiminin -Baba haqqı! Qarlı Baba özü kömək olsun! Qarlı ocaq Yiyəsinə and olsun!-zikrlərinin-andlarının yaşı qədər, ömrü qədər, dəyəri qədər...

Şirvan bölgəsi möminlərinin  inancına və imanına görə yeddi dəfə Baba ziyarətgahında olmaq  müqəddəs Kəbədə haqqın dərgahında namaz qılmağa bərabər tutulur...bu dini "hökm" el arasında belə qəbul olunub.

Bu müqəddəsliyin qovuşuğunda-Dəmirçi, Zarat (Səfalı), Zarat-Xeybəri, Ərçiman...kəndlərində yaşayan Dağ Tatlarının  dini-sakral ocaqları da tarixən irfani-ruhani dəyərlərə malik olmuşdur.

Dağ Tatlarının dini-irfani təlimində qonşu Avaxıl kəndinin Sufilər məktəbinin ruhani-fəlsəfi təlim Ustadlarının-Şeyxlərinin, "Əfəndilər məktəbi"nin, Hacı Seyid əfəndi, Seyid Baba əfəndi, Ələddin Hacı Seyid əfəndi oğlu (1867-1943), Xudabəndi Hacı Seyid əfəndi oğlu (1870-1937)...kimi "Qurani-Kərim" əhlinin  əməyi və əlaqələri aparıcı qüvvə idi.

Hacı Seyid əfəndi Zarat-Xeybəri kəndinin irfan-ruh sahibi Cəbrayıl Hacıbəy oğlunun (1846-1918, xoş avazla "Qurani-Kərimi" oxuyardı, qardaşı İsmayıl da) ilə sıx, səmimi dostluğu olub, dini-fəlsəfi mükalimələri nümunəvi irfani məktəb olub, öyrənənləri də çox idi. Onlar haqqında yada düşən xatirələrin özü də bir nəsihət-hikmət, ibrət-göstərmə nümunəsidr:

-Orucluq vaxtı imiş. Cəbrayıl babanın xəstələndiyini eşidən Hacı Seyid əfəndi onu yoluxmağa gəlir. İsmayıl Hacıbəy oğlu da (1880-19180 görüş məclisində iştirak edirmiş. İftar duasında İsmayıl əfəndinin Haqqdan diləyi olur:

-Ya Rəbbim, məni Cəbrayılın ölümündən 5 dəqiqə əvvəl canımı al, Onun müsibətini mənə göstərmə!

Şərbətlə orucunu (iftarını) açan İsmayıl əfəndi gözlərini əbədi yumur, Hacı Seyid əfəndi onun gözünü sığallayır, çənəsini bağlayır... beş dəqiqədən sonra Cəbrayıl baba Haqq dünyasına qovuşur...

Zarat-Xeybəri kənd qəbirstanlığında dəfndən sonra 40 gün yas mərasimini Hacı Seyid əfəndi aparıb.

Kəndin Yuxarı məhəlləsindəki məscid (10 m x 15 m, hündürlüyü 5-6 m)  bir otaqdan ibarətdir, yerli çaydaşlarından tikilib, üstü palıd taxtalarından döşənib, icəridə 3 və 4 ağac dirək qoyulub, günbatan tərəfdə giriş qarısı taxtadandır. Bu məscidin əvvəlki axundları Xanbaba İsa oğlu (1862-1965), Məmmədağa Xanbaba oğlu (1912-1998) Zarat (Səfalı) kəndində molla Ağadan dərs alıblar, indi isə "Hafizi-Quran" Əflan Heybət oğlu (1963) dini mərasimləri layiqincə idarə edir.

"Dərə Qir"/"Pirli Dərə" çılpaq qobu vadisi Zarat-Xeybəri kəndinin qərb hissəsində, 4-5 km məsafədə, ziyarətlər ocağı yerləşən qayalı-daşlı dağdan başlayan lilli çayın yatağını  əhatə edir. Dərənin sağ qolu üstündə, "Turşu bulağı" ətrafında qədim Əngəxaran kəndinin qəbirstanlıqları qalmaqdadır.

Zarat-Xeybəri kəndinin əski məscidi "Məscidli yaylağı" yerində olub, kənddən 25 km qərbə tərəf aralıda, çılpaq dağətəyi ərazidə (İsmayıllı və Quba nahiyələri ilə qovuşuqda), namazgah yeri indi də bəllidir.

