Ermənistan Cənubi Qafqazın ekologiyasına ciddi təhlükələr yaradır - ÖZƏL

"Ermənistan Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ekologiyasına ciddi təhlükələr yaradır". 

Bunu Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

"Bir müddət öncə erməni mediasıdan Ermənistanın sərhədyanı bölgədə, Arazdəyəndə ABŞ şirkəti ilə birgə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməsinə dair məlumat yayıldı. Buna Azərbaycanın dövlət qurumları və vətəndaş cəmiyyəti institutları etiraz səsini ucaltdı. Çünki Ermənistan bu zavodu inşa etməklə beynəlxalq konvensiyaları kobud şəkildə pozur.
Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı imzalayan dövlətlərdir. Espo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Tikinti ilə bağlı qiymətləndirmə sənədi Azərbaycanın müvafiq qurumları, ekoloji fəallar tərəfindən rayona yaxın ərazidə yaşayan qonşu azərbaycanlıların rəyi nəzərə alınmaqla nəzərdən keçirilməlidir.
Lakin sonra bu yöndə araşdırmalar aparıldı. Məlum oldu ki, Ermənistanın ətraf mühiti mənfi təsir edən müəssisə tək Arazdəyəndə inşa edilən zavod deyil.  Bütövlükdə Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ətrafa mühitinə, su resurslarına qarşı ekoloji təhlükə yaradır.
Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı, Qafandakı dağ-mədən kombinatı xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir.
Əkərək Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. Göyçə vilayətindəki ildə təxminən 10.000 unsiya qızıl hasil edən Daşdəm Qızıl Mədəni yerli su təchizatını aramsız şəkildə çirkləndirir. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını da zəhərləyir. Bərgüşad çayı Araza tökülür.
Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir. Mədənin çirkab suları yaxınlıqdakı Tona çayını çirkləndirir. Həmin çay Kür çayına tökülür.
Dünyanın ən böyük manqan zavodlarından biri olan Qafan Manqan Zavodu Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir.
Göründüyü kimi Ermənistanın dağ-mədən sənayesinin tullantıları birbaşa və dolayısı ilə Azərbaycanın əsas içməli su qaynağı olan çaylarını çirkləndirir. Bu tullantılar çayların flora və faunasını məhv edir. Bu azmış kimi çay kənarında yaşayan əhalinin sağlamlığına ciddi təhdid yaradır. Bu sənaye tullantıları həmçinin insanlarda müxtəlif mədə-bağırsaq, dəri, nevroloji və tənəffüs sistemi xəstəliklərinin, o cümlədən sağalmaz xərçəngin yaranmasına səbəb olur.
Bununla bağlı Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları, QHT-lər dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etmişik. Müraciətdə Ermənistanın beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozduğu, bu ölkənin dağ-mədən sənayesində aparılan işlərin ciddi regional və qlobal ekoloji böhrana yol açdığı bildirilir. Vəziyyət həqiqətən də kritik həddə çatıb. Ermənistana beynəlxalq öhdəliklərə əməl etmir.
Rəsmi İrəvan Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlərin, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatlarının üzünə açmalıdır.
Əgər Ermənistan beynəlxalq konvensiyaları pozaraq ağır metallurgiya zavodlarını sərhədimizin 500 metrliyində yerləşirsə, o zavoddan ağır sənaye tullantıları  transərhəd çaylarına axıdılacaqsa, bu bizim məsələmizdir.
Ermənistanın qanunsuz hərəkətləri ciddi narahatlıq doğurur.
Onsuz da Ermənistan Qarabağ və Şərqi Zəngəzur torpaqlarını minalarla çirkləndirib. Ərazilərimizə 1 milyona yaxın mina basdırılıb. Minaların təmizlənməsi bahalı və çox zəhmət tələb edən, olduqca riskli bir prosesdir. Bu azmış kimi Ermənistanın dağ-mədən sənayesi Qarabağ və Şərqi Zəngəzurun ekologiyasına ciddi təhdid yaradır.
İşğal dönəmində 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib.
Bütün bunların sübutları var. Biz QHT təmsilçiləri olaraq Ermənistana, beynəlalq təşkilatlara müraciət etmişik. Ancaq Ermənistana təsir gücünə malik olar beynəlxalq qurumlara müraciət  etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31