Zarat-Xeybəri kəndinin şimal-qərbində, 12 km aralıdakı Gülümdostu dağnın quzeyində "Hacı Qənbər baba ocağı" Oğuzşayın/Qozluçayın sağ yatağı üstündəki, Pir Minə meşəsində "Nərəgələ yaylağı"ndadır (bu yaylaqda Ocaq yiyəsinin qardaşı Hacı Qəhrəman babanın nəvəsi Hacı Ağasayıl həm də Ocağın qoruyucusu olub).

Hövzənin Pir Minə meşəsi, Süleyman yurdu ("Böyük İpək yolu" buradan keçir), Gümüşlü yatağı...əhatəsində dini-sakral, irfani-inanc ocaqlarından "Alaçıq baba", "Dalaq piri", Əşrəf baba ocağı, "Yeddi qardaş piri"... bölgənin ziyarət edilən müqəddəs yerləridir. Təbii ki, bu ocaqların ətrafı  da bərəkət (qoyun sürüləri) saxlanılan obalardır.

Sinədül meşəsi Zarat-Xeybəri kəndinin şimal hissəsində, kəndin adını daşıyan çayın hövzəsində "Göz piri" göz xəstəliklərindən ümid umanlarının ziyarət yeridir. Həmin istiqamətdəki (500 m aralıda) "Mingeyin bəndi"ndə (yaylağın şərq yamacında) oxşarı olan və daşa dönmüş çoban, gəlin və uşaqları, dəvə, qoyunlar, ocaq...barədə dəyərli bir əfsanəni kənd sakinləri Zibəxanım Ağadadaş qızı (1878-1970), Səltənət Yəhya qızı (1879-1967)-söyləmişlər ki, guya "gəlin uşağın yaynını bərəkətlə sildiyindən hamısı daşa dönmüşdür"...

Pir-Seyid/Pirsaat çayının boğazında, çayın sol sahilində yerləşən Zarat (Səfalı) kəndinin dini-tarixi maddi irsi olan Cümə məscidi hicri tarixi ilə 1339-cü ildə çaydaşlarından və palıd ağacından tikilib-miladi tarixlə 1921-ci ildə, 1923-cü ildə isə istifadəyə verilib.

Lahic ustalarının əlindən çıxan hörgü daşlarında ərəb əlifbası ilə dini kəlamlar yazılmışdır. Dördbucaqlı formada (eni və uzunluğu 15 m, hündürlüyü 10 m, içəridə hündürlüyü 7-8 m-ə çatan 4 dirək qoyulub) olan məscidin tikintisində deyilənə görə 1 milyon ədədə qədər yumurta işlədilib, divarının qalınlığı 80 sm-dir, qapısı qərb tərəfdə, şərq hissədə isə 3 pəncərəsi var. İlkin tikintidə gümbəz qoyulsa da, sonra dağılıb və yox olmuşdur.

Dini təhsilini Xasavyurd şəhərində alan molla Ağa baba (1855-1943) həm də Dəmirçi, Zarat-Xeybəri, Ərçiman kəndlərinin dini rəhbəri olmuşdur. Onun mədrəsə yoldaşı Şaban Süleyman oğlu, tələbəsi Axundəli Yəhya oğlu (1893-1973) da bu kəndlər, eləcə də Şamaxı şəhərində, Qobustanda dini-fəlsəfi təlimlərin yayılmasında el hörməti qazanmışlar.

Axundəli əfəndi həmişə "Qurani-Kərimi" təvsir edərdi, "Azan" oxuyardı "Zəmin-xarə" üstündə və camaatı dinə, irfani əməllərə çağırardı...

Zarat (Səfalı) kəndinin Orta məhələsindəki Cümə məscidinin günbatan divarının alt qatında daşların arasına hörülmüş aypara təsvirli, yazılı çuqun-metal dini möhür lövhə təqribən 2003-2005-ci illərdə qoparılaraq oğurlanmışdır.

Yaxınlıqdakı  Zarat-Xeybəri və Dəmirçi kəndlərində  də eyni üslubda dini-irfani ocaqlar inşa edilmişdir.

Bu kənddəki məscidin möminlərin üzünə açılış mərasimində Şamaxı Cümə məscidinin axundu Hacı Məcid əfəndi də iştirak edib.

Sonuncu dəfə isə 2017-ci ilin yayında təmir edilib.

Müqəddəs Babadağ zirvəsi və Pir Seyid/Pirsaat çayı hövzəsinə bitişik olan sal qayalardan "yoğrulmuş" Qaraqayanın Avazol dərəsi "Məscidli yaylağı" (Məscidli çayı ətrafında, burada yurd yerləri, qədim qəbir daşları da vardır) hüdudlarındadır. Dini-ruhani mərasimlərə çağırış, Cümə ibadətlərinə səsləyən Azanın dərə boyunca ucalması ruhsal duyğulu bu məkanın adında yaşamışdır. Ümumiyyətlə, Zarat-Xeybəri kəndinin əkin-biçin yerlərinin, tərəkəmə obalarının yayılması coğrafi məna baxımından irfani məzmun kəsb etməsi tarixi-dini kimliyini bir daha təsdiq edən amildir.

Zarat (Səfalı) kəndinin gündoğanında, 2 km aralıda, Ərçiman kəndi istiqamətində "Siyamərdi yaylağı"nda "Baba Səfər piri" ziyarət-ibadət ocağıdır. Dağ Tatlarının dini-irfani inanıcına görə əslən Zarat-Xeybəri kəndindən ruhani-təriqqət sahibi olan  3 qardaş-Baba Səfər, Pir Ədil Baba və Pir Həsən Baba ("Gəlin bulağı" üstündə) müqəddəs ruh yiyələri kimi uyuduqları məzarların  üzərində gümbəz tikilmiş, ətrafında qəbirlər salınmışdır. Cır alça, ziriş, itburnu kolları ilə örtülü "Pir dərəsi"nin bəri üzündə Baba Səfər ocağı ("Pir Seyid baba") ziyarətgah-ibadətgah yeridir, dərənin o biri üzündə torpaqa batmış çoxlu qədim qəbir daşları yayılıb. Pir Seyid/Pirsaat çayının sol sahilində, təqribən 50 m aralıda dualara açıq olan, üstündə qurbanlar kəsilən bu ocağın-qəbirin üzərində dördkünc üslubda, ölçüsü 3-4 m, hündürlüyü 3 m olan gümbəz tikilmişdir-2000-ci ilin əvvəlində, Ərçiman kənd sakini Əsgər Şahsuvar oğlu tərəfindən.

"Baba Səfər ocağı" ilə üzbəüz səmtdə, müqəddəs adlı çayın sağ hissəsində, 1 km aralıda açıq, hamar-"Bölük yeri"ndə isə digər bir sakral, ziyarətgah-ibadətgah vardır- eyni adlı "Bölük piri", onun da üzərində gümbəz inşa edilmişdir, ətrafında çoxlu sayda qəbir daşları vardır.

Kəndin cənub hissəsi Pir Seyid/Pirsaat çayının sağ sahili ilə, dağətəyi yamac boyunca qaratikan kolları ilə örtülü "Qarlı Baba yolu", Pir Hadır ocağı...ilə üzbəüzdür. İrfan və ibadətgah məkanı kimi el arasında müqəddəs sayılan bu ərazilərdə əski qəbirstanlıq  bərəkətli "Beynəlxalq İpək yolu" ilə kəsişən yerdədir.

Sakral-fəlsəfi dünyagörüşü və tarixi-coğrafi keçmişinin  maddi mədəniyyət irsi kimi  Dağ Tatlarının dini-irfani təfəkkürü Türk-Müsəlman bütövlüyünün tərkib hissəsi kimi zəngin elmi-nəzəri və dünyəvi məzmuna malikdir. Dağ Tatlarının dini təfəkküründə təşəkkül tapmış irfani dəyərlərinin ifadəsi ilk növbədə:

-tarixi-coğrafi məkanların dini məzmunu ilə sıx bağlıdır;

-dini ocaqların yayıldığı ərazilər bərəkətli əkin sahələri və tərəkəmə obaları ilə səciyyələnir;

-hövzənin dini-ruhani ocaqları Pir Seyid/Pirsaat çayının yuxarı-boğaz hissəsinin yaşayış məntəqələrini bütünlüklə 

əhatələyir;

-ömürləri boyunca təriqət hökmlərinə sadiq qaldıqlarından Haqqın hökmünü əziz tutmalarına səbəb olub.

Böyük Qafqazın cənub yamacının müqəddəs İbadətgahı olan Baba dağı və Pir Seyid/Pirsaat hövzəsinin dini-sakral irsini qoruyub saxlayan Dağ Tatlarının irfani-fəlsəfi dünyagörüşü digər obalarda tarixi dəyərləri ilə fərqlənir...

(ardı var)

(Yazının hazırlanmasında həm də Şamaxı rayonunun Zarat-Xeybəri kənd sakini Güləhməd Heybət oğlu Hacıyevin (1953), Zarat (Səfalı) kənd sakinləri Rəmzi Səid oğlu Yəhyayevin (1958) və Qılman Ağacan oğlu Bayramovun (1975) məlumatlarından istifadə olunub).

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